AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Gürcüstan Universiteti arasında memorandum imzalanmışdır

 

 İyunun 28-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda tanınmış türkoloq alim, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin anası, Gürcüstan Universitetinin Himayədarlar Şurasının sədri, professor Giuli Alasaniya və tanınmış Liviya ictimai xadimi və alimi, doktor Fəridə Alaki ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, Şərqşünaslıq İnstitutunun direktoru,  Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq və mehriban qonşuluq əlaqələrindən danışmışdır. Qonaqlara institut barədə ətraflı məlumat verən G.Baxşəliyeva burada aparılan əhəmiyyətli elmi-tədqiqatlardan, xüsusən də türkologiya və ərəbşünaslıq sahəsində görülən işlərdən, çap olunan yüzlərlə kitabdan söz açmışdır.  İnstitutun direktoru iki ölkə arasındakı elmi əlaqələrdən, Gürcüstanda müdafiə etmiş şərqşünas alimlərimizdən bəhs etmişdir.

G.Alasaniya Gürcüstandakı elmin hazırkı vəziyyəti və əldə edilən nailiyyətlərdən, o cümlədən şərqşünaslıq sahəsində görülən işlərdən söz açmışdır. Bakıya ilk dəfə ötən əsrin 70-ci illərində  gəldiyini söyləyən gürcüstanlı qonaq Şərqşünaslıq İnstitutu ilə əlaqələrindən, buradakı alimlərin əsərlərindən faydalandığından danışmışdır.

G.Alasaniya hazırda Gürcüstanda 70-ə yaxın ali məktəbin fəaliyyət göstərdiyini, onlarda geniş elmi-tədqiqat işlərinin  aparıldığını bildirmişdir. O, iki ölkənin akademik institutları və ali təhsil müəssisələri arasında əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğulamışdır.

Təhsilin və elmin hər bir xalqın gələcəyində mühüm rol oynadığını  qeyd edən  liviyalı alim Fəridə Alaki ölkəsində son zamanlar baş verən hadisələrdən,  demokratik inkişafa doğru atılan addımlardan danışmışdır.

Tədbirdə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə özəl Gürcüstan Universiteti arasında memorandum imzalanmışdır. Sənədi G.Baxşəliyeva və G.Alasaniya imzalamışlar.

Sonda G.Alasaniya şərqşünas həmkarları ilə görüşdən məmnunluğunu ifadə etmiş, onlara təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 6.