Krans Montana Forumu çərçivəsində
Bakıda “Qadın hüquqları insan hüquqlarıdır, insan
hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas keçirilmişdir
Azərbaycanın
birinci xanımı Mehriban
Əliyevaya Krans Montana
Forumunun “Prix
de la Fondation” mükafatı təqdim olunmuşdur
İyunun 29-da Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində "Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur" mövzusunda plenar iclas olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iclasda iştirak etmişdir.
AzərTAc xəbər verir ki, iclası açan Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mərasim iştirakçılarına təqdim etdi.
O bildirdi ki, forumun ən ali mükafatı olan "Prix de la Fondation" mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. Bu sırada qadınlar olanda isə mükafat daha böyük məna və mahiyyət kəsb edir.
"Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır", - deyən Jan Pol Karteron bildirdi ki, bu irs Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdən miras qalmışdır. İndi bu böyük insanın adını daşıyan fond regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman və təbii ki, qadın hüquqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən danışdı, Prezident İlham Əliyevin ölkəmizdə gördüyü işlərin yüksək səviyyədə həyata keçirilməsində onun yaxından iştirak etdiyini vurğuladı.
Sonra mükafatlandırma mərasimi oldu.
Krans Montana Forumunun ən ali mükafatı - "Prix de la Fondation" Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edildi.
Təltif olunmasına görə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA dedi:
- Mən Krans Montana Forumunun prezidentinə təşəkkürümü bildirmək istərdim. Bu qərarı qəbul edənlərin hamısına təşəkkürümü bildirmək istərdim.
Krans Montana Forumundan belə yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif sahələrdə qazandığı nailiyyətlərin tanınmasının bir rəmzi kimi qəbul edirəm. Həmçinin mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər, müxtəlif millətlər arasında əlaqələrin daha da yaxşılaşdırılmasındakı nailiyyətlərinin rəğbətlə qəbul edilməsinin bir nişanəsi kimi dəyərləndirirəm. Çox sağ olun.
Eyni mükafat Beynəlxalq İnkişaf, Siyasi və İnsan Hüquqları Təşkilatının baş məsləhətçisi, Liviyadan olan xanım Fəridə Allagiyə də verildi.
Fəridə Allagi də çıxışında mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirdi.
Sonra "Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur" mövzusunda plenar iclas işə başladı.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva plenar iclasda
çıxış etdi.
Mehriban xanım Əliyevanın
çıxışı
- Xanımlar və cənablar,
hörmətli dostlar, həmkarlarım!
Əvvəlcə,
mən sizin hamınızı salamlamaq istərdim. Krans Montana
Forumunun bütün iştirakçılarını Bakı
şəhərində salamlayıram.
Biz
bu forumu elə bir şəhərdə keçiririk ki, bu
şəhər beynəlxalq müstəvidə mədəniyyətlərarası
dialoqun yaradılmasına və inkişafına xidmət edən
bir məkandır. Mən Krans Montana Forumunun prezidenti Karteronu və
İSESCO-nun baş direktoru əl-Tüveycrini burada xüsusilə
qeyd etmək istərdim. Onlara bu forumda iştiraklarına
görə təşəkkürümü bildirmək istərdim.
Ümidvaram
ki, siz bizim ölkəmizdə, şəhərimizdə
çox gözəl vaxt keçirəcəksiniz və
Bakının gözəlliklərindən feyziyab
olacaqsınız.
Beləliklə,
bu iclasın mövzusu doğrudan da, çox önəmlidir.
Ona görə ki, qadınların hüquqlarının təşviqi
və gender bərabərliyi məsələləri hələ
ki, gündəlikdə durur. Mən əminəm ki, müzakirələrimiz
bizə imkan yaradacaqdır ki, bu mövzularla bağlı
doğrudan da, çox yaxşı və səmərəli
fikir mübadiləsi aparılsın.
Mən
qadın olaraq siyasi və iqtisadi azadlıqlara
üstünlük verirəm. Bu, qadınlara imkan verəcəkdir
ki, onlar ölkənin bütün həyatında,
bütün siyasi-iqtisadi sahələrində fəal
iştirak edə bilsinlər. Bununla da onlar öz
azadlıqlarını bərqərar etmiş olacaqlar.
Qadınların iqtisadi azadlığı kişilərlə
bərabərlikdə onlara əmək azadlığı və
digər azadlıqları vermiş olacaqdır.
Qadınlar
uzun müddət tarixdə öz haqları uğrunda
mübarizə aparmışlar. Məsələn, 1983-cü
ildə Hollandiyada qadınların hərəkatı
hamının yadındadır. Bundan başqa, Şərqdə
ilk dəfə səsvermə hüququnun qadınlar tərəfindən
qazanıldığı hamının gözəl
yadındadır. Həmçinin qadınlar get-gedə
dövlət dairələrində daha yüksək yerlər
tuturlar.
Qeyd
etdiyim kimi, qadınlar digər sahələrdə olduğu
kimi, iqtisadi azadlıqların qazanılmasında da uğurlar əldə
etmişlər. Müxtəlif ölkələrdə
yaşayan qadınların nailiyyətləri bu mübarizənin
çox uğurlu olduğunu göstərir. Əksər
ölkələrdə qadınlar onlara məxsus olan əmlak
ilə bağlı çox çətinliklərlə
rastlaşmışlar. Bu proseslər indi də davam edir.
Milyonlarla qadının fundamental azadlığı hər
gün - hətta üçüncü minillikdə də
pozulur. Ayrı-seçkilik dünyanın çox yerlərində
- həm Şərqdə, həm də Qərbdə müxtəlif
formalarda mövcuddur.
