Silahlı Qüvvələrimiz torpaqlarımızı hər an düşməndən azad etməyə qadirdir

 

 Prezident İlham Əliyev: "İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır"

 

 Müsəlman Şərqinin təkcə ilk demokratik, hüquqi, dünyəvi cümhuriyyətinin deyil, həm də hərbi nizamnamə və əsasnamə əsasında formalaşan ilk nizami ordunun Azərbaycanda yaranması xalqımız üçün qürur hissi doğuran haldır. 1918-ci ildə xalqın müstəqillik arzusunun, eyni zamanda, çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafın, milli oyanışın məntiqi yekunu kimi tarix səhnəsinə çıxan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə dövlətçiliyin mühüm atributu sayılan ordunun formalaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirmişdi.

Prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə rəsmi qəbulda bildirmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız üçün tarixi hadisə idi. Ona görə ki, Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu. İslam dünyası üçün də tarixi hadisə idi, ona görə ki, ilk dəfə olaraq müsəlman Şərqində demokratik respublika yaranırdı. Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bakının mərkəzində İstiqlal bəyannaməsini imzalayan şəxslərin şərəfinə abidə ucaldılmışdır. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Əfsuslar olsun ki, müstəqilliyimiz çox qısamüddətli oldu. İki ildən sonra Azərbaycan Demokratik Respublikası süqut etdi. Ancaq bu iki il ərzində böyük işlər görüldü. Dövlət atributları qəbul edildi. Dövlət bayrağımız təsdiq edildi. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsəri olan Azərbaycan dövlət himni qəbul olundu. Digər istiqamətlərdə müsbət işlər görülmüşdür. Dövlət strukturları yaradılmışdır. Bir sözlə, ölkəyə xas olan bütün atributlar mövcud idi".

1918-ci il iyunun 4-də "Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsi" imzalandı. 11 maddədən ibarət bu müqavilə cümhuriyyətin xarici dövlətlə imzaladığı ilk rəsmi sənəd olmuşdur. Strateji əhəmiyyətə malik sənədin 4-cü maddəsində "Dinclik və asayişi möhkəmləndirmək ölkənin təhlükəsizliyinin təmini üçün əgər zərurət olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi üzərinə götürür" müddəasının əksini tapması iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərirdi. Ölkənin müdafiə qabiliyyətini, təhlükəsizliyini təmin etmək istiqamətində digər mühüm addım isə Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli 164 saylı sərəncamı əsasında Azərbaycan Milli Ordusunun yaradılması, avqustun 11-də isə "Hərbi mükəlləfiyyət haqqında" qərarın qəbulu olmuşdu.

Avqustun 1-də cümhuriyyətin hərbi nazirliyi təsis edildi, dekabrın 25-də istedadlı general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edildi. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə ayrıldı. Qısa müddətdə Azərbaycan Ordusu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan Ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. Azərbaycanda ilk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirilib.

Azərbaycan xalqı 1941-1945-ci illərdə - Böyük Vətən müharibəsi illərində sovet imperiyasının tərkibində faşizmə qarşı əzmkar müqavimət göstərdi. O zaman cəmi 3,4 milyon əhalisi olan Azərbaycan SSR-in 600 mindən artıq vətəndaşı faşizmə qarşı müharibədə iştirak etdi, onlardan 300 min nəfərə yaxını döyüşlərdə qəhrəmancasına həlak oldu. Böyük bir qismi döyüşlərdə şücaət, sərkərdəlik və qəhrəmanlıq nümunələri göstərdi. Onlarla azərbaycanlı "Sovet İttifaqı Qəhrəmanı" adına layiq görüldü, orden və medallarla təltif olundu. Həmin dövrdə Bakı neftçilərinin fədakar əməyi müharibənin SSRİ-nin qələbəsi ilə yekunlaşmasını təmin etdi.

