Naxçıvan sosial-iqtisadi yüksəliş mərhələsini
yaşayır
Prezident İlham Əliyevin Naxçıvana səfəri mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu
Ölkə başçısı İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən 9 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasından, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir.
Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konkret vəzifələr müəyyənləşdirmiş Dövlət Proqramı təsdiqlənmişdir.
Ötən müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərmişdir. Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqram və konsepsiyalar həyata keçirilir, ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Neftdən qazanılan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm də respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.
2008-ci ilin 15 oktyabrında mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri də müstəqil Azərbaycanın ötən illərdə əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətləridir. Bölgələrin tarazlı və davamlı inkişafının təmini, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına səfərlər edən cənab İlham Əliyevin insan amilinə necə yüksək dəyər verdiyi göz önündədir.
Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Naxçıvan Muxtar Respublikasında da qabarıq görünür. Muxtar respublikada ötən müddətdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidənqurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib addımlar atılmışdır. Blokada şəraitinin ağırlığına baxmayaraq, Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişafı, tərəqqisi ilə seçilir. Azərbaycanın bütün guşələrində olduğu kimi, Naxçıvanda da uğurlu sosial-iqtisadi inkişaf müşahidə edilir.
Naxçıvanda son 9 ildə iqtisadi inkişaf artmış, sənayenin, kənd təsərrüfatının və sosial sahələrin inkişafında böyük dönüş yaranmışdır. 2004-cü ildən ötən müddət ərzində açılan iş yerlərinin sayı 50 mini ötmüşdür.
Prezident İlham Əliyevin bu günlərdə Naxçıvana səfəri mühüm sosial obyektlərin açılışı ilə əlamətdar oldu. Ölkə başçısı akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasının açılışında iştirak etdi. Naxçıvanda da səhiyyə sistemi özünün ən uğurlu inkişaf dövrünü yaşayır. Muxtar respublikadakı səhiyyə ocaqları ən son tələblərə cavab verən avadanlıqla təchiz edilir. Burada son illərdə müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də məhz akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasıdır. Poliklinikanın altımərtəbəli binasında yüksək keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb.
Naxçıvan şəhər Gömrük İdarəsinin
açılışı da bu səfərə təsadüf etdi. İdarənin inzibati
binası ən müasir avadanlıqlarla təchiz
edilmişdir. Burada
xidməti otaqlar, server
və tədris otaqları, arxiv vardır.
Müşahidə otağında quraşdırılan 22 nəzarət
kamerası ilə eyni vaxtda
müşahidə aparmaq mümkündür.
Qeyd olundu ki, avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi
"bir pəncərə" prinsipi ilə həyata keçiriləcəkdir.
Bölmədə gömrük
işçiləri, brokerlər, dövlət yol
polisinin və notariat
xidmətinin əməkdaşları fəaliyyət göstərirlər.
Bundan başqa, burada bank filialı vardır və post-terminal
quraşdırılmışdır. Bölmədə yaradılan şərait vətəndaşa cəmi
20 dəqiqə ərzində
avtomobilinin rəsmiləşdirilməsini
tam yerinə yetirməyə
imkan verir. Bu, ilk növbədə, insanların rahatlığı,
digər tərəfdən
isə şəffaflıq
baxımından böyük
əhəmiyyət kəsb
edir.
Naxçıvanda son illər yenidənqurma və tikinti işləri geniş vüsət aldığından inşaat materiallarına da tələbat getdikcə artmaqdadır. Bu baxımdan Naxçıvan Sement Zavodunun istismara verilməsi də mühüm əhəmiyyət daşıyır. Zavodun məhsulları muxtar respublikada inşaat sektorunun tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac olunacaqdır. Ölkə başçısına məlumat verildi ki, 18 əsas istehsal sahəsindən ibarət olan müəssisədə ən müasir avadanlıqlar quraşdırılmışdır. Tam gücü ilə işlədiyi zaman müəssisədə üç növbədə 210 nəfər daimi işlə təmin olacaqdır. Müəssisənin gündəlik sement istehsalı gücü 800 tondur. Zavodun işçilərinin əksəriyyətini muxtar respublikanın gənc sakinləri təşkil edir və onların peşə bacarıqlarının təkmilləşdirilməsi üçün hərtərəfli tədbirlər görülür.
Ölkə başçısı Naxçıvana səfəri çərçivəsində Kəngərli rayonunda da olmuşdur. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkı ilə tanış olmuş, mədəniyyət evinin açılışında iştirak etmişdir. Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qərargah binasının açılışı da bu səfər çərçivəsində reallaşdı. Ölkə başçısı əsgər yataqxanası, yeməkxanası və məişət kompleksi ilə tanış oldu. Məlumat üçün bildirək ki, qərargahın üçmərtəbəli yeni binası bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Hərbi hissənin ərazisində geniş yaşıllaşdırma və abadlıq işləri aparılmışdır. Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilmişdir. Hərbi hissənin həyətində ayrıca xəstəxana da fəaliyyət göstərir.
Muxtar respublikada əsas strateji magistrallardan olan Naxçıvan-Gulfa magistral yolunun açılışı da xüsusi əhəmiyyət kəsb etmişdir. İpək yolunun bir hissəsi olan Naxçıvan-Culfa magistralının çəkilməsi muxtar respublikaya yük daşımalarının həcminin artmasına geniş imkan yaradır. Tranzit imkanları yüksək qiymətləndirilən yol Culfa və Babək rayonlarını Naxçıvan şəhəri ilə birləşdirən mühüm nəqliyyat qovşağıdır. Bir neçə il əvvəl Prezident İlham Əliyev regiona səfəri çərçivəsində muxtar respublikanı Türkiyə ilə birləşdirən Naxçıvan-Sədərək yolunun açılışında da iştirak etmişdi. Prezident İlham Əliyev bildirmişdi: "Mən çox şadam ki, qədim Naxçıvan bu gün yeniləşir, yenidən qurulur, gözəl binalar tikilir, xiyabanlar salınır. Bu yolun açılması Naxçıvanda böyük yol-nəqliyyat layihələrinin icrasının təzahürüdür. Biz iki il bundan əvvəl Naxçıvan-Sədərək avtomobil yolunun açılışını qeyd etmişik. Gözəl, dördzolaqlı, rahat yoldur. İndi Naxçıvan-Culfa magistral yolunun açılışını qeyd edirik. Beləliklə, Naxçıvan tranzit mərkəzə çevrilməkdədir. Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir. Naxçıvanın respublika qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanları vardır".
Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində muxtar respublika Fövqəladə Hallar Nazirliyinin İnzibatı binasının, Culfada Uşaq Musiqi Məktəbinin və sərhəd komendatlığı və sərhəd zastavasının açılışlarında iştirak etmişdir. Ölkə başçısı yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Ümumilikdə regional inkişaf sahəsində əldə olunmuş yüksək nəticələr deməyə əsas verir ki, respublikamız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən 9 il ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsi, dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi kimi yadda qalmışdır. Bu iqtisadi strategiya Azərbaycanı daha böyük uğurlara aparıb çıxaracaqdır.
Elnur HACIALIYEV
Azərbaycan.- 2012.- 3 iyun.- S. 1; 2.