Üçüncü Rusiya-Azərbaycan regionlararası forumun nəticələri müzakirə olunmuşyekun bəyannaməsi qəbul edilmişdir

 

 "Rusiya-Azərbaycan dialoqu-2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumun nəticələri müzakirə olunmuşyekun bəyannaməsi qəbul edilmişdir.

AzərTAc xəbər verir ki, bəyannamədə forum iştirakçılarının regional əməkdaşlığın durmadan inkişaf etməsinin Rusiya və Azərbaycan xalqlarının həqiqi maraqlarına cavab verəcəyinə, onların arasında etimadın möhkəmlənəcəyinə və əlaqələrin daha da intensivləşəcəyinə xidmət edəcəyinə əminliyi bildirilir. Bəyannamədə deyilir: "Forum iştirakçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının subyektləri arasında əlaqələrin səmərəsinin artırılması yolu ilə Rusiya-Azərbaycan dialoqunun inkişaf etdirilməsinə töhfə verməyə hazır olduqlarını təsdiq etmişlər".

Tərəflər qarşılıqlı faydalı ticarətin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılmasını, istehsal kompleksinə investisiyaların artırılmasını, nəqliyyat kommunikasiyaları və rabitə sahəsində infrastrukturun yaxşılaşdırılmasını, maliyyə və digər sahələrdə əməkdaşlığı ikitərəfli əlaqələrin prioritetləri hesab edirlər.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov forumun yekunlarından bəhs edərək bugünkü tədbirin işinin səmərəli olduğunu qeyd etmişdir. Əli Həsənov demişdir: "Azərbaycan və Rusiya öz xalqlarının iradəsinə güvənərək strateji əlaqələr yaratmışlar və bu əlaqələrin inkişaf etdirilməsi üçün tədbirlər görürlər. Azərbaycan tərəfi bugünkü forumun nəticələrindən razıdır. Bu forumda səslənmiş təkliflər nəzərə alınacaq və ümumiləşdiriləcəkdir".

Əli Həsənov Azərbaycan Respublikası Prezidenti Administrasiyası adından Rusiya nümayəndə heyətinə səmərəli və dinamik işinə görə minnətdarlığını bildirmişdir.

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov qeyd etmişdir ki, bu cür forumlar müzakirələr üçün perspektivli məkandır. O, forumun iştirakçılarına Rusiya və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi üzrə gələcək işlərində uğurlar arzulamışdır.

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 5.