Bakıda Krans Montana Forumunun rəsmi
açılışı olmuşdur
Prezident İlham Əliyev mərasimdə
iştirak etmişdir
İyunun 29-da
Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana
Forumunun rəsmi açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və xanımı Mehriban Əliyeva mərasimdə iştirak
etmişlər.
Bu il
23-cü dəfə keçirilən Krans Montana Forumunda
Gürcüstanın, Keçmiş Yuqoslaviya Respublikası
Makedoniyanın və Monteneqronun dövlət
başçıları, xarici ölkələrdən gəlmiş
ictimai xadimlər, parlament nümayəndələri,
ziyalılar, biznes dairələrinin təmsilçiləri mərasimdə
iştirak etmişlər.
Tədbirin əsas məqsədi 2013-cü ildə
keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair
Bakı Prosesi ilə bağlı təşviqatın
aparılması və ölkəmizin bu dialoqun mərkəzi
olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin
dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Dünyada
böyük nüfuza malik bu qurum BMT, Avropa İttifaqı,
Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər
beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq
edir. Forumun təsisçisi və
prezidenti, səfir Jan Pol Karterondur. Beynəlxalq
əməkdaşlıq və dialoqa yardım məqsədilə
yaradılan bu qurumun işində Azərbaycan da yaxından
iştirak edir. Sivilizasiyaların kəsişdiyi
məkanda yerləşən, mədəniyyətlərarası
dialoqa töhfələrini əsirgəməyən ölkəmizin
fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən
Krans Montana Forumu çərçivəsində layiqincə
qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Krans
Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın
ən ali mükafatına - "Prix De La
Fondation" mükafatına, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
forumun Qızıl medalına layiq görülmələri
bunun əyani nümunəsidir. Krans Montana Forumunun bu il Bakıda keçirilməsinə qərar
verilməsi də Azərbaycanın durmadan artan beynəlxalq
nüfuzuna, mədəniyyətlərarası dialoqun və
beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə
dəlalət edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
forumun işində iştirak edən dövlət
başçıları və müxtəlif ölkələrin
yüksək vəzifəli rəsmiləri ilə
görüşdülər.
Mərasimi açan forumun təsisçisi və
prezidenti, səfir Jan Pol KARTERON Bakıda keçirilən
23-cü illik toplantıda iştirak edən qonaqları
salamladı.
Azərbaycan Prezidentinə yaradılan yüksək şəraitə
görə təşəkkür edən Jan Pol Karteron bu
gün dünyanın mühüm dairələrinin Azərbaycana
toplaşdığını dedi. O, 1993-cü ildən Heydər
Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata
keçirilən və bu gün uğurla davam etdirilən
proseslərin ölkəmizin inkişafı ilə nəticələndiyini
bildirərək dedi:
- Mən
şəxsən hesab edirəm və böyük məmnuniyyət
hissi ilə qeyd etmək istəyirəm ki, 1993-cü ildən
etibarən - Prezident Heydər Əliyev bu ölkəyə rəhbərliyə
gələndən sonra Azərbaycanda böyük inkişaf
başlamışdır. Həmin vaxtlardan etibarən
mən, həmçinin gördüm ki, o, çox
böyük müdrikliyə, uzaqgörənliyə malik bir
şəxsiyyətdir. Çox şadam ki,
cənab Prezident, mənə belə bir fürsət qismət
oldu. Biz Heydər Əliyev Mərkəzində,
yeni binada bu cür nüfuzlu, mühüm, mötəbər iclasımızı
keçirəcəyik və gələn iki gün ərzində
müzakirələrimizi aparacağıq.
Cənab
Prezident, hörmətli birinci xanım, mən gözəl
bilirəm ki, Siz burada hansı fəaliyyəti
aparırsınız və bu, çox yüksək səviyyəli
fəaliyyətdir. Siz Brüsselə səfər
etdiyiniz zaman mən Sizə və birinci xanıma bildirdim ki,
gördüyünüz işlər, sözün əsl mənasında,
möcüzəli nəticələr verir. Biz bu gün görürük ki, Azərbaycanda nələr
baş verir. Biz bilirik ki, ölkəniz
xüsusi əhəmiyyət kəsb edən bir oyunçuya
çevrilir. Həm sosial, həm mədəni, həm də
humanitar sahələrdə siz get-gedə dünyaya daha
çox açılırsınız. Böyük
hörmət və iftixarla mən burada birinci xanımı
salamlayıram. O, Heydər Əliyev Fonduna rəhbərlik
edərək bir çox mühüm sahələrdə hökumətin
gördüyü işləri də üstələyərək
bütün çətinlikləri aradan qaldırır. Təbii ki, məqsəd sırf yaxşı, xeyirxah
işlər görməkdən ibarət deyildir. Məqsəd ondan ibarətdir ki, burada iradə
vardır, razılıq vardır. Biz
bilirik ki, Heydər Əliyev Fondu bir çox işlər
görür, həmçinin müxtəlif təhsil, mədəniyyət
ocaqlarında yeniliklər həyata keçirir.
Biz bilirik ki, Azərbaycan Avropa İttifaqının enerji
təchizatçılarından biridir. Biz
görürük ki, bu gün qarşımızda həmin o
tarix yazılır. İqtisadi əhəmiyyət
artır. Artıq bizim əlimizdə məşəl
yanır. Bu məşəl, alov artıq
güclənir. Məhz belə hisslərlə, cənab
Prezident, mən bildirirəm ki, bu, Sizin fəaliyyətiniz
sayəsində hasilə gələn işlərdir. Buna görə də biz Sizə minnətdarıq.
Bu gün biz, həmçinin Azərbaycanın birinci
xanımı Mehriban Əliyevaya mükafat təqdim edəcəyik. Mən bunu
çox vacib hesab edirəm. Mən bunu
xüsusilə qeyd etmək istəyirəm ki, biz onun fəaliyyətinə
böyük hörmət və rəğbət bəsləyirik.
Biz, eyni zamanda, xüsusilə də burada digər
şəxsiyyətlərin iştirakını da qeyd edirik.
Bilirik ki, uğur əldə etmək, humanitar məqsədlərə
çatmaq istiqamətində qarşımızda duran yol asan
deyildir. Azərbaycan bu gün çox
qeyri-adi nəticələr əldə edərək
düzgün yoldadır. Bu məqsədlə
mən, hörmətli cənab Prezident
çıxışımı bitirirəm.
* * *
Sonra Azərbaycan Prezidenti nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin
nitqi
-
Hörmətli xanımlar və cənablar!
Zati-aliləri!
Mən sizin hamınızı ölkəmizdə
salamlamaq istərdim. Mən Krans Montana Forumuna, onun sədri cənab Karterona təşəkkürümü
bildirmək istərdim. Çox təşəkkür
etmək istərdim ki, o, bu gün Azərbaycana, Bakıya təşrif
buyurub və bu forumda iştirak edir.
Mən bilirəm ki, sizlərdən çoxu Azərbaycana
ilk dəfədir gəlib, ilk dəfədir Azərbaycanda belə
bir forumda iştirak edir. Əminəm ki, siz cəmiyyətimizdə
olan bu inkişaf ruhunu, bu inkişafı özünüz hiss
edəcəksiniz. Çox gözəl
görəcəksiniz ki, Azərbaycanda, Bakıda hansı
işlər həyata keçirilir. Azərbaycan,
Bakı siyasi-iqtisadi sahələrdə dialoqun keçirildiyi,
formalaşdığı yerlərdən birinə
çevrilibdir. Azərbaycan, Bakı
artıq çox mötəbər beynəlxalq forumların
keçirilməsi məkanına çevrilmişdir. Məhz buna görə, çox şadıq.
