“...barlı,
bağçalı, yamyaşıl şəhər”
Lənkəran
haqqında söhbət açarkən onun
keçmişini xatırlamamaq mümkün deyil. Əsrlərin
o tayından boylanan, zəngin
tarixi, adət-ənənəsi var bu diyarın.
Buradakı Xan evi, Zindan qalası və digər tarixi
abidələr onun keçmişindən bu günümüzə gəlib
çıxan nadir nümunələrdir.
Neçə-neçə qəhrəmanlar, alimlər,
şairlər, incəsənət ustaları,
sayılıb-seçilən ziyalılar yetirtib
bu qədim torpaq.
Görkəmli şairlər, yazıçılar, bəstəkarlar,
fırça ustaları onun haqqında
neçə-neçə sənət əsərləri
yaradıb, şeirlər yazıb, mahnılar bəstələyiblər.
Əbədiyaşar şairimiz S.Vurğun buranın maddi
və mənəvi gözəlliklərini şövqlə nəzmə
çəkib.
Lənkəranın
gülü rəng-rəng,
Yurdumuzun qızları tək.
Dəmlə çayı, tök ver
görək,
Anamın dilbər gəlini,
Yadlara açma əlini.
Böyük yaradanın özü bu məkandan
heç nəyi əsirgəməyib, hər şeyi səxavətlə
ərməğan edib. Bir tərəfi qırçın ləpəli,
bol nemətli Xəzər dənizi, digər tərəfi
ucalıq, məğrurluq rəmzi olan meşə
örtüklü dağlardır. Bunları gördükcə
rus şairi N.Tixonovun da Lənkəranı "Cənub
mirvarisi" adlandırması yada düşür.
Bu torpağın adına şöhrət,
başucalığı gətirən amillərdən biri də
insanlarının mehriban, qonaqpərvər olmasıdır.
Pürrəng çayı, ləvəngisi, növbənöv
plovu və digər dadlı-ləzzətli yeməkləri, nemətləri
hər kəsə yaxşı bəllidir. Subtropik iqlimə,
münbit, bərəkətli əraziyə malik Lənkəranda
boya-başa çatmış çayçı alim Fərman
Quliyev söyləyir ki, bu yerlərə bələd olan məşhur
bir səyyah keçmiş zamanlarda belə deyib: "Lənkəran
ərazisindən keçərkən xurcununuzdan torpağa bir
neçə toxum düşsə, bunun üçün təəssüflənməyin.
Geri qayıdarkən həmin toxumların göyərib
üstündə barı olan bitki olduğunu görəcəksiniz".
Ən nadir bitkilər göyərib boy atır, müxtəlif
meyvələr yetişir subtropik iqlim şəraiti olan Lənkəranda.
Planetimizin müxtəlif qitələrindən quşlar hər
il qışlamaq üçün Qızılağac
qoruğuna gəlir. Təbiətin yaşıl muzeyi - Hirkan
Milli Parkı da burada yerləşir. Buranın gözəllikləri
bir deyil, beş deyil. Onları
saymaqla qurtarmaz.
Lənkəranın
keçən əsrin 70-80-ci illərində sürətli
inkişafı yaşlı və orta nəsil
nümayəndələrinin yaddaşında xoş
xatirə kimi hələ də qalır.
Xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbər
təyin edildikdən sonra
respublikamızın hər yerində olduğu
kimi, Lənkəranda da
böyük canlanma, insanlar arasında yüksək əhvali-ruhiyyə
yarandı. İllərdən bəri hökm
sürən ətalət, ümidsizlik, gerilik aradan
qaldırıldı. Bütün sahələrdə
yeni-yeni qələbələr
qazanıldı, nailiyyətlər əldə olundu.
Hər yerdə həyat bulaq kimi coşub-çağladı. Yüksək
təşkilatçılıq, möhkəm iradə ölkəmizə
biri-birinin ardınca uğurlar
gətirdi. Azərbaycan geriliyin
daşını ataraq SSRİ məkanında
qabaqcıllar sırasına çıxdı.
