Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti İçərişəhərlə tanış olmuşdur

 

 Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanov və xanımı Maya İvanova iyunun 28-də İçərişəhərlə tanış olmuşlar.

Ali qonağın İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlamışdır. Ali qonağa Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasında muzey konservasiyası işləri aparılır.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da ali qonaqda böyük maraq doğurmuşdur.

Gəzinti Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə tanışlıqla davam etdirilmişdir.

Elektromobillə gəzinti zamanı George İvanova UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri vardır və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı George İvanov və xanımı təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Daha sonra George İvanov Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda çay süfrəsinə qonaq edilmiş, buradakı sənət nümunələrini seyr etmişdir.

George İvanov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 7.