Bakıda çox müxtəlif məsələlər,
siyasi müstəvidə çox maraqlı mövzular ətrafında
birgə müzakirələr, debatlar, forumlar təşkil
olunur. Bunun hamısı bizim siyasətimizin nəticəsidir,
eyni zamanda, bu, ölkəmizin tarixi irsidir. Ona
görə ki, Azərbaycan tarixən, əsrlər boyu
müxtəlif mədəniyyətlərin, müxtəlif millətlərin
sülh şəraitində yaşadığı bir məkan
olmuşdur. Ona görə də bizim
ölkədə belə tədbirlərin keçirilməsi, müxtəlif
millətlərin, mədəniyyətlərin nümayəndələrinin
bir araya gəlməsi, birlikdə işləməsi,
müzakirələrin, debatların keçirilməsi bizim
üçün çox təbii bir haldır. Biz həmişə öz işimizlə
multikulturalizmi, yəni çoxmədəniyyətlilik amilini
inkişaf etdirməyə üstünlük veririk və bunun
gücləndirilməsinə çalışırıq.
Çünki qloballaşan bugünkü
dünyada başqa bir yol, başqa bir alternativ yoxdur. Ona görə də bir daha qeyd etmək istərdim
ki, müxtəlif etnik mənşəyə mənsub olan,
müxtəlif mədəniyyətləri təmsil edən
insanların əsrlər boyu burada birlikdə yaşaması
Azərbaycan üçün təbii bir hal olub. Azərbaycan çox böyük tarixə malik olan
bir ölkədir. Mən əminəm,
qonaqlarımızın imkanı olacaqdır ki, onlar bizim tarixi
yerlərə baş çəkə bilsinlər, Azərbaycanın
tarixi abidələrini görə bilsinlər və onlara
toxuna bilsinlər.
Müstəqil ölkə olaraq biz yalnız 20 ildir ki,
mövcuduq.
Ötən il biz müstəqilliyimizin
20-ci ildönümünü qeyd etdik. Müstəqilliyimiz
bizim üçün və xalqımız üçün ən
böyük xoşbəxtlikdir, ən böyük dəyərdir.
Xalqımız azadlıq fikri ilə yaşayıb və bu
müstəqilliyə nail olubdur. İndi Azərbaycan
artıq 20 ildir ki, beynəlxalq birliyin üzvüdür və
uğurla inkişaf edir. Bu 20 il ərzində
həm siyasi, həm də iqtisadi sahədə çox ciddi dəyişikliklər
baş vermişdir. Əvvəllər Azərbaycan
həm müstəqil, həm də azad deyildi. Ona görə ki, biz totalitar bir ölkə çərçivəsində
yaşayırdıq.
Ona
görə müstəqillikdən sonra bizdə siyasi müstəvidə
dəyişikliklər, transformasiya baş verdi.
Dövlətçiliyimizin qurulması bizim
üçün çox böyük önəm
daşıyırdı, bizim üçün böyük
imkanlar yaratmışdı. Ancaq çoxlu
çətinliklər də oldu. Lakin buna baxmayaraq, biz
müstəqilliyimizin qazanılması ilə artıq möhkəm
dövlətçiliyimizi yarada və iqtisadi-siyasi sahələrdə
güclü transformasiyaya malik ola bildik. İndi demokratik prosesimizi inkişaf etdirir, gücləndiririk.
Biz qanunun aliliyi, insan haqlarının müdafiəsi
və qorunması sahələrinə çox böyük
önəm veririk. Azərbaycanda
bütün siyasi qurumlar, tərəflər öz fəaliyyətini
uğurla davam etdirirlər.
Eyni zamanda, biz əlbəttə, iqtisadi müstəvidə
də transformasiyaya çox böyük önəm
vermişik və veririk. Ona görə ki, iqtisadi sahəni
inkişaf etdirmədən və güclü iqtisadiyyat qurmadan
siyasi islahatlar mümkün deyildir. Ona
görə də biz bu islahatları paralel olaraq həm siyasi,
həm iqtisadi müstəvidə apardıq. Siyasi və iqtisadi islahatlar bir-birini dəstəkləmişdir
və bugünkü Azərbaycan onu göstərir ki, biz
düzgün yolu seçdik və düzgün işlər
gördük.
Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf
dünyada ən sürətli olmuşdur. Bizim
iqtisadiyyatımız üç dəfə
artmışdır. Sənaye istehsalı
üç dəfə artmışdır. Eyni zamanda, biz sosial problemlərin həllinə
çox böyük önəm vermişik. Ona görə ki, həddən çox çətin
iqtisadi islahatlar bəzi ölkələrdə insanların
narazılığına səbəb olur. Lakin Azərbaycanda bu, olmamışdır. Azərbaycanda
yoxsulluğun səviyyəsi son səkkiz il
ərzində beş dəfə azalaraq 7 faizə enmişdir. Bundan başqa, biz onu nümayiş etdirə bildik ki,
bazar iqtisadiyyatı yolu ilə inkişaf etmək sosial məsələlərin
unudulması demək deyildir.
Azərbaycan sabit iqtisadiyyata malik olan bir ölkədir. Bizdə işsizlik səviyyəsi
5,4 faizdir. Xarici borc ümumi
daxili məhsulumuzun yalnız 7 faizini təşkil edir. Bizim ixracımız idxalımızdan bir neçə
dəfə yüksəkdir.
İqtisadi transformasiya, dəyişikliklər bizə
daha çox islahatlar həyata keçirməyə imkan
yaratmışdır və ölkəmizdə tamamilə yeni
bir vəziyyətin yaradılmasına imkan vermişdir. Azərbaycan
öz hesabına yaşayan, öz hesabına inkişaf edən
ölkədir. Azərbaycan, eyni zamanda,
çox önəmli xarici siyasətini də inkişaf
etdirir. Zənnimcə, bu, hər bir ölkə
üçün çox önəmli bir məsələdir.
Xüsusilə də o ölkə
üçün ki, uzun müddət, əsrlərlə
müstəqil olmamışdır.
Beləliklə, regional əməkdaşlıq məsələləri,
eyni zamanda, bizim üçün çox önəmlidir. Biz regional əməkdaşlığı
gücləndirmək üçün bir neçə layihə
başlamışıq və bu layihələr
xalqımıza və qonşularımıza fayda verəcəkdir.
Biz düşünürük ki, regional əməkdaşlıq
regional təhlükəsizlik olmadan mümkün deyildir.
Ona görə də Azərbaycanın regionda
artan təsiri bölgədə stabilləşdirici amildir, onun
əsasını yaratmışdır.
Müstəqilliyimizi bərpa etdikdən sonra əsas
problemlərdən biri Ermənistan tərəfindən
torpaqlarımızın işğalı olmuşdu. Bu, bizə
çox böyük zərbə vurmuşdur. Bu, ümumiyyətlə, regionun təhlükəsizliyinə,
əməkdaşlığına çox böyük zərbə
vurmuşdur. Dağlıq Qarabağ Azərbaycanın
beynəlxalq müstəvidə tanınmış tarixi ərazisidir
və Ermənistan bu torpaqları işğal etmişdir.
Ermənistan Azərbaycanın bu torpaqlarında etnik təmizləmə
aparmışdır. Ümumilikdə 20 faiz
torpağımız indi erməni işğalı
altındadır. BMT-nin qətnamələri,
Helsinki xartiyası vardır. BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul etmişdir. Bu qətnamələr Ermənistandan öz
qoşunlarını dərhal Azərbaycan torpaqlarından
çıxarmasını tələb edir. Lakin onlar bu qətnamələri icra etməmişlər.
Avropa Şurası, ATƏT və başqa
mötəbər beynəlxalq təşkilatlar belə qətnamələr
qəbul etmişlər. Lakin bunlara əməl
olunmamışdır. Bundan başqa, bu qətnamələrin
uzun illər ərzində icra olunmaması beynəlxalq təşkilatların
bu sahədə işlərinin dəyərini sual altına
qoyur.