Azərbaycanın güclü hərb ənənələri olsa da, müstəqillik qazandığı ilk dövrdə ölkəmiz bu sahədə ciddi böhranla üzləşdi. Ölkədəki naşı və yarıtmaz hakimiyyətlərin səriştəsizlyi üzündən ordu quruculuğu yönümündə heç bir ciddi addım atılmadı, silahlı qüvvələr ayrı-ayrı siyasi qruplaşmaların əlində hakimiyyət uğrunda mübarizə alətinə çevrildi. Nizami orduya malik olmayan Azərbaycan hərc-mərclik və xaos burulğanında ərazisinin 20 faizini itirmək məcburiyyətində qaldı.

Ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə irəliyə doğru başlanan dönüş ordu quruculuğunda daha tez hiss olunmağa başladı. 1993-cü ilin payızında ulu öndər Heydər Əliyevin xalqa tarixi müraciətindən sonra Azərbaycan Ordusunun yaradılması istiqamətində başlanan işlər uğurla davam etdi. Qısa zaman kəsiyində müxtəlif təyinatlı hərbi birləşmələr formalaşdırıldı, cəbhədə döyüş əməliyyatlarının vahid komandanlıq əsasında hazırlanaraq həyata keçirilməsi və bunun nəticəsi olan uğurlar 1994-cü ilin əvvəllərində hiss edilməyə başlandı. Azərbaycan dövlətinin xilaskarı və qurucusu - ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamına əsasən, 1918-ci ildə əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmuşdur. Bu gün respublikamızda hər il rəsmi dövlət bayramı kimi qeyd edilir. Qəlbində vətən, yurd sevgisi olan, ordusu ilə qürur duyan, onun uğuruna ürəkdən sevinən hər bir vətəndaş üçün bu tarix son dərəcə şərəfli və əlamətdardır.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin müdafiə qabiliyyətinin artırılmasına, silahlı qüvvələrdə çoxşaxəli islahatların aparılmasına geniş imkan yaratdı. Yeni formalaşdırılan ayrı-ayrı qoşun növlərinin hərbi nizamnamənin tələblərinə uyğun idarə olunması, hərbi hissələrin təxribatçı ünsürlərdən təmizlənməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Silahlı qüvvələrə tələb olunan hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vəsaitlərin istehsalı üçün sifarişlərin Azərbaycanın sənaye müəssisələrində icrası bu sahənin inkişafına da təkan verdi. Orduda şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. İldən-ilə ordunun döyüş hazırlığının yüksəldilməsi, peşəkar hərbçilərin hazırlanması, hərbi hissələrdə nizam-intizamın möhkəmləndirilməsi, təlimin düzgün qurulması istiqamətində aparılan işlər daha da gücləndi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi və Azərbaycan Silahlı Qüvvələrinin mükəmməl qanunvericilik bazası yaradıldı.

Ulu öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 9 ildə bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin etmişdir. Nizami ordu müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradır. Azərbaycan Ordusu mövcudluq tarixinin genişmiqyaslı hərbi quruculuq və islahatlar mərhələsi kimi dəyərləndirilə biləcək mərhələsini yaşayır. Azərbaycan Silahlı Qüvvələrinin kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin sosial rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunu bir daha təsdiqləyir.

