Azərbaycan - 2020: gələcəyə baxış İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu mövzusunda dəyirmi masa keçirilmişdir

 

Vergilər Nazirliyinin Şamaxıdakı Tədris Mərkəzində keçirilən tədbirdə Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Vergilər, və Təhsil   nazirliklərinin rəhbər vəzifəli şəxsləri, respublikada fəaliyyət göstərən ali məktəblərin professor-müəllim heyətinin, biznes strukturlarının,  ictimai təşkilatların, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirliyin insan resurslarının inkişafı strategiyasının həyata keçirilməsində mühüm rol oynayan Tədris Mərkəzinin yaradılmasının 10 illik yubileyi ərəfəsində əhəmiyyətli bir sənədin  - "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının "dəyirmi masa" ətrafında müzakirəsinin aktuallığını iştirakçıların diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, son 10 ildə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmış, azad sahibkarlığa söykənən iqtisadi model bərqərar olmuş, sosial-iqtisadi infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Ə.Məmmədov bildirmişdir ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, eyni zamanda elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlər qazanmaqdır. Vergilər Nazirliyibu inkişafa daim öz  töhfəsini verməyə çalışır. Mərkəzdə həyata keçirilən tədris strategiyasının əsas məqsədi əməkdaşların peşə hazırlığı səviyyəsinin artırılması yolu ilə mövcud vergi və büdcə qanunvericiliklərinə uyğun vergilərin toplanmasının mümkün qədər yüksək səmərəliliyinə nail olmaqdır.

Sonra Tədris Mərkəzinin 10 illiyinə həsr edilən film göstərilmiş, qonaqlar  bu təhsil ocağının  fəaliyyətindən bəhs edən kadrlarla tanış olmuşlar.

Nazirliyin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev "Azərbaycan - 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda geniş təqdimatla çıxış etmiş, əsas hədəflərdən, bu hədəflərə çatmaq üçün yeridilən vergi siyasətindən, onun  həyata keçirilməsi metodları barədə tədbir  iştirakçılarına məlumat vermişdir. Qeyd olunmuşdur ki, fiziki şəxslərin gəlir vergisinin təkmilləşdirilməsi, transfer qiymətlərinin tətbiqi mexanizminin yaradılması, nağdsız ödənişlərin stimullaşdırılması, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq prosedurlarını tənzimləyən normativ-hüquqi bazanın yaradılması, elektron auditin, elektron ticarətə nəzarətin təmin olunması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi, vergi yükünün tədricən istehsaldan istehlaka keçirilməsi üçün təkliflərin hazırlanması, sahibkarlıq fəaliyyəti üçün əlverişli vergi mühitinin yaradılması, ƏDV-nin tətbiqi mexanizminin təkmilləşdirilməsi, daxildə istehsalidxal edilən mallara aksizlərin tətbiqi mexanizminin təkmilləşdirilməsi, vergi dərəcələrinin optimallaşdırılması, vergidən azadolmaların və vergi güzəştlərinin minimuma endirilməsi yolu ilə vergitutma bazasının genişləndirilməsi, əmlak və torpaq  vergilərinin bazasında vahid daşınmaz əmlak vergisinin tətbiqi üçün qanunvericilik bazasının yaradılması və s. gələcəkdə nəzərdə tutulan vergi siyasətinin əsas inkişaf istiqamətlərindəndir.

Sonra Ə.Məmmədov "Vergi sistemində insan resurslarının inkişafında təlim və tədrisin yeri" mövzusunda təqdimatla çıxış etmişdir. Qeyd olunmuşdur ki, vergi siyasətinin başlıca prinsipi olan vergilərin məcburi yığılmasından könüllü ödənilməsi sisteminə keçid zamanı əsas vəzifələrin icrası üçün məhz insan resurslarının inkişafı önəmlidir. Bu, 2004-cü ildə Vergilər Nazirliyi tərəfindən təsdiq olunmuş "İnsan resurslarının inkişafı strategiyası" Konsepsiyası ilə tənzimlənir. Tədris Mərkəzinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən Ə.Məmmədov vergilər sahəsində təlim və tədrisin formaları və texniki üsulları, ixtisasartırma kursları, mərkəzin fəaliyyətinin əhəmiyyətindən danışmışdır.

Təqdimatda Vergilər Nazirliyinin  beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərinə də toxunulmuş, Vergi Administrasiyalarının Avropadaxili Təşkilatı (IOTA), Beynəlxalq Antikorrupsiya Akademiyası (İACA), Beynəlxalq Vergiİnvestisiya Mərkəzi (İTİC), İrlandiyanın Vergi İnstitutu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avstriyanın Vergi Akademiyası ilə Tədris Mərkəzi arasında qurulmuş ikitərəfli əlaqələrin əsas istiqamətləri "dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırılmışdır.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr olmuş, KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 6.