Dağlıq Qarabağ demək olar ki, Azərbaycanın
mərkəzində yerləşir və münaqişə ilə
bağlı qəbul edilmiş bütün qətnamələr
bu torpaqların işğaldan azad olunması, oradan zorla
çıxarılmış, qovulmuş insanların öz
doğma torpaqlarına qaytarılması ilə
bağlıdır. Bununla bağlı ATƏT-in
faktaraşdırıcı missiyalarının orada
keçirilən missiyaları göstərmişdir ki, bizim
torpaqlarda - Dağlıq Qarabağda olan bütün tarixi, mədəni
abidələr dağıdılmışdır. Lakin mən əminəm ki, Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edəcəkdir. Ona görə ki, Azərbaycanın ərazi
bütövlüyü BMT tərəfindən qəbul
olunmuşdur. Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz ərazisidir və bu, bütün beynəlxalq təşkilatlar
tərəfindən qəbul olunmuşdur. Dağlıq
Qarabağ ayrıca bir ölkə kimi heç bir dövlət
tərəfindən qəbul olunmamışdır.
Biz bu sahədə böyük diplomatik səylər
görürük. Biz iqtisadiyyatımızı gücləndiririk.
Əminəm ki, bütün bu amillər bizə
öz suverenliyimizi, ərazi bütövlüyümüzü
bərpa etməyə imkan verəcəkdir.
Münaqişə yalnız beynəlxalq hüququn norma və prinsipi əsasında, Helsinki Yekun
Aktı əsasında həll olunmalıdır. O aktda qeyd
olunmuşdur ki, ərazi bütövlüyü prinsipi
xalqların öz müqəddəratını təyin etmək
prinsipi ilə ziddiyyət yaratmamalıdır və
xalqların öz müqəddəratını müəyyən
etmək hüququ ərazi bütövlüyü prinsipi
çərçivəsində həll olunmalıdır.
Bütün bu məsələlər bizim əsas
prioritetlərimizdir. Bizim xarici siyasətimiz tam aydındır.
Biz siyasi və iqtisadi nöqteyi-nəzərdən
beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətimizi
belə qururuq.
Bildiyiniz kimi, Azərbaycan bu yaxınlarda BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan
indi qlobal təhlükəsizlik məsələlərində
öz səsinə malikdir. Ötən ay
Azərbaycan dünyanın bir nömrəli beynəlxalq təşkilatı
olan Təhlükəsizlik Şurasına sədrlik etmişdir
və namizədliyimizi dəstəkləyən bütün
ölkələrə təşəkkürümü bildirmək
istərdim. Bu, onu göstərir ki, ötən 20 il ərzində ölkəmiz özünü
etibarlı tərəfdaş kimi tanıda bilmişdir. Təhlükəsizlik Şurasının qeyri-daimi
üzvü seçilərkən bizi 155 ölkə dəstəkləmişdir.
Bizi dəstəkləyən, Azərbaycana inanan
ölkələrin etimadını doğruldacağıq.
Bu seçimdən sonra mən nitq söylədim, dedim ki, Azərbaycan
ədalət və beynəlxalq hüquq prinsipləri əsasında
fəaliyyət göstərir. Mən onu da qeyd
etdim ki, əksər hallarda beynəlxalq hüquq və ədalət
pozulur. Biz istəməzdik ki, bu, belə
olsun. Azərbaycan buna yol verməyəcəkdir.
Ona görə ki, bütün bu pozuntular beynəlxalq
birliyin böyük problemləridir. Ona görə ki, belə
münaqişələrin həll olunması üçün
qəbul edilən qətnamələr, sənədlər
işləmirsə və beynəlxalq qurumların verdikləri
qərarlar bəzi ölkələr tərəfindən nəzərə
alınmırsa, onlara əməl edilmirsə, onda biz
düşünməliyik ki, belə beynəlxalq qurumların,
onların qərarlarının səmərəli olması
üçün nə etməliyik. Hərdən
elə hallar olur ki, beynəlxalq təşkilatların, məsələn,
xüsusilə də Təhlükəsizlik
Şurasının qərarları bir neçə saat ərzində
icra edilir. Amma bizim problemimizlə
bağlı təəssüf ki, bu, belə
olmamışdır.
Qlobal gündəlikdə duran məsuliyyətdən biri
sülhün, təhlükəsizliyin və əməkdaşlığın
təmin olunmasıdır. Təhlükəsizlik
Şurasının üzvü olaraq Azərbaycan çox
gözəl başa düşür ki, biz bu işdə
çox fəal olmalıyıq. Bizim
ümumilikdə əsas məqsədlərimiz əməkdaşlığı
genişləndirməkdir. Biz əməkdaşlıq və
birgə qarşılıqlı dəstək nəticəsində
məqsədlərimizə nail ola bilərik.
Bizim bu siyasətimiz, beynəlxalq məsələlərə
də, enerji məsələlərinə də aiddir. Siz bilirsiniz ki, Azərbaycan böyük neft və qaz
ehtiyatlarına malikdir. Bizim enerji təhlükəsizliyi
siyasətimiz çox aydındır və dəqiqdir. Əminəm ki, enerji təhlükəsizliyi ilə
bağlı danışıqlar başlayanda müzakirələr
çox maraqlı olacaqdır. Mənə
elə gəlir ki, enerji təhlükəsizliyinin
qarşısını nə alırsa, onu müzakirə etməyə
dəyər.
Azərbaycan bu sahədə investorlarla, sərmayə
qoyan tərəflərlə, şirkətlərlə
qarşılıqlı maraqlar əsasında səmərəli
münasibətlərin qurulmasının tərəfdarıdır
və bunu həyata keçirir. Bundan başqa, enerji
siyasətinin yeni müstəvilərinin
açılmasının tərəfdarıdır. Bundan başqa, Azərbaycan bu siyasəti həyata
keçirməklə qarşısına iqtisadi rifaha və
qarşılıqlı dəstəyə nail olmaq prinsiplərini
və məqsədlərini qoyur.
Enerji amillərindən heç vaxt siyasi məqsədlərə,
hansısa başqa mənfəətlərə nail olmaq
üçün istifadə edilməməlidir. Bizim ölkəmizdə
enerji ehtiyatlarından çox məsuliyyətli şəkildə
istifadə olunur. Bizim gündəlikdə
olan bütün layihələr hələ 1990-cı illərdən
başlayaraq çox uğurla həyata keçirilmişdir.
Biz bir neçə neft və qaz boru kəməri
layihəsini həyata keçirmişik. Bunlar
bu gün bizim enerji ehtiyatlarımızın müxtəlif
istiqamətlərdə nəqlinə imkan yaradır. Azərbaycanın enerji ehtiyatları bəzi Avropa
ölkələrinin ümumilikdə enerji balansının
25-30 faizini təşkil edir və bu rəqəm artır.
Azərbaycan, əsasən neft ölkəsi kimi
tanınmışdır. Belə ki, ilk dəfə
nefti Azərbaycanda tapmışdılar və quruda da ilk dəfə
neft Azərbaycanda hasil olunmuşdur. İndi
Azərbaycan bütün qlobal enerji təhlükəsizliyi məsələlərində
həm də böyük qaz ehtiyatlarına malik olan ölkə
kimi tanınmışdır.
Transanadolu Qaz Boru Kəmərinin inşasına dair
Türkiyə ilə Azərbaycan arasında bu yaxınlarda
imzalanmış müqavilə bunun bariz nümunəsidir. Biz bu layihənin
həyata keçirilməsi ilə Xəzər dənizi, Qara
dəniz və Aralıq dənizi arasında dəhliz
açmış olacağıq. Bu, həm
bizim üçün, həm də qonşularımız
üçün bir enerji layihəsidir. Bu
dəhlizdən artıq nəqliyyat infrastrukturu kimi istifadə
olunmuşdur. Bu, tarixən Azərbaycan,
Gürcüstan və Türkiyə arasında əlaqə
yaratmaq üçün istifadə edilən bir dəhliz
olmuşdur. Bu, eyni zamanda, İpək
Yolunun bərpa olunmasına da öz töhfəsini verəcəkdir.