Bu nailiyyətlərdə lənkəranlıların
da payı vardı. Çox
keçmədi, Lənkəran Moskvanın tərəvəz
bazası kimi şöhrət tapdı. Pomidor, xiyar, kələm yüklü qatarlar
ardı-arası kəsilmədən bu
istiqamətə yola salındı. Əvəzində
zəhmət adamları yaxşı maaş
almaqla yanaşı, şan-şöhrət
qazandılar. Lənkəranın adı İttifaq
miqyasında məşhurlaşdı. O zaman
burada böyük tikinti-quruculuq işləri də
aparıldı. Şəhərin siması dəyişməyə
başladı. Neçə-neçə yaşayış evləri,
ictimai binalar, məktəblər,
uşaq bağçaları, xəstəxanalar,
mədəniyyət ocaqları inşa edildi, yollar
abadlaşdırıldı. Xanbulançay
Su Dəryaçası gözəl bir məkana çevrildi.
Respublikamıza gələn yüksək rütbəli qonaqlar da səfərləri
çərçivəsində Lənkərana baş çəkir, onun füsunkar təbiətini seyr
edir, nemətlərindən dadır, buradan xoş təəssüratla
ayrılırdılar. Rayon Tarix Diyarşünaslıq Muzeyindəki Xatirə
kitabını vərəqləyərkən bir
daha bunun şahidinə
çevrilirsən. Neçə-neçə xarici
ölkə başçılarının, dövlət rəhbərlərinin,
görkəmli şairlərin, yazıçıların, sənət
adamlarının, kosmonavtların Azərbaycan, Lənkəran
haqqında yazdıqları sözləri oxuduqca
adamın ürəyi iftixar hissi ilə dolur.
Lakin ötən əsrin 90-cı illərinin
acı küləkləri subtropik bölgəyə
də xəzan dövrü yaşatdı.
Qurulub yaradılanlar az
vaxt ərzində sökülüb
dağıdıldı. İnsanların yaşayış səviyyəsi,
gün-güzəranı pisləşdi. Gün
ərzində Lənkəran şəhərinə ancaq 4-5 saat elektrik enerjisi verilirdi, təbii qazın verilməsində ciddi problemlər yaşandı. Nəticədə
təbiətin "ağ ciyəri"
sayılan meşələr qırılaraq yanacaq
kimi istifadə olunurdu.
Küçələr uzun müddətdən
bəri baxımsızlıq üzündən bərbad hala düşmüşdü.
Təhsil, səhiyyə, mədəniyyət
ocaqlarındakı vəziyyət də yaxşı deyildi. Bir çox
məktəblər, uşaq
bağçaları qəza vəziyyətində olduğundan tədris zamanı hər an bədbəxt hadisənin baş
verə biləcəyi istisna edilmirdi. Üstəlik, bir
dənə də olsun sənaye, tikinti, emal müəssisəsi
işləmirdi. Çay fabriklərınin,
konserv zavodlarının qapısından
qıfıl asılmışdı. Naringi,
limon, portağal, feyxoa bağları mal-qaranın otlaq yerinə çevrilmişdi.
Lənkəran
ölkəmizdə gedən ictimai-siyasi
proseslərdə həmişə önəmli rol oynayıb. Ən yeni
tariximizdə də belə olub. Qarabağ müharibəsində 200 nəfərə
yaxın şəhid verib lənkəranlılar.
20 Yanvar faciəsi, Xocalı
soyqırımı, separatçı qüvvələrin
dövlət çevrilişi cəhdləri
lənkəranlılar tərəfindən böyük
nifrət və qəzəblə qarşılanıb.
Keçən əsrin 90-cı illəri Vətənimizin
başı üstünü qara buludlar alanda
lənkəranlılar respublikanın əksər əhalisi kimi, qurtuluş yolunu ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıtmasında gördülər. Rayon
fəallarının imzası ilə Naxçıvana, ulu öndərin ünvanına məktublar, teleqramlar göndərildi. 1993-cü il iyunun 15-də onların
bu arzuları reallaşdı. Lakin vəziyyət gərgin idi.
Ermənistan qoşunları torpaqlarımızın 20 faizini işğal etmiş, ölkənin iqtisadiyyatı bərbad
hala salınmışdı. Bəzi
silahlı qruplaşmalar öz
çirkin niyyətlərinə çatmaq, respublikada
yaranmış xaos, anarxiya,
özbaşınalıq hallarını davam
etdirmək üçün bütün vasitələrdən istifadə
edirdilər.
