Azərbaycan və
Türkiyə arasında aqrar sahənin
inkişafına dair təcrübə
mübadiləsinin faydalı olacağı barədə fikir mübadiləsi aparılmışdır
İyunun 29-da Azərbaycan Respublikasının baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyətinin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə iki qardaş ölkənin aqrar sektorları arasında işgüzar əlaqələrin mövcudluğu, əməkdaşlığın daim genişləndirilməsinin vacibliyi qeyd olunmuşdur. Strateji tərəfdaşlar olan Türkiyə ilə Azərbaycan arasında siyasi-iqtisadi, mədəni əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi vurğulanaraq ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyətə malik olan kənd təsərrüfatı sahəsində də əməkdaşlığın səmərəli nəticələr verdiyi bildirilmişdir.
Aqrar sahənin inkişafına dair təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağı nəzərə alınmaqla, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsi üçün Azərbaycan və Türkiyə hökumətləri tərəfindən bütün lazımi addımların atılacağı qeyd edilmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə
geniş fikir
mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2012.- 30 iyun.- S. 4.