Bugünkü tədbirimiz kimi tədbirlər həm qadınların rastlaşdığı problemlərin müzakirəsinə, eyni zamanda, təcrübələrimizi bölüşməyə, bir-birimizdən öyrənməyə, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların qadınların hüquqlarının təşviqi işinə cəlb olunmasına imkan yaradır.
Hörmətli dostlar, qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması sahəsində Azərbaycan çox nadir təcrübəyə malikdir. Bu, Azərbaycanda qadınlar üçün təhsil imkanlarının daha da genişləndirilməsi sahəsində özünü göstərmişdir. Şərq dünyasında qadınlar üçün ilk dünyəvi məktəb Azərbaycanda açılmışdır. Şərqdə ilk demokratik parlament respublikası Azərbaycanda yaradılmışdır. Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən etmişdir.
Azərbaycan 20 il bundan əvvəl öz müstəqilliyini yenidən qazanmışdır. Açıq cəmiyyət, demokratiya və inkişaf yolunu tutan ölkəmiz dövlətçiliyin qurulması sahəsində çoxlu çətinliklərlə üzləşmişdir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur. Bunun nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu rəqəmlərin arxasında yüz minlərlə qadının, qızın öz evlərini itirməsi, talelərinin qırılması problemləri durur.
Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan bu gün çox sürətlə inkişaf edən ölkədir. Bizim sürətli iqtisadi inkişafımız dünyanın rekordlarını vurmuşdur. Sürətli iqtisadi inkişafımız Azərbaycan qadınları üçün yeni imkanlar açmışdır. Azərbaycan qadınları fəal surətdə ölkə həyatının müxtəlif sahələrində fəaliyyət göstərir, dövlət qulluqçuları, parlament üzvləri, vətəndaş cəmiyyətinin fəalları kimi çalışırlar. Bundan başqa, qadınlar arasında çox bacarıqlı tələbələr, müəllimlər, professorlar vardır. Həmçinin qadınlarımız prioritet məsələlərdə çox fəaldırlar. Məsələn, biz Azərbaycanda gender bərabərliyi haqqında qanun qəbul etdik. Bundan başqa, 2008-ci ildən ölkədə qadın məsələləri üzrə Tədbirlər Planını həyata keçiririk. Bu Plana əsasən, qadınların sosial-iqtisadi hüquqlarının qorunması ilə bağlı tədbirlərin görülməsi nəzərdə tutulur. Azərbaycanın digər mədəniyyətlərə və dinlərə münasibətdə qədim tolerantlıq ənənələri vardır.
Biz müxtəlif beynəlxalq forumlarda iştirak etmişik. Bu forumlarda çoxşaxəli biliklərimizi, bu sahədə olan təcrübələrimizi bölüşmüşük. Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən mədəniyyətlərarası dialoq da, bu forum da qadınların cəmiyyətdə nə dərəcədə fəal rol oynamasını, bu sahədə nə qədər fəal olmasını bir daha göstərmişdir.
Hörmətli xanımlar və cənablar, biz XXI əsrdə də ədalətsizliklə rastlaşırıq. Təəssüf ki, bugünkü həyatda bizim uşaqlarımız hələ də müharibələrin, müxtəlif münaqişələrin, qəddarlıqların baş verdiyi, tolerantlığın olmadığı bir dünyada yaşayırlar. Çox önəmli olan insan hüquq və azadlıqları qorunmalıdır. Bundan başqa, BMT-nin Minilliyin İnkişaf Məqsədləri geniş şəkildə, vaxtında yerinə yetirilməlidir.
Xanımlar və cənablar, mən əminəm ki, bu görüşümüz insan haqlarının, xüsusilə də qadın haqlarının, hüquqlarının qorunması sahəsində bütün məqsədlərimizə nail olmaq üçün bizə kömək edəcəkdir.
Mən sizə bizimlə bu gün olduğunuza görə, bu iclasda iştirak etdiyinizə görə təşəkkür etmək istərdim. Sizə xoşbəxtlik, uğurlar və rifah arzu etmək istərdim. Diqqətinizə görə təşəkkür edirəm.
* * *
"Qadınlar kişilərlə bərabər hüquqludur, bəzi hallarda isə onlardan üstündür", - deyən CNN telekanalının keçmiş aparıcısı Larri Kinq mühüm əhəmiyyət daşıyan iclasın işinə uğurlar arzuladı.
Nigerin birinci xanımı Aissata İssufu Mahamadu Azərbaycan Prezidentinə və onun xanımına bu cür yüksək səviyyəli forumun təşkil olunmasına görə minnətdarlığını çatdırdı. O, ölkəsində qadın hüquqlarının təmin olunması istiqamətində görülən işlərdən danışdı.
Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın birinci xanımı Maya İvanova da forumda iştirak üçün dəvətə görə Mehriban Əliyevaya təşəkkürünü bildirdi. Birinci xanım dedi ki, insan haqlarının mühüm tərkib hissəsi olan gender bərabərliyinin qorunub saxlanması beynəlxalq səviyyədə layiqli yerini tutmalıdır.
Monteneqronun birinci xanımı Svetlana Vuyanoviç qeyd etdi ki, qadın hüquqlarının pozulması ilə bağlı mövcud stereotiplərə son qoyulmalı, gender bərabərliyi demokratik cəmiyyətlərin əsas atributuna çevrilməlidir.
Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs ölkəsində qadınlarla bağlı həyata keçirilən layihələrdən danışdı. Xüsusilə də qadınların səhiyyə ilə bağlı ehtiyaclarının ödənilməsi, uşaq ölümünün qarşısının alınmasının vacib olduğunu bildirdi. O, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təhsil sahəsindəki fəaliyyətinin böyük maraqla qarşılandığını diqqətə çatdırdı.
Keniya Baş nazirinin