Lakin bütün bunlar ümummilli liderin polad iradəsi,
dövlətçilik təcrübəsi, gecəli-gündüzlü
gərgin əməyi nəticəsində tezliklə aradan qaldırlıdı. Müstəqilliyimizə
əngəl olan nə vardısa, yazda yağan qar kimi əriyib getdi. "İqtisadiyyatı güclü
olan dövlət hər şeyə qadirdir" siyasəti ümumi
inkişafın strategiyası kimi götürüldü. Əsrin müqaviləsi
imzalandı, yeni layihələr, islahatlar həyata vəsiqə aldı. Yaranan sabitliyə görə dünyanın ən
iri və nüfuzlu
şirkətləri Azərbaycana yatırımlar qoymağa başladılar. Şübhəsiz ki, geniş miqyaslı, həyati
əhəmiyyətli bu məsələlərin
icrası üçün müəyyən
zaman lazım idi.
2003-cü ilin sonlarından başlayaraq çəkilən zəhmət bəhrəsini
verməyə, neftdən ilk gəlirlər
gəlməyə başladı, Prezident İlham Əliyev 2004-cü il
11 fevral tarixində regionların sosial-iqtisadi inkişafına dair
birinci Dövlət Proqramı haqqında
fərman imzaladı. Bu sənəd
ölkənin inkişafında dönüş
nöqtəsi oldu.
Hər yerdə olduğu kimi, Lənkəranda
da böyük quruculuq işlərinə
başlanıldı. Lənkəran-Astara rayonları
arasında müasir elektrik
stansiyası qısa müddətdə tikilib
istifadəyə verildi. Bunun
ardınca Olimpiya İdman Kompleksi,
Müalicə Diaqnostika Mərkəzi, beynəlxalq
əhəmiyyətli hava limanı, Uşaq Müalicə Mərkəzi, müasir tələblərə cavab verən stadion, Regional Boks Mərkəzi,
neçə-neçə təhsil, səhiyyə ocaqları inşa edildi, köhnələri
əsaslı təmir olundu. Lənkəran
Dövlət Dram Teatrı yeni
şəraitdə fəaliyyət göstərməyə
başladı. Şəhərin mərkəzində Heydər
Əliyev memorial parkı, dəniz kənarında
istirahət mərkəzi, Qəhrəmanlar parkı
salındı. Yeni yaşayış evləri,
ictimai binalar
ucaldıldı, keçən əsrin ortalarında istifadəyə
verilmiş tikililərin dam
örtükləri, fasadları təzələndi.
Küçələr, xiyabanlar
asfaltlaşdırıldı, bəzi yerlərə mərmər
plitələr düzüldü. H.Aslanovun ev muzeyi və abidəsi təmir olundu,
köhnə, yöndəmsiz ticarət, iaşə obyektləri
yeniləşdirildi.
Sahibkarlığın
inkişafına yaradılan şərait nəticəsində
"Palsüd", "Paldad"
emal müəssisələri, şirə
və konserv zavodları, çay
fabrikləri işə düşdü. Rayonda fəaliyyətə başlayan
müəssisələr isə yeni iş yerləri deməkdir. Təkcə son 8 ildə rayonda 28 min nəfərdən çox
adam işlə təmin olunub.