Bütün bu layihələr Azərbaycanın
qonşularına da fayda verəcəkdir. Biz
bununla həm regionda, həm də ümumiyyətlə, qitədə
enerji xəritəsini dəyişmiş olacağıq. Əlbəttə ki, gündəliyimizdə olan
bütün enerji layihələrini nəzərə alaraq
potensialımızı, təchizat potensialını və
Avropa istehlakçılarının artan ehtiyaclarını
bilirik. Bundan başqa, təbii qaza olan
ehtiyac xüsusilə də nüvə enerjisi istehsalı məntəqələrinin
bağlanmasından sonra daha da artacaqdır. 2020-ci ildən sonra bu, xüsusilə böyük
önəm daşıyacaqdır. Azərbaycan
böyük enerji ehtiyatlarına malik bir ölkə kimi həmin
vaxt Avropanın enerji təhlükəsizliyində çox
böyük rol oynayacaqdır. Biz
hazırda bu məsələlər üzərində işləyirik.
Biz bilirik ki, şaxələndirmə məsələsi
nə dərəcədə önəmlidir. Ona görə ki, bu məsələ həm
istehsalçılar, həm istehlakçılar və həm
də bütün ölkələr üçün önəmlidir.
İstehsalçı, istehlakçı və tranzit ölkələr
arasında
münasibətlərin düzgün qurulması
uğura gətirən yoldur. Əminəm ki,
bizim yeni layihəmiz uğurla həyata keçiriləcəkdir.
Ona görə ki, bizim bu sahədə çox
güclü iradəmiz vardır. Biz bunu
bilirik. Bundan başqa, bizim lazımi maliyyə
gücümüz vardır. Texniki
nöqteyi-nəzərdən də biz bu sahədə çox
bacarıqlıyıq. Bundan başqa, bizim
regionda ənənəvi qonşularımızla, müttəfiqlərimizlə
çox gözəl münasibətlərimiz vardır. Bugünə kimi başladığımız
heç bir layihə uğursuzluğa düçar
olmamışdır. Ona görə də
biz işimizi belə də davam etdirəcəyik.
Bilirəm
ki, bu gün və sabah bizim çox
maraqlı diskussiyalarımız olacaqdır. Forumun
gündəliyi çox genişdir, çox mühüm məsələləri
əhatə edir. Əminəm ki, sizin
fikirləriniz bu müzakirələrdə yeni ideyaların,
yeni yanaşmaların ortaya çıxmasına xidmət edəcəkdir.
Biz gələcək üçün bu
ideyaların üzərində birlikdə işləyəcəyik.
Bir daha deyirəm ki, Azərbaycana xoş gəlmisiniz.
Sizə uğurlar arzu edirəm. Sağ olun.
* * *
Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ
çıxışında yenidən Bakıda
olmağından qürur hissi keçirdiyini vurğuladı. O, beynəlxalq tədbirin
Bakıda, gözəl bir yeni binada - Heydər Əliyev Mərkəzində
keçirilməsini Azərbaycanın sürətli iqtisadi inkişafı
və beynəlxalq aləmdə qazandığı nüfuzla əlaqələndirərək
dedi:
- Mən Azərbaycana birinci dəfə 1990-cı illərin
əvvəllərində gəlmişdim. Çox
xaotik, çox pərakəndə şəkildə fəaliyyətdə
olan bir ölkə idi. Çoxlu yoxsul
insanlar var idi, onların sayı çox idi. Bundan başqa, müharibə vaxtı idi, müharibənin
yükü çox böyük idi. Doğrudan
da, ölkədə elə bil ki, ümidlər yox idi.
Ölkənin inkişafı üçün heç bir
ümid hiss olunmurdu.
Sovet vaxtında da Azərbaycanda təbii ehtiyatlar var idi. Lakin ölkə
yenə də o qədər zəngin deyildi və kasıb idi.
Ona görə də hər şeyi sadəcə
olaraq, təbii ehtiyatlarla bağlamaq olmaz. Məsələn,
dünyada təbii
ehtiyatları olan başqa
ölkələr də vardır. Biz o ölkələrdə
həmin təbii ehtiyatların düzgün paylanmasını
görmürük. Biz həmin ölkələrdə
o təbii ehtiyatların olmasına baxmayaraq, orada bu tərəqqini
görmürük. O ölkələr regionda öz
qonşuları ilə bu sahədə əməkdaşlıq
etmirlər, bu sahədə uğurlu deyillər. Lakin Azərbaycan əslində öz enerji
ehtiyatlarının paylanılması, düzgün
bölünməsi sayəsində iqtisadi sahədə
çox uğurlar əldə etmişdir.
Bundan
başqa, sosial, mədəniyyət və təhsil sahələrində
böyük
inkişafa nail olunmuşdur. Yeni məktəblər
tikilmiş, istifadəyə verilmişdir. Bu,
bütün regiona örnəkdir. Ona
görə ki, bu məsələlər Azərbaycanda həm
də çox ucqar kəndlərdə həll olunur. Bundan başqa, Azərbaycan beynəlxalq müstəvidə,
beynəlxalq aləmdə çox gözəl təmsil
olunmuşdur.
Mixeil
Saakaşvili vaxtilə enerji və yanacaq
çatışmazlığı ilə bağlı
Gürcüstanda yaranmış ağır vəziyyət
zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizmi
xatırladı və buna görə bir daha Azərbaycanın
dövlət başçısına minnətdarlığını
bildirdi. Gürcüstan Prezidenti çıxışında
qloballaşma məsələlərinə toxundu, ölkəsində
həyata keçirilən sosial-iqtisadi islahatlardan
danışdı. "Regional əməkdaşlıq
regional təhlükəsizliyi əks etdirir", - deyən
Saakaşvili bu mənada həyata keçirilən layihələrə
toxundu və tikintisi davam edən Bakı-Tbilisi-Qars dəmir
yolunun beynəlxalq əhəmiyyətini qeyd etdi. Gürcüstan dövlətinin
başçısı "Eurovision" mahnı müsabiqəsinin
yüksək səviyyədə təşkilini Azərbaycanın
daha bir uğuru kimi dəyərləndirdi.
* * *
Monteneqro
Prezidenti Filip VUYANOVİÇ Krans Montana Forumunun yüksək
səviyyədə təşkilinə görə Azərbaycan
Prezidenti İlham Əliyevə təşəkkürünü
bildirərək dedi:
- Mənə Azərbaycanın nailiyyətləri
çox böyük təsir bağışladı. Mən rəsmi
səfərlərimdə Azərbaycan haqqında çox
şey öyrənmişəm. Azərbaycan
rəhbərliyi ilə çoxlu müxtəlif
görüşlər keçirmişəm. Azərbaycanın beynəlxalq prinsiplərə nə
dərəcədə yaxın olduğunu gördüm. Mən gördüm ki, Azərbaycan öz tarixinə
hörmətlə yanaşır, yenicə qazandığı
müstəqilliyini qoruyub saxlayır, iqtisadi nöqteyi-nəzərdən
çox sabit bir ölkədir. Çoxlu
nailiyyətləri vardır. Azərbaycanın
gələcəyə çox dəqiq baxışı
vardır. Azərbaycanın başqa
ölkələrlə çox gözəl əməkdaşlığı
vardır. Bundan başqa, mən Avropa
İttifaqı ilə sizin münasibətlərinizin belə
inkişaf etməsi ilə bağlı verdiyiniz qərarları
çox dəstəkləyirəm və bu qərarlara
hörmətlə yanaşıram. Həmçinin,
ehtiyac olduqda sizin regiondakı ölkələri belə dəstəklədiyinizi
də çox alqışlayıram.
