Orta əsr Ağsu
şəhərinin yerində arxeoloji
qazıntı zamanı Hollandiya
istehsalı olan qızıl sikkə
nümunələrindən ibarət dəfinə aşkara çıxarılmışdır
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) dəstəyi ilə 2010-cu ilin mart ayından etibarən orta əsr Ağsu şəhərinin yerində tədqiqatlar aparır.
"Miras" İB-dən bildirmişlər ki, tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya bu günədək 15000 kvadratmetrədək sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi mədəniyyət nümunələri aşkara çıxarmışdır.
Bu il iyunun 22-də şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri davam etdirilərkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxarılmışdır. Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülmüşdür. Sikkələrin ümumi sayı 37 ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, otuz bir ədədi isə 1800-cü ildə zərb olunmuşdur. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir.
Dəfinəyə daxil olan sikkələr Hollandiya istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 millimetr, qalınlığı 1,3 millimetr, leqal çəkisi 3,49 qram, forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunmuşdur.
Sikkələrin aversində latın dilində
yazısı olan ornamentli
kvadrat lövhə vardır. Üzərində
qısa olaraq
"MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP."
yazılmışdır. Yazının latın dilində açılışı belədir:
"MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii". Yazı belə tərcümə olunur: "İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası
hökumətinin sikkəsidir".
Sikkələrin reversində mərkəzdə
zirehli cəngavər təsvir olunmuşdur. Cəngavərin
sağ əlində çiyninə qaldırdığı
qılınc, sol əlində
ox dəstəsi vardır.
Cəngavərin sağ
tərəfində dördrəqəmli
miladi tarixinin ilk iki rəqəmi, sol tərəfində isə
son iki rəqəmi zərb olunmuşdur. Üzərində qısa
olaraq latın
dilində "CONCORDIA.RES.PAR.CRES.HOL." yazılmışdır. Yazının latın dilində
tam açılışı belədir: "CONCORDIA RES PARvae
CREScunt HOLlandiae". Yazı hərfi mənada belə tərcümə olunur:
"Uzlaşmış kiçik
əşyaların çoxalması
ilə - Hollandiya".
Yəni,
"Güc birlikdədir".
Analoji sikkə
nümunələri XVIII əsrdə
dünyanın ən müxtəlif ölkələrində
geniş yayılmışdır. Mütəxəssislərin
fikrincə, o dövrdə
Hollandiya qızıl dukatları öz əhəmiyyəti etibarilə
bugünkü ABŞ dolları
mahiyyətində olmuşdur.
Ekspedisiyanın rəhbərliyi iki gün ərzində ilkin zəruri tədqiqat işlərini başa çatdıraraq,
iyunun 25-də dəfinəni
Arxeologiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyəsi
ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil vermişdir. Muzeyin direktoru, akademik
Nailə Vəlixanlının
dediyinə görə,
Ağsu dəfinəsi
tariximiz üçün
sensasiya əhəmiyyətli
bir tapıntıdır.
Təbiidir ki, bu tip tapıntılar orta əsrlər dövründə
Azərbaycan şəhərlərinin
Avropa və dünya ticarətində iştirakı ilə bağlı bir çox məsələləri
elmi cəhətdən
daha müfəssəl
öyrənməyə imkan
yaradacaqdır.
Ağsu arxeoloji ekspedisiyası dəfinə ilə bağlı tədqiqatları
davam etdirir.
AzərTAc
Azərbaycan.- 2012.- 29 iyun.- S. 11.