Turizmin inkişafı üçün
də mühüm işlər görülüb. Bu məqsədlə
tarixi yerlərə baxış keçirilib. Əsrlərin yadigarı olan "Zindan"da əsaslı şəkildə təmir-bərpa
işləri aparılıb. Xəzərin ləpədöyən
hissələrində "Qafqaz otel", "Palıdlı sahil"
və bu kimi bir neçə istirahət-turizm obyektləri
yaradılıb. 10 il bundan
qabaq Cənubun bu böyük şəhərində gecələmək
üçün yer çox çətin tapılırdı. Odur ki, müxtəlif
nazirliklərdən, baş idarələrdən
Lənkərana gələn qonaqlar bunun üçün qonşu Masallı rayonuna
getməli olurdular. Belə hallar
indi yalnız yaddaşlarda
qalmışdır. Hazırda Lənkəran şəhərində,
rayonun müxtəlif yerlərində beynəlxalq
səviyyəli mehmanxanalar fəaliyyət
göstərir. Bunlar son
illər Lənkəranda həyata keçirilən tikinti-quruculuq işlərinin yalnız cüzi bir hissəsidir. Həyata
keçirilən tədbirlər isə hər ay,
hər gün öz bəhrəsini
verir. Şəhərin, eyni
zamanda, qəsəbə və kəndlərin
siması dəyişir, adamların yaşayış tərzi
yaxşılaşır. Yaraşıqlı fərdi evlərin,
şəxsi avtomobillərin sayı nəinki ilbəil, aybaay, günbəgün çoxalır. Bu gün əhalinin elektrik enerjisi sarıdan heç bir problemi yoxdur.
İndi rayon əhalisi
hər hansı müayinə və müalicə üçün
paytaxt Bakıya və digər yerlərə üz tutmur. Müalicə Diaqnostika Mərkəzində hətta
açıq ürək
əməliyyatı aparılır.
Lənkəranda idmana xüsusi qayğı var. Gənclər
asudə vaxtlarını
mənalı keçirirlər.
"Xəzər-Lənkəran" futbol klubu ölkə
birinciliyində və
kubok yarışlarında
uğurla çıxış
edir. Hər bir lənkəranlı öz sevimli komandasına cani-dildən
azarkeşlik edir, onu qələbələrə
ruhlandırır.
Regionun əhalisi
hər həftə bir neçə dəfə Rusiyanın
Sankt-Peterburq şəhərinə
uçan təyyarənin
xidmətindən istifadə
edir. "Cənub
TV" də əhalini
bölgədə, habelə
ölkədə, dünyada
gedən yeniliklərlə
tanış edir, maraqlı verilişlər
nümayiş etdirir.
Hər bir
lənkəranlı doğulub
boya-başa çatdığı
şəhəri sevir,
onunla fəxr edir. Gecələri nur selinə bürünür bu şəhərin. Sakinləri
yayın istili günlərində axşamlar
park və xiyabanlara, dəniz kənarına çıxıb istirahət
edirlər. Lənkərana
gənclik şəhəri
də demək olar. Buradakı Dövlət Universitetində,
Humanitar Kollecdə, Tibb Texnikumunda respublikamızın, demək
olar ki, bütün bölgələrindən
olan tələbələr
təhsil alırlar.
Ümummilli lider
Heydər Əliyevin siyasi kursunu böyük uğurla davam etdirən Prezident İlham Əliyev Lənkərana həmişə diqqət
və qayğı göstərir. Ölkə
rəhbəri 8 iyun
2012-ci il tarixdə
"Lənkəran rayonunun
sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında"
sərəncam imzalamışdır.
Sənəddə əsasən
40 min nəfər əhalinin
yaşadığı 20 yaşayış
məntəqəsini birləşdirən
Lənkəran-Vilvan-Osaküçə-Türkəncil
avtomobil yolunun tikintisi üçün ilkin olaraq 4 milyon manat vəsait
ayrılır. Sərəncam
rayon əhalisi, xüsusilə
adları çəkilən
kəndlərin sakinləri
tərəfindən böyük
rəğbətlə qarşılanmışdır.
Musarza Əzimov, Vilvan kənd sakini, rayon Veteranlar
Şurasının sədri:
- Uzun müddətdən bəri yolumuz
bərbad vəziyyətdə idi. Bu yolun üstündə
yerləşən üç kəndin əhalisi
bu sarıdan əziyyət çəkirdi.
Çala-çuxurlu yolla
rayon mərkəzinə gedib-gəlmək
problemə çevrilmişdi.
Sürücülər də maşınlarını belə
yolda sürmək istəmirdilər. Lakin biz ümidli
idik ki, məsələ
ilə bağlı tədbir görüləcək. İki il bundan
əvvəl Astara-Bala Şahağacı yolunun yenidən çəkilməsi
özü-özlüyündə deyirdi ki, yaxın vaxtlarda bizim də yolumuz
qaydasına salınacaq. Həmin gün
artıq gəlib çatıb. Yol çəkmək,
körpü salmaq dədə-babadan
xeyirxah iş
sayılıb. Bunu edənlər həm Allah, həm də camaat tərəfindən
uca tutulub.
