Əli HƏSƏNOV: Azərbaycan ilə Rusiya arasındakı əlaqələr xalqlarımızın maraqlarına cavab verir

 

 Üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun əsas məqsədi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin regional aspektlərini müzakirə etmək və bu sahədə mövcud vəziyyəti dəyərləndirmək, gələcək prioritet istiqamətləri müəyyənləşdirməkdir.

AzərTAc xəbər verir ki, bu sözləri iyunun 28-də Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində demişdir.

Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, forumda Rusiya və Azərbaycanı təmsil edən 300-dən çox nümayəndə iki ölkə arasında regional əməkdaşlığın bütün sahələri - iqtisadi, siyasi, sosial, mədəni, gənclərarası dialoq, humanitar əməkdaşlıq və digər istiqamətlər üzrə mövcud əlaqələri, perspektivləri geniş şəkildə müzakirə etmişlər.

Hər iki ölkənin dövlət başçılarının forumda müzakirə olunacaq məsələlərlə bağlı fikirlərinin açıqlandığını vurğulayan Əli Həsənov bu fikirlər ətrafında müzakirələrin davam etdiriləcəyini bildirmişdir. Rusiya Azərbaycan üçün strateji tərəfdaş ölkədir. Rusiya postsovet məkanının ən böyük ölkəsidir. Azərbaycanın bu ölkə ilə münasibətlərinin mühüm əhəmiyyəti vardır. Rusiyada böyük Azərbaycan diasporu fəaliyyət göstərir və onların nümayəndələri bugünkü tədbirdə təmsil olunmuşlar.

Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin xalqlarımızın maraqlarına cavab verdiyini vurğulayan Əli Həsənov demişdir ki, bu kurs Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən müəyyən olunmuş, strateji tərəfdaşlıq istiqamətində davam etdirilmişbundan sonra da davam etdiriləcəkdir.

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 5.