“Rusiya-Azərbaycan dialoqu-2012” forumunun
iştirakçılarının şərəfinə qəbul
təşkil edilmişdir
İyunun 28-də Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarının şərəfinə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının adından "Yaxt-klub" restoran kompleksində qəbul təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz MEHDİYEV növbəti Rusiya-Azərbaycan regionlararası forumunun işgüzar və konstruktiv şəraitdə keçdiyini demişdir. Forumun plenar iclasında və "dəyirmi masa"larında məzmunlu məruzələr dinlənilmiş, maraqlı ideyalar səslənmiş, faydalı dialoq aparılmışdır.
Bu forumun ikitərəfli əməkdaşlığın ümdə məsələlərinin müzakirəsi üçün səmərəli tribuna olduğunu vurğulayan akademik Ramiz Mehdiyev bildirmişdir ki, bu tədbir maraqlarımızın ümumiliyinin, problemlərə baxışlarımızın oxşarlığını nümayiş etdirdi. Bu da qanunauyğundur, çünki ölkələrimiz arasında münasibətlərin sabitləşmiş tarixi kökləri vardır.
Prezident Administrasiyasının rəhbəri demişdir: "Azərbaycan-Rusiya münasibətləri əsrlər boyu dinc və mehriban qonşuluq xarakteri daşımış, təxminən iki yüz il müddətində isə biz vahid dövlətin tərkibində olmuşuq. Müstəqil Azərbaycanın təşəkkülü dövründə biz xalqlarımızı birləşdirən bütün dəyərləri nəinki qoruyub saxlamağa, hətta onları artırmağa nail olmuşuq. Bu gün Azərbaycan-Rusiya münasibətləri suveren bərabərlik, qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir".
Azərbaycan ilə Rusiyanın regionları arasında birbaşa qarşılıqlı münasibətlərin müasir həyatın normal hadisəsinə çevrildiyini qeyd edən Ramiz Mehdiyev diqqətə çatdırmışdır ki, bu əlaqələr hər iki ölkənin iqtisadiyyatının inkişafına və əhalinin rifahının yüksəlməsinə şərait yaradır. Bu münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulmuşdur. Sevindirici haldır ki, ölkələrimizin prezidentləri Vladimir Putinin və İlham Əliyevin münasibətləri də səmimilik və qarşılıqlı hörmət nümunəsidir.
Akademik Ramiz Mehdiyev forumun əhəmiyyətini bir daha vurğulayaraq qonaqlara tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirmişdir.
Sonra Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir ÇERNOV çıxış edərək dedi: "Mən bu gün keçirilmiş forumun nəticələrinə indicə verilmiş yüksək qiymətə tamamilə şərik olduğumu bildirirəm. Aparılmış işin nəticələrini bundan daha tam və dəqiq qiymətləndirmək çətindir".
Azərbaycan Prezidenti Administrasiyasına bu forumun keçirilməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirən Vladimir Çernov demişdir ki, bu, bizim birgə işimiz, birgə tədbirimizdir. Buna görə də Sizin dediklərinizə şərik olaraq forumumuzun işinə xeyirdua vermiş prezidentlərimiz İlham Əliyevə və Vladimir Putinə minnətdarlığımı bildirirəm.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Azərbaycan.- 2012.- 29 iyun.- S. 4.