Ağsaqqal M.Əzimovun bu
sözlərini 20 yaşayış məntəqəsində yaşayan 40 min nəfərin
ürəyindəki arzu, istəyin əks-sədası
kimi də başa
düşmək olar.
Hazırda Lənkəran
şəhərində 2 mühüm layihə
həyata keçirilir. Onlardan
biri şəhərin su-kanalizasiya
sisteminin yenidən qurulması, digəri
isə qazlaşdırılmasıdır. Keçən əsrin
70-ci illərində çəkilən dəmir su boruları istismar
müddətini başa vurduğu,
korroziyaya uğradığı üçün tez-tez
sıradan çıxır. Digər tərəfdən, yerüstü çəkilən xətt şəhər
əhalisinin yalnız 20 faizini içməli
su ilə təmin edir.
Əhalinin 80 faizi isə özləri
qazdırdıqları quyu suyundan
istifadə edir. Yeni
layihə başa çatdıqdan sonra Lənkəran şəhərinin su problemi aradan
qalxacaq.
Su-kanalizasiya xətlərinin çəkilişini
"Azərsu" ASC-nin sifarişi
ilə "Hidrolotos" MMC həyata keçirir. Layihənin rəhbəri
türkiyəli inşaatçı mühəndis Erol Qaragüldür.
Mütəxəssisin dediklərindən aydın olur ki, layihənin
icrasına keçən ilin avqust ayında başlanılmışdır.
Layihə əhalinin artım proqnozu ilə
həyata keçirilir. 710 millimetrlik
iki yanaşı polietilen
boru ilə yerin
altı ilə şəhər ərazisinə su
xətti çəkilir. Ümumi uzunluğu 12 kilometr olan su xətti mənbəyini
Xanbulançay Su Dəryaçasından
götürür. Məlumat üçün deyək ki,
dəryaçanın ümumi sahəsi
246 hektar, dərinliyi 74 metrdir.
Dağlardakı bulaqlardan və çaylardan buraya toplanan su ekoloji
cəhətdən təmizdir. Dəryaça
Lənkəran şəhəri səthindən 50 metr hündürlükdə yerləşdiyi üçün su öz axarı ilə lazımi təzyiqdə
gələcək. Şəhər daxilində uzunluğu
256 kilometr olan müxtəlif
diametrli polietilen borularla su xətti çəkliləcək.
Küçələrdə yanğına qarşı
mübarizə üçün siyirtmələr
qoyulacaq. Xanbulançaydan
gələn xəttin üstündə yerləşən kəndlər
də yeni xətdən istifadə edə
biləcəklər.
Müasir şəhəri kanalizasiyasız təsəvvür
etmək çətindir. Lənkəranın kanalizasiya
sistemi isə artıq istismara
yaramır. Dənizin səviyyəsinin artması da bu sahədə müəyyən
problemlər yaradır, çirkli
suları təmizləyən qurğular da fiziki və mənəvi
cəhətdən köhnədir. Bunun üçün şəhərin kanalizasiya sistemi yenidən
qurulur. 250 kilometr uzunluğunda kanalizasiya xətti
çəkiləcək. Relyef nəzərə
alınmaqla şəhərin aşağı hissəsində,
Lənkəran çayı yaxınlığında nasos stansiyası olacaq, burada beton borulara
toplanan çirkli sular Göyşaban kəndində
tikilməkdə olan təmizləyici qurğuya vurulacaq. Əsas
proses elə burada gedəcək.
Quraşdırılacaq xüsusi qurğular vasitəsilə çirkli
su tərkibindəki qum,
yağ ayrıldıqdan sonra
hovuzlarda havalandırılacaq, zərərli
maddələr neytrallaşdırıldıqdan sonra nasoslarla dənizə
axıdılacaq. Təmizləyici qurğuların əksəriyyəti
qardaş Türkiyədən gətirilib.
Güclü yağışlar zamanı şəhərin
bəzi küçələrinin, həyətlərinin su altında qalması da
insanların işini çətinləşdirir.