Orduya diqqət və qayğının ən bariz təcəssümü özünü büdcə xərclərinin dinamik artımında göstərir. Azərbaycan Ordusunun hərbi xərcləri işğalçı Ermənistanın dövlət büdcəsindən çoxdur. Azərbaycanın qüdrətli silahlı qüvvələrə malik olmasını işğalçı tərəf, eləcə də dünya ictimaiyyəti hələ 2008-ci və 2011-ci ilin iyun ayında keçirilən möhtəşəm hərbi paradda bir daha gördü, buna növbəti dəfə əmin oldu. Hərbi paradda yenə də hər bir azərbaycanlıda qürur doğuran daha bir önəmli məqam tədbirə qatılmış şəxsi heyətin sıralarında Azərbaycan hərb məktəbinin yetirmələrinin, kursantlarının olması idi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 39 il öncə yaratdığı və Azərbaycanın hərb tarixində xüsusi yeri olan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantlarının, quru qoşunlarının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, ali hərbi dənizçilik, ali hərbi təyyarəçilik məktəblərinin kursantlarının təntənəli marşla Azadlıq meydanında Ali Baş Komandanın dayandığı tribunanın önündən keçmələri ölkəmizin gələcək təhlükəsizliyinin də etibarlı əllərdə olduğundan xəbər verirdi. Azərbaycanın mətin, qorxmaz, igid övladları - beynəlxalq təhlükəsizliyin qorunmasında fəal iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyası, Milli Təhlükəsizlik Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunlarının bölmələri, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının hərbçiləri, Silahlı Qüvvələrin dəniz piyadaları, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının bölməsi, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da bu paradda ölkəmizin yenilməz silahlı birləşmələrə malik olduğunu göstərdi.

Prezident İlham Əliyev bu günlərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş mərasimdə bildirib: "Azərbaycan dövləti və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaqdır. Biz heç vaxt sakitləşməyəcəyik. Bizim üçün - həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllidir, Azərbaycan vətəndaşlarının işğal edilmiş torpaqlara qayıtmasıdır. Məsələ uzandıqca, sadəcə olaraq, Ermənistan ilə Azərbaycan arasındakı güclər nisbəti bizim xeyrimizə daha da çox dəyişir. Bir daha demək istəyirəm ki, 10 il bundan əvvəl müəyyən dərəcədə tarazlıq var idi. İndi bu tarazlıqdan əsər-əlamət də qalmayıb. Növbəti illərdə Azərbaycan yalnız və yalnız güclənəcəkdir. Çünki biz perspektivlərimizi yaxşı bilirik. Biz gələcəyimizi özümüz yaradırıq. Bizim gələcəyimiz Azərbaycan xalqının zəhməti hesabına yaranır. Biz yaxşı bilirik ki, güc baxımından Ermənistan bizim qarşımızda heç vaxt davam gətirə bilməz. Sadəcə olaraq, biz hələ ki, çalışırıq, məsələ dinc yolla, danışıqlar yolu ilə həll edilsin. Ancaq məsələnin həlli beynəlxalq hüquqdan keçir. Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabag hüquqi cəhətdən də Azərbaycanın ayrlımaz hissəsi kimi dünya birliyi tərəfindən qəbul edilir. Bizim ərazi bütövlyümüz bərpa edilməlidir. İşğalçı qüvvələr işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qaytımalıdırlar".

Xüsusi vurğulamaq lazımdır ki, müdafiə məqsədilə ayrılan hərbi xərclərin ildən-ilə artması, eləcə də ölkədə hərbi təyinatlı məhsulların istehsalını həyata keçirən sənaye müəssisələrinin yaradılması da ordu quruculuğu baxımından vacib əhəmiyyətə malikdir. Azərbaycan müxtəlif xarici ölkələrdən müasir hərbi texnikalar alır, ordunun arsenalında olan bir sıra texnikaların modernləşdirilməsini həyata keçirir. Əvvəllər xaricdən alınan bəzi hərbi texnika və döyüş sursatları artıq Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal olunur. Azərbaycanın yerli istehsal hesabına ordusunun müxtəlif hərbi ləvazimatlara və döyüş sursatlarına olan ehtiyacını ödəməsi ölkəmizin Ermənistan qarşısında üstünlüyünü daha da artırır. Hərbi təyinatlı məhsullar istehsal edən hərbi sənayenin qurulması prosesi elə böyük zaman kəsiyini əhatə etməsə də, burada istehsal edilən məmulatlar həm çeşidinə, həm də keyfiyyətinə görə müasir standartlara cavab verir.

Bu gün hər bir vətəndaş əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 8.