“İnformasiya təhlükəsizliyi insidentləri” kitabı nəşr olunmuşdur

 

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevin və həmin institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyevin həmmüəllifliyi ilə "İnformasiya təhlükəsizliyi insidentləri" kitabı nəşr olunmuşdur.

AMEA-dan bildirmişlər ki, "İnformasiya texnologiyaları" nəşriyyatında çapdan çıxmış kitabda informasiya təhlükəsizliyi insidentlərini cavablandırma komandalarının (Computer Emergency Responce Team, CERT) təşkilinə və fəaliyyətinə müasir yanaşmalar öz əksini tapmışdır. Yeni nəşrdə  CERT komandalarının növləri, onların təşkilati modelləri və strukturları, komanda üzvlərinə yönəldilən peşə və şəxsi keyfiyyət tələbləri, komanda heyətinin təlimi məsələləri ətraflı nəzərdən keçirilir. CERT komandalarının tarixi, bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumların məqsədləri, funksiyaları və onlara üzvlük prosedurları haqqında ətraflı məlumat verilir.

Kitab informasiya təhlükəsizliyi üzrə mütəxəssislər, bu sahədə ixtisaslaşan tələbələr, aspirantlar və elmi tədqiqat aparan şəxslər üçün nəzərdə tutulmuşdur.

AMEA İnformasiya Texnologiyaları İnstitutu elmi şurasının qərarı ilə çapa tövsiyə olunmuş kitabın elmi redaktoru institutun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərovdur.

 

 

Azərbaycan.- 2012.- 29 iyun.- S. 11.