Monteneqronun nümayəndəsi olaraq, mən Azərbaycan
rəhbərliyinə təşəkkürümü bildirmək
istərdim. Xüsusilə də Prezident İlham Əliyevin səylərini
yüksək qiymətləndirirəm. Bizim
ölkəmizlə yaranmış bu gözəl münasibətlərə
və əməkdaşlığa görə təşəkkürümü
bildirmək istərdim. Coğrafi
nöqteyi-nəzərdən o qədər də bir-birinə
yaxın olmayan ölkələr arasında belə gözəl
əməkdaşlığın yaradılması doğrudan
da, böyük işdir. Buna görə
sizə təşəkkürümü bildirmək istərdim.
Hər bir
dövlətin əsas məqsədinin iqtisadi inkişafa nail
olmaqla əhalinin rifahını yaxşılaşdırmaqdan
ibarət olduğunu vurğulayan Monteneqro Prezidenti dövlət
və özəl sektorlar arasında əməkdaşlığın
genişləndirilməsində ölkəsinin təcrübəsindən
danışdı. Dövlətin sosial ədalətin və
ekoloji tarazlığın qorunmasında məsuliyyətinə
toxunan Filip Vuyanoviç bu məsələlərdə
bütün ölkələrin əməkdaşlığının
önəminə də toxundu. O qeyd etdi ki, XXI əsrin yeni
iqtisadi modelində işsizliyin aradan qaldırılması, təhsilin
və mədəniyyətin inkişafı mühüm əhəmiyyət
daşıyır və Monteneqro inkişaf edən cəmiyyət
formalaşdırmaq
üçün bu amilləri diqqət mərkəzində
saxlayır.
* * *
Keçmiş
Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İVANOV
dedi ki, dünya qloballaşdıqca dəyişir və bu,
bütün sahələrdə öz əksini tapır. O,
dünyada gedən miqrasiya problemlərinə toxundu,
yoxsulluğun, baş verən münaqişələrin fonunda
insanların rifahını düşünməyin
aktuallığından danışdı. George İvanov
ölkəsinin inkişaf mərhələləri barədə
də məlumat verdi. NATO-ya
üzvlük, Avropa İttifaqı ilə əlaqələrin
gücləndirilməsi ilə bağlı prioritetlərdən
söhbət açdı. Makedoniya Prezidenti ölkəsinin
Azərbaycanla enerji sahəsində əməkdaşlığa
böyük önəm verdiyini vurğulayaraq bildirdi:
- Biz
bilirik ki, Azərbaycan neft və qaz ehtiyatları ilə
çox zəngin bir ölkədir. Biz də Azərbaycan
ilə bu sahədə əməkdaşlıq etməyə
çox şadıq. Bilirsiniz ki, Makedoniya
da Azərbaycan kimi öz regionunda önəmli bir yer tutur,
önəmli bir enerji dəhlizi rolunu oynayır. Ona görə biz Azərbaycan kimi, bu sahədə
enerji marşrutlarının şaxələndirilməsinə
daha çox önəm veririk.
* * *
Sonra
söz Birləşmiş Ərəb Əmirliyinin Füceyra Əmirliyinin
şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd
əl ŞƏRQİYƏ verildi. O dedi:
- Zati-aliləri
cənab Prezident İlham Əliyev, əziz dostlar!
İlk növbədə, icazə verin bu cür vacib tədbirin
təşkil edilməsi üçün göstərdiyi səylərə
görə Prezident İlham Əliyevə təşəkkür
edim.
Enerji təhlükəsizliyi məsələsi insan təhlükəsizliyinin
təminində vacib amillərdən biridir. Mən qonaqpərvərliyinə
görə cənab İlham Əliyevə çox təşəkkür
etmək istərdim. Çox şadam ki,
Sizinlə belə gözəl şəhərdə, gözəl
ölkədə görüşə bildim. Bu gözəl forumda Birləşmiş Ərəb Əmirliklərini
təmsil etdiyim üçün çox şadam.
"XXI əsrdə
inkişaf üçün böyük potensial vardır",- deyən Birləşmiş Ərəb Əmirliyinin nümayəndəsi bildirdi ki,
enerji təhlükəsizliyi müasir dünyada əsl insan dəyəridir,
biz bunu dəstəkləyib inkişaf etdirməliyik.
* * *
İraqın
Baş nazirinin iqtisadi məsələlər üzrə
müavini Rouş Nuri ŞAVEYS Bakıda keçirilən bu
mötəbər tədbirin dünya ölkələri
arasında əməkdaşlığın genişlənməsinə
yeni töhfələr verəcəyinə əminliyini
bildirdi. O, ölkəsinin neft ehtiyatları, neftdən əldə
olunan gəlirlərin istifadə mexanizmi, həmçinin
qeyri-neft sektoruna göstərilən diqqətdən də
danışdı. Rouş Nuri Şaveys İraqda aparılan
demokratik proseslərə verdiyi dəstəyə görə
Azərbaycan Prezidentinə təşəkkür edərək
dedi:
- Mən
zati-aliləri Prezident İlham Əliyevə təşəkkürümü
bildirmək istərdim.
İraqda aparılan demokratik proseslərdə dəstək
verdiyinə görə Azərbaycana təşəkkürümü
bildirmək istərdim. Azərbaycan bu sahədə
2003-cü ildən fəaldır. Qonaqpərvərliyinizə
görə bir daha təşəkkürümü bildirirəm.
Ümumiyyətlə, gözəl Bakı şəhərində
dostlar arasında olmaqdan çox şadam. Forumun təşkil olunmasında
səy göstərdiyinə görə Jan Pol Karterona təşəkkür
etmək istərdim. Mən Heydər Əliyev Mərkəzində
olmaqdan çox böyük qürur hissi duyuram. Bu binanın memarı iraqlı xanımdır. Mən bunu xüsusilə qeyd etmək istərdim.
* * *
Estoniya
parlamentinin sədri xanım Ene ERQMAN Sovet İttifaqının
dağılmasından sonra bir çox ölkələrdə
gedən iqtisadi inkişaf proseslərindən
danışdı və bu baxımdan Azərbaycanda baş verən
yeniliklərə heyran qaldığını vurğulayaraq
bildirdi:
- Mən
birinci dəfədir ki, Bakıdayam. Bilirsiniz ki,
mən Sovet İttifaqı dövrünü də
görmüşəm. O vaxt biz, üzr istəyirəm
bu sözlərimə görə, Bakıya gəlmək istəmirdik.
Düşünürdük ki, bu, neft emalı
şəhəridir, burada maraqlı bir şey yoxdur. Lakin biz bu gün görürük ki, insanlar öz həyatları
üçün məsələlərə məsuliyyətlə
yanaşsalar, hər şey necə dəyişə bilər.
Allahın verdiyi ehtiyatlardan düzgün istifadə etdikdə
nəyə nail olmaq olar. Prezident İlham Əliyev
demişdir ki, enerji ehtiyatlarından siyasi təzyiq, siyasi məqsəd
üçün istifadə oluna bilməz. Bu, çox düzgün deyilmişdir. Ona görə ki, enerjidən iqtisadiyyatın
inkişafı üçün istifadə etməliyik. Ölkələr iqtisadi vəziyyətlərini
düzəltsələr, yoxsulluğu azalda bilərlər.
Bunlar bir-biri ilə bağlı olan məsələlərdir.
Mən sizin dediyiniz bütün məsələlərlə
tam razıyam. Avropaya bir mənbədən
deyil, müxtəlif enerji qaynaqları lazımdır. Siz qeyd etdiniz ki, müxtəlif dəhlizlər
yaratmısınız. Müxtəlif enerji
dəhlizləri üzrə layihələr həyata
keçirmisiniz. Mən bunu çox
yüksək qiymətləndirirəm.
Xanım Erqman Krans Montana Forumunun əhəmiyyətindən
danışdı və dünyada gedən qloballaşma
prosesinin müxtəlif aspektlərdən müzakirəsi
üçün Bakıda keçirilən bu tədbirin
münbit şərait yaratdığını
vurğuladı.
