Azərbaycan
qazının Avropaya yolu
Türkiyədən keçəcək
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan iki ölkə arasında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə hökumətlərarası müqavilə imzalayıblar. TANAP Azərbaycan qazını Türkiyə ərazisindən Avropaya tranzit daşınmasına imkan verəcək önəmli bir layihədir.
TANAP yeni layihə olsa da, möhkəm təməl üzərində inkişaf edəcək. Bu təməl müəllifi ulu öndər Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan neft kəməridir ki, Səngəçaldan başlayaraq 1768 kilometr ərazi boyu Aralıq dənizindəki limanadək uzanır. Sonra Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" yatağından hasil olunan qazı Ərzurumadək daşıyan boru xətti bu təməli daha da möhkəmləndirdi. Qazın ixrac marşrutlarının şaxələndirilməsi məqsədi bu gün eyni zamanda dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən iqtisadi siyasətindən qaynaqlanır.
Bütün bu kəmərlərin Türkiyənin ərazisi ilə uzanmasının, yaxın gələcəkdə isə TANAP-ın da həmin ölkədə çəkilməsinin əsasında, şübhəsiz ki, iki xalq arasındakı qardaşlıq, tarixi dostluq və getdikcə möhkəmlənən iqtisadi əməkdaşlıq dayanır. Prezident İlham Əliyevin mətbuata bəyanatında bu məqamlar xüsusi vurğulanır: "Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu bütün bu layihələri reallığa çeviribdir. Əlbəttə ki, hər bir layihənin kommersiya, iqtisadi, texniki məsələləri vardır. Ancaq əgər bu, möhkəm təməl üzərində qurulmasaydı, mən əminəm ki, biz enerji sahəsində və başqa sahələrdə indiki səviyyədə uğura nail ola bilməzdik. Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə edir. Mən dünyada siyasi sahədə Türkiyə və Azərbaycan kimi ikinci müttəfiq tanımıram".
Türkiyə Xəzər hövzəsi və Orta Asiya təbii qazının bu ölkənin ərazisindən alternativ marşrutlarla Avropaya nəqlini nəzərdə tutan "Cənub qaz dəhlizi" layihələrini həm özünün, həm də Avropanın enerji təhlükəsizliyini təmin etmək baxımından dəstəkləyir. Bu dəhliz Azərbaycanın enerji resurslarının etibarlı şəkildə Avropaya çatdırılmasında mühüm əhəmiyyət daşıyacaq.
Xatırladaq ki, hazırda "Şahdəniz"in işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qaz Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri ilə çatdırılır. Bu kəmərin Azərbaycan və Gürcüstandan keçən hissələri Cənubi Qafqaz Boru Kəməri (CQBK) adlanır. Gürcüstan-Türkiyə sərhədindən başlayaraq CQBK-ya 280 kilometrlik bir xətt qoşularaq Ərzurumadək uzanır. 2006-cı ilin sonlarından, yəni "Şahdəniz"də hasilata başlanandan bu ilin birinci rübünün axırınadək yataqdan bazarlara 32 milyard 389 milyon kubmetr qaz ixrac edilib. "Şahdəniz" qazı bu gün Azərbaycana, Gürcüstanın GOGC, Türkiyənin BOTAŞ şirkətlərinə və BTC-yə satılmaqda davam edir.
Keçən il aparılan müzakirələr nəticəsində isə "Şahdəniz-2"dən əldə olunacaq təbii qazın 6 milyard kubmetrinin Türkiyəyə satışına, 10 milyard kubmetrinin isə bu ölkənin ərazisindən Avropaya nəqli ilə əlaqədar Türkiyə və Azərbaycan tərəfindən hökumətlərarası müqavilə və ilkin razılaşma imzalanıb.
"Şahdəniz" layihəsinin ikinci mərhələsi çərçivəsində ilk qazın 2017-ci ildə alınacağı gözlənilir. Məhz bu layihə "Cənub qaz dəhlizi" vasitəsilə Avropa bazarlarına mavi yanacağın təchizatını artıracaq. "Şahdəniz-2"dən ildə 16 milyard kubmetr qaz alınacağı gözlənilir. Bu, birinci mərhələnin illik hasilatından az qala iki dəfə çoxdur. "Şahdəniz-2"nin ilkin mühəndis-layihələşdirmə işlərinə başlanması barədə qərar bu ilin aprel ayında Prezident İlham Əliyevlə "Şahdəniz"in operatoru olan bp-nin baş icraçı direktoru Robert Dadli arasında keçirilmiş görüş zamanı rəsmən elan edilib.
Bu günlərdə İstanbulda Türkiyə və Azərbaycan tərəfindən imzalanmış Trans-Anadolu Qaz Boru Kəməri üzrə hökumətlərarası müqavilə və "Şahdəniz" qazının qardaş ölkənin ərazisindən Avropaya nəqlinə aid digər sənədlər ixracın diversifikasiyası istiqamətində atılmış mühüm bir addımdır.
Beləliklə, Azərbaycan qazını dünyaya aparan yol Türkiyədən keçəcək.
Qazın oradan Avropaya marşrutu necə olacaq?
Hazırda "Şahdəniz" qazının Avropaya daşınması üçün
üç marşrut
nəzərdən keçirilir. Bunlardan biri İtaliya marşrutu olan TAP - Trans-Adriatik Boru Kəməridir. Qazı Avropaya nəql etməkdə Türkiyə
sərhədindən Qərbə
doğru uzanacaq "Nabukko" kəməri də iddialıdır.
Üçüncü variant SEEP - Cənub-Şərqi Avropa
Boru Kəməridir. Bu marşrutların son seçimi 2013-cü ildə
olacaq.
Sözügedən TANAP bu uzaq yolların
uğurlu başlanğıcıdır. O, "Şahdəniz-2"
qazının hasil olunması ilə işləməyə başlayacaq.
Gələcəkdə isə bu kəmər dünya bazarlarına Xəzərdəki
digər perspektivli yataqlardan çıxarılan
mavi yanacağı da aparacaq.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 29 iyun.- S. 8.