Odur ki, qrunt sularının dənizə
axıdılması ilə bağlı tədbir görülməsi
nəzərdə tutulub.
Rayonun qazlaşdırılması sahəsində
də sürətli iş gedir.
"Azəriqaz" İstehsalat Birliyinin sifarişi ilə
3 təşkilat - Azərbaycan Elm-İstehsalat
Birliyi, "Azsantexplast"
və "Alp-210" MMC-lər bu mühüm işin
öhdəsindən gəlməyə çalışır.
Onların kifayət qədər texnikası, materialı, işçi qüvvəsi var.
İndiyə kimi Lənkəran və Liman şəhərləri, habelə 8 kənd
təbii qaz alırdı. Gələn ilin oktyabr ayına kimi daha 93
yaşayış məntəqəsində yaşayan
44 min abonentin
hamısı "mavi yanacaq"la təchiz ediləcək. Hazırda İstisu, Hirkan və Gərmətük
qəsəbələrində, Boladi, Girdəni,
Osaküçə, Havrava, Kosalar, Bala-Şürük,
Burcəli, Xanbulan kəndlərində, Lənkəran
şəhərinin cənub hissəsində qızğın iş gedir. Yeraltı
daşıyıcı xətlər polietilen,
məhəllədaxili xətlər dəmir borularla
çəkilir. Təxminən 15-20 evə 1 siyirtmə, hər
evə isə fərdi qaydada qaztənzimləyici
qurğu və sayğac
qoyulur.
Bu gün Xarxatan kəndində 360, Hirkan
qəsəbəsində 480, Şilavar kəndində
220, Vilvan kəndində 640 şagirdlik yeni məktəb
binaları tikilir. Eyni
zamanda, bu il Bəliton kəndində 220 şagirdlik
məktəbin, Lənkəran şəhərində 100 yerlik uşaq
bağçasının, 24 mənzilli yaşayış evinin inşası nəzərdə tutulmuşdur. Yeni çəkilməkdə
olan Ələt-Astara magistral
şose yolu Bakı ilə
Lənkəran arasındakı məsafəni xeyli
qısaldacaq.
Şəhər
icra hakimiyyətinin
başçısı Taleh Qaraşov mütəmadi olaraq
qəsəbə və kəndlərdə əhali ilə səyyar
görüşlər keçirir,
qaldırılan hər bir məsələyə
həssalıqla yanaşaraq onların
yerindəcə həll edilməsi üçün
tədbirlər görür. Çünki bu cənub
şəhərində həllini gözləyən bir çox problemlər hələ
də qalır. 20 qəzalı məktəbin, belə vəziyyətdə
olan 27 uşaq
bağçasının, narkoloji və onkoloji xəstəxanaların, utilizasiya
zavodunun, Lənkəran Dövlət Universiteti üçün
tələbə şəhərciyinin tikilməsinə, şəhər
Mədəniyyət evinin, Şahmat
məktəbinin, 56 çoxmərtəbəli
yaşayış və ictimai
binaların, Mərkəzi Rayon Xəstəxanasının
əsaslı təmirinə, 11 dağ kəndinə
gedən yolların, köhnəlmiş elektrik
xətlərinin yenidən qurulmasına, transformatorların dəyişdirilməsinə
böyük ehtiyac var.
* * *
Havanın isti olmasını nəzərə alıb
geriyə hər cür
rahatlığı olan Astara-Bakı elektrik qatarı ilə qayıtmağı qərara
aldıq. Maşına əyləşib şəhər dəmir
yolu vağzalına sürməyi xahiş etdik. Radioda şən bir nəğmə
eşidilirdi. Oxuyan Gülağa Məmmədov
idi:
Ey barlı, bağçalı
yamyaşıl şəhər,
Hər səhər salamlar səni
göy Xəzər.
Olduqca nübarın, gəlir
dostların,
Açırlar süfrəni, anırlar
səni.
Dağların
başbaşadır, Çayların tamaşadır,
Sağ ol
Lənkəran, var ol Lənkəran.
Seyran CAVADOV
Azərbaycan.-
2012.- 29 iyun.- S. 10.