* * *
Sonra forumda müzakirələr başlandı. Ötən illərdə
Gürcüstanın qazandığı nailiyyətləri
xarakterizə edən Prezident Mixeil SAAKAŞVİLİ ölkəsinin
Azərbaycan ilə uğurlu əməkdaşlıq
qurduğunu, həmçinin respublikamızın, paytaxt
Bakının çox sürətlə inkişaf etdiyini
vurğulayaraq dedi:
-
Baxın, indi Azərbaycana. Belə inkişaf
kimin ağlına gələrdi?! Estoniyadan da xanım
bunu dedi. Bəli, əvvəllər - sovet vaxtı heç kim heç düşünmürdü də
Bakıya o qədər gələk. Hamı
düşünürdü ki, bu bir neft şəhəridir və
s. Lakin hətta beş il bundan qabaq Bakı
fərqli idi. Üç il bundan qabaq
Bakı fərqli görünüşə malik idi. Bakı elə bir şəhərdir ki, saatlar ərzində
dəyişir. Artıq aylardan, illərdən
söhbət getmir. Bu, onu göstərir
ki, bilirsiniz, biz bir-birimizi tamamlayırıq. Bizim aramızda, Gürcüstan ilə Azərbaycan
arasında bu sinergiya, bu birləşmə, bu əməkdaşlıq
bizə çox dəstək olur.
* * *
Müzakirələr zamanı Estoniya-Avropa
İttifaqı əlaqələri barədə də geniş
fikir mübadiləsi aparıldı.
Növbəti sual Azərbaycan Prezidenti İlham Əliyevə
ünvanlandı.
- Növbəti
15 il üçün Azərbaycanın
iqtisadi strukturunu Azərbaycan Prezidenti necə görür?
Prezident
İlham ƏLİYEV: Çox sağ olun,
təşəkkür edirəm. Əslində
doğrudan da, bu, indi bizim diqqət dairəmizdə olan məsələlərdən
biridir. Bilirsiniz ki,
iqtisadiyyatımızın sürətli inkişafı elə
enerji sahəsinin inkişafı ilə
başlanmışdır. Bilirsiniz ki, Azərbaycan
iqtisadiyyatına 100 milyarddan çox sərmayə
qoyulmuşdur və sərmayə qoyuluşu üçün
çox münbit şərait yaradılmışdır.
Lakin enerji layihələrindən əldə
etdiyimiz gəlirlərdən çox səmərəli şəkildə
istifadə edirik. Biz "holland sindromu"nun
ölkəmizdə baş verməsinə yol vermədik.
Bəzi təhlilçilər proqnoz verirdilər
ki, Azərbaycanda da "holland sindromu" olacaqdır. Lakin bu, belə olmadı. Biz
Dövlət Neft Fondunu yaratdıq. Bu gəlirlər
orada toplanır. Aktivlərimiz də orada
toplanır. Biz aktiv və passivlərimizi
idarə edə bilirik və Neft Fondunun idarəçiliyi
parlament debatları əsasında həyata keçirilir.
Yəni, deputatlar qərar qəbul edirlər ki,
oradan nə qədər vəsait götürülməlidir və
hara istifadə olunmalıdır. Bundan
başqa, biz bu vəsaitləri əsasən layihələrin
inkişaf etdirilməsi üçün xərcləyirik.
Biz regionlarda, əyalətlərdə
insanların yaşayış səviyyəsinin yüksəldilməsi
üçün bunu sərf edirik. 2004-cü
ildə qəbul olunan ən önəmli proqramlardan biri
regionların inkişaf etdirilməsi dövlət proqramı
idi. Bu, bizə 9 milyonluq əhalisi olan ölkədə
bir milyondan çox iş yerinin yaradılmasına imkan
vermişdir. Əvvəldə dediyim kimi, 8 il
bundan qabaq yoxsulluq səviyyəsi 49 faiz idi, indi 7 faizdir. Gələcək onilliklər üçün bizim
bununla bağlı çox aydın baxışımız
vardır. Azərbaycanı 2020-2030-cu illərdə
biz necə görürük?! Bizim əsas
məqsədimiz son 8 ildə üç dəfə
artmış ümumi daxili məhsulun daha iki dəfə
artırılmasıdır və xüsusilə də bunun
qeyri-neft və qaz sektorunda olmasını nəzərdə
tutmuşuq. Bundan başqa, məqsədimiz
İKT sahəsinin, müasir sənaye sahələrinin
inkişaf etdirilməsidir. Biz Azərbaycanı
adambaşına düşən yüksək gəlirli
ölkəyə çevirmək istəyirik. Bir neçə il bundan əvvəl neftin qiyməti 140 dollardan
40 dollara düşəndə belə, bizim
iqtisadiyyatımız güclü idi. Ona görə
ki, artıq çoxşaxələnmə siyasəti həyata
keçirilirdi. Bundan başqa, üç
güclü reytinq şirkəti - Standard & Poor's, Fitch,
Moody's Azərbaycanın reytinqini artırmışdır.
Bu, o deməkdir ki, beynəlxalq maliyyə
institutları da bizim gələcəyimizə inanırlar.
Biz İKT-nin inkişaf etdirilməsini, texnoloji
parkların, kosmos sənayesinin inkişaf etdirilməsini nəzərdə
tutmuşuq. Artıq elə bir məqsədə nail olmaq
istəyirik ki, gələcəkdə bizim dövlət məmurlarımız
öz işlərinə başlayanda birinci neft qiymətlərinin
necə olmasına baxmadan başlasınlar.
Keçmiş Yuqoslaviya Respublikası
Makedoniyanın Prezidenti George İVANOV ölkəsinin Avropa İttifaqı ilə əməkdaşlığının
gələcəyinə böyük ümidlər bəslədiyini
vurğuladı.
İSESCO-nun
baş direktoru Əbdüləziz bin Osman Əl-TÜVEYCRİ Prezident
İlham Əliyevə sualında Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi:
- Zati-aliləri
cənab Prezident düzgün dedi ki, BMT Təhlükəsizlik
Şurası çoxlu qətnamələr qəbul
etmişdir və bu qətnamələr
işğalçılardan Azərbaycan torpaqlarından
çıxmağı tələb edir.
Zati-aliləri cənab Prezident bu işğalın necə,
hansı yollarla bitməsini düşünür. Ona görə
ki, Azərbaycanın torpaqlarının 20 faizinin işğal
altında olması beynəlxalq hüquqa ziddir. Ona görə ki, bu, eyni zamanda, regionda olan sabitliyə
çox böyük zərbə vurur, çoxlu sayda Azərbaycan
vətəndaşlarının öz doğma torpaqlarına
qayıtmasının qarşısını alır. Əlbəttə ki, bu, insanların sadəcə
olaraq, ləyaqətlərinə zərbə vurur və
yoxsulluğa da təsirini göstərir. Sizcə,
nəyə görə beynəlxalq təşkilatlar bu qətnamələri
icra etmirlər? Bu işğala son qoymaq
üçün yenə nə etmək lazımdır? Qeyd olunduğu kimi, Təhlükəsizlik
Şurasının 4 qətnaməsi vardır. Nəyə görə biz hamımız öz səsimizi
qaldırmayaq? Nəyə görə tələb
etməyək ki, həmin qətnamələr icra olunsun,
işğal olunan torpaqlar azad edilsin? Bu, axı, beynəlxalq
ikiüzlülükdür! Yəni, ən
yüksək beynəlxalq dairələrdə qətnamə qəbul
etmək, sonra da onları icra etməmək. Ona görə də mən istərdim ki, bu forum
öz işinin sonunda bir bəyannamə qəbul etsin. Bu bəyannamə də Azərbaycanın
hüquqlarını dəstəkləsin.
Zati-aliləri, gələcəkdə biz, doğrudan da,
bu dilemmanın həll olunmasının yollarını necə
tapa biləriksə, bu haqda öz fikirlərinizi söyləsəniz
bunu yüksək qiymətləndirərdim.
Prezident
İlham ƏLİYEV: Sualınıza görə çox sağ olun cənab Əl -Tüveycri.
Doğrudan da bu, yalnız Azərbaycan üçün
deyil, demək olar ki, bütün region üçün
çox ciddi, böyük bir problemdir. Bu, Cənubi
Qafqaz ölkələri üçün çox böyük
bir təhdid, maneə yaradır. Gələcəkdə
birlikdə inkişafın qarşısını alır.
Bundan başqa, Azərbaycan ərazilərinin
işğal edilməsi, yüz minlərlə qaçqın və
köçkünün olması məsələsi çox
böyük problemdir. Əlbəttə ki, buna baxmayaraq,
Azərbaycanda son illər ərzində çox böyük nailiyyətlər qazanılmışdır. Biz bununla çox böyük qürur hissi
keçiririk. Bu qətnamələrin
icrası mənə elə gəlir ki, Ermənistanın
marağında olmalıdır. Mən əminəm
ki, Ermənistan bu işğaldan heç nə qazanmır.
Birincisi, bu, tarixi nöqteyi-nəzərdən ədalətsizlikdir.
Biz tarixdən bilirik ki, ermənilər qonşu ərazilərdən
Dağlıq Qarabağa XIX əsrin əvvəlində
köçürülmüşlər. "Qarabağ"
sözü Azərbaycan mənşəli sözdür. Dağlıq Qarabağ inzibati ərazi vahidi inqilabdan
sonra, sovet dövründə Azərbaycanın tərkibində
yaradılmışdır. Onun Ermənistan
ilə heç bir inzibati sərhədləri yox idi. Bu məkan Azərbaycanın daxilində, mərkəzində
yerləşir. Sovet İttifaqının
dağılmasından sonra ermənilər, Ermənistan,
Qarabağda olan separatçılar Azərbaycana qarşı
müharibəyə başladılar. Orada
yaşayan bütün azərbaycanlıları Dağlıq
Qarabağın özündən və ətraf rayonlardan
çıxardılar və indi həm Dağlıq
Qarabağı, həm də ətrafda olan rayonları
işğal altında saxlayırlar. Eyni
zamanda, etnik təmizləmə apardılar, mən artıq bu
haqda qeyd etdim.
Ermənistan
BMT-nin Təhlükəsizlik
Şurasının və digər beynəlxalq təşkilatların
qətnamələrinin icrasına başlamalıdır. Bu, onun xeyrinədir. Biz heç
vaxt icazə vermərik ki, Azərbaycan ərazisində ikinci
Ermənistan dövləti yaradılsın. Qətnamələr
yalnız belə həll olunmalıdır və nəyə
görə problem həll olunmayıb, bu da çox aydındır.
Beynəlxalq birlik, Təhlükəsizlik Şurasında bu qətnamələri
qəbul edən ölkələr işğalçıya
kifayət qədər təsir göstərmirlər. Əlbəttə, təsir olmalıdır.
İşğal aydındır, heç kim
bunu inkar etmir, hamı bunu bilir. İşğala
son qoyulmalıdır. Biz bu yaxınlarda bununla
bağlı bəzi
müsbət mülahizələr eşitmişik. Xüsusilə də, məsələn, Minsk qrupunun
həmsədrləri tərəfindən. Onlar
bildirirlər ki, status-kvo artıq qəbulolunmazdır. Bu, müsbət bir mülahizədir.
Bu
status-kvonu necə dəyişə bilərik, kim
dəyişməlidir? Ermənistan işğal
olunmuş əraziləri tərk etməyə
başlamalıdır, bundan sonra artıq əlaqə yarana,
qaçqınlarımızın oraya köçürülməsi
başlaya bilər, praktiki tədbirlər görülər.
Lakin Ermənistan bunu etmir. Ancaq
status-kvonun qəbulolunmazlığı ilə bağlı
fikirlər artıq müsbət bir siqnaldır. Digər müsbət bir siqnal ondan ibarətdir ki,
vasitəçilər bu münaqişənin yalnız
sülh yolu ilə həll olunmasının
mümkünlüyünü qeyd etmişlər. Biz bununla razıyıq. Lakin Ermənistanda
sülh yolunu danışıqları uzatmaq, bu torpaqları
istədikləri qədər işğal altında saxlamaq
kimi başa düşürlər. Onlar elə zənn
edirlər ki, danışıqlar hələ 20 il
də gedə bilər.
ATƏT-in Minsk qrupu da bilirsiniz artıq neçə illərdir
ki, yaranıb və fəaliyyətdədir. Mən bu
qeyri-adi vəziyyətin yaranmasından təəssüf hissi
keçirirəm. Yadınızdadırsa,
Liviya barədə qətnamə bir neçə saat ərzində
icra olundu. Ancaq Azərbaycanla, Dağlıq Qarabağla
bağlı qətnamələr 20 ildir ki, icra olunmur. Bu nə deməkdir?
Bu ikili standartlardır. Nəyə
görə, səbəb nədən ibarətdir? Səbəblər haqqında çox danışa
bilərəm. Səbəblərdən biri ikili standartlardır,
ikincisi, dünyada Ermənistan diasporudur. Bu
diaspor Ermənistanın Azərbaycana qarşı
işğalçı siyasətini güclü şəkildə
dəstəkləyir. Başqa səbəblərə
gədikdə, onlar da öz rolunu oynayır. Lakin qeyd etdiyim əsas səbəblər bu səbəblərdir.
Zənnimcə, bu məsələni beynəlxalq
hüquqa uyğun olaraq həll etmək Ermənistanın
xeyrinədir. Ona görə ki, onlar bu
işğaldan heç bir bəhrə görmürlər.
Orada hər şey dağıdılıb, həyat
yoxdur, boşluqdur. Bundan başqa, statistik məlumatlara
görə, bu ilin beş ayı ərzində
minlərlə Ermənistan vətəndaşı ölkəni
tərk etmişdir. Yəni, Ermənistanın əhalisi
get-gedə azalır. Bunun səbəblərindən
biri qonşu ölkəyə qarşı
işğalçı siyasətin yürüdülməsidir.
Bu, beynəlxalq aləmdə Azərbaycana
qarşı həmlələr, təbliğatdır. Mən Ermənistanın qonşuluqla bağlı
siyasətinin başqa cəhətlərindən
danışmaq istəməzdim. Lakin demək
istərdim ki, bu, qeyri-dostyana siyasətdir. Bu
ölkə öz müstəqilliyindən istifadə edərək
qonşuları ilə əlaqələrini, münasibətlərini
normallaşdırmalıdır. Ermənistan
ilə Azərbaycan arasında güclərin
tarazlığı fərqi çox böyükdür. Beş-on ildən sonra bu fərq daha da böyük
olacaqdır. Bu boşluq çox
böyük olacaqdır, müqayisə olunmayan səviyyədə.
Bu, millətlərin milli maraqlarına uyğun
olan bir məsələdir. Bu, Ermənistanda
gəlib-gedən liderlərlə bağlı olan bir məsələ
deyildir. Bu, həmin xalqın öz milli
maraqlarına cavab verməli olan məsələsidir.
Biz öz ərazilərimizin, öz suverenliyimizin bərpa
olunması üçün əlimizdən gələni edəcəyik.
* * *
Forumda
iştirak edən Tunisin nümayəndəsi Azərbaycanda təhsil
və yeni iş yerlərinin yaradılması ilə
bağlı görülən tədbirlərlə maraqlanaraq
dedi:
- Mənim
sualım Prezident İlham Əliyevədir. Cənab Prezident,
qonaqpərvərliyinizə görə sağ olun. Bu gözəl ölkədə apardığınız
işlə bağlı Sizi təbrik etmək istərdim.
Mənim sualım iş yerlərinin açılması və
təhsillə bağlıdır. Tunisdən
olaraq demək istərdim ki, biz doğrudan da, bu "Ərəb
baharı" fəlsəfəsi ilə çox
yaşadıq. Mənə elə gəlir ki, bizdə
baş verən inqilabın əsas səbəblərindən
biri təhsil sistemimizin uğursuzluğa düçar
olması, məzun tələbələrin iş yerləri
tapa bilməməsi idi.
Gələcəkdə
məzun tələbələrə iş yerləri
açmaq üçün hansı strategiyanız vardır?
Prezident
İlham ƏLİYEV: Təşəkkür edirəm. Bu, Azərbaycan üçün önəmli məsələdən
biridir. Bizim də təhsil
üçün strategiyamız vardır və təhsil bizim
prioritet istiqamətlərimizdən biridir. Ona görə
ki, Azərbaycanda müstəqilliyin son illəri ərzində
əldə etdiyimiz bütün nailiyyətlərimiz xalqımızın nailiyyətləridir.
Əlbəttə ki, neft və qaz kifayət
deyildir. Mən bizim həmkarlarımızın,
xüsusilə də neft və qazları olmayanların bu hisslərini
çox yaxşı başa düşürəm. Lakin adətən nefti və qazı olan ölkələrin
bəzilərində inkişaf olmur, kasıb və zənginlər
arasında boşluq artır. Lakin Azərbaycan
bu ölkələrdən deyildir. Azərbaycan
ümumilikdə neft və qaz hasil edən ölkələrin həcmə görə ən
yüksək yeri tutan ölkələr arasında da deyildir. Buna görə də biz neft və qaz sahəsinin
inkişafına çox böyük önəm veririk. Mən həmişə
demişəm ki, təhsili olmayan gənclər ölkə
üçün çox böyük problemlər yaradar.
Biz əminik ki, ölkədə yerlərini
düzgün tutan yüksək bacarıqlı, peşəkar
işçilərin, əməkdaşların, insanların
olması çox önəmlidir. Bizim
insanlarımız təhsillidir. Bizdə əhali
100 faiz təhsillə əhatə olunmuşdur. Bundan
başqa, Prezidentin sərəncamı ilə gənclərimizə
Avropa universitetlərində təhsil almaq
üçün imkanlar yaradılır. Bu, Neft Fondu tərəfindən
dəstəklənir və minlərlə azərbaycanlı
tələbə xaricdə təhsil alır. Azərbaycanda təhsil sistemi
belə yaradılıbdır. Gələcəkdə
bizdə şərait elə olacaqdır ki, bu səviyyə elə
artırılacaqdır ki, vətəndaşlarımızın
xaricə təhsil almaq üçün getmələrinə
ehtiyac qalmayacaqdır. Zənnimcə, belə forumların keçirilməsi,
eyni zamanda, təhsilə də öz töhfəsini vermiş
olur. Ona görə ki, burada bizim
intellektuallarımız, siyasi elmlə məşğul olan gənclərimiz
iştirak edəcəklər. Düşünürəm
ki, bir çox gənclərimiz maraqlanırlar ki, bu binada nə
baş verir və onlar da bu foruma qoşulmaq, onun işində
iştirak etmək istəyirlər.
Mənə elə gəlir ki, bunun siyasi vəziyyətə,
işsizliyə o qədər də birbaşa təsiri yoxdur. Bəlkə də
Tunisdə bunun belə bir təsiri olmuşdur. Lakin zənnimcə,
orada inqilabın səbəbi daha çox sosial və ədalət
axtarışı məsələləri ilə
bağlıdır, nəinki iş yerləri ilə. Mənə elə gəlir ki, gənclər daha
çox istəyirdilər ki, milli sərvətlərində
payları olsun. Bu paylarını ala bilmədiklərinə
görə orada inqilab baş verdi. Biz müstəqilliyimizin ilk illərində çox
yoxsul bir ölkə idik. Sovet
İttifaqı ölkələri arasında ən yoxsul
ölkələrdən biri idik. Küçələrdə
insanlar "Kalaşnikov" avtomatı ilə gəzirdilər,
yəni xaos idi. Təxminən 20 il
bundan qabaq. Ona görə də sosial ədalət
və sərvətlərin ədalətli bölgüsü hər
hansı bir inqilabın, xoşagəlməz proseslərin
qarşısını ala bilər. Mən
bir Prezident kimi deyə bilərəm ki, bu məsələlər
daha önəmlidir, hətta ümumi daxili məhsulun
üç dəfə artmasından da vacibdir. Çünki bu məsələlərlə biz
insanlara daha yaxın oluruq. Ona görə də
təhsil, sosial ədalət, korrupsiyaya qarşı mübarizə,
iqtisadi inkişaf və hamı üçün bərabər
imkanlar prinsipləri çox önəmlidir. Bu prinsiplər ölkənin inkişafına gətirib
çıxarmışdır və bu, gələcək
üçün əsas istiqamətdir və əsas rəhbər
prinsipdir. Çox sağ olun.
Monteneqronun
ötən illərdə əsaslı inkişaf yolu
keçdiyini konkret faktlarla diqqətə çatdıran Prezident Filip VUYANOVİÇ
ölkəsinin Azərbaycan ilə də sıx əməkdaşlıq
qurduğunu vurğulayaraq bildirdı:
- Monteneqro Azərbaycan ilə tamamilə yaxşı
iqtisadi münasibətlərə malik olan ölkəyə
çevrilməyə hazırdır. Bu, onu göstərir
ki, bizim Azərbaycandan olan dostlarımız, Azərbaycandan
olan şirkətlər, biznesmenlər görəcəklər
ki, Monteneqro elə bir ölkədir ki, orada investorlar
üçün münbit şərait
yaradılmışdır. Belə ki,
burada mənfəət əldə etmək üçün
çox yaxşı şərait yaradılmışdır.
Ona görə də bizim bu münasibətləri dəstəkləyərək,
eyni tarixə malik olmağımız, eyni səylər
göstərməyimiz və s. ona gətirib
çıxarmışdır ki, ARDNŞ Monteneqroya da sərməyə
qoyuluşunu həyata keçirdi. Mənə elə gəlir
ki, bu, Azərbaycan ilə Monteneqro arasında gələcək layihələr
üçün yaxşı bir zəmin yaradır. Mən sizi əmin edirəm ki, bu sərmayə
qoyuluşları bizim Boko körfəzində ən
yaxşı yer tutmuş olacaqdır. Bilirsiniz
ki, bu, Monteneqronun ən qabaqcıl yerlərindən biridir.
Burada gözəl komplekslər tikilmişdir.
Mənə elə gəlir ki, bu, Azərbaycanın
başqa şirkətləri üçün yaxşı
nümunədir ki, onlar Monteneqroya sərmayə
yatırsınlar. Zənnimcə bu, iqtisadi
münasibətlərimizin gələcək inkişafı
üçün yaxşı zəmindir. Mən
əminəm ki, Monteneqro ilə Azərbaycanın yüksək
səviyyədə siyasi münasibətləri ölkələrimiz
arasında iqtisadi münasibətlərin də inkişaf
etdirilməsi üçün böyük rol oynayacaqdır.
* * *
Daha sonra
müzakirələrdə ərəb ölkələrində
neft-qaz sektorundan əldə edilən gəlirlərin xərclənməsi
istiqamətləri, Pakistan və İraqın inkişafı
ilə bağlı həyata keçirilən işlər və
nəzərdə tutulan tədbirlər barədə geniş
fikir mübadiləsi aparıldı.
* * *
Rəsmi açılış mərasimi başa
çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin
və xanımı Mehriban Əliyevanın adından forum
iştirakçılarının şərəfinə nahar
verildi.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2012.- 30 iyun.- S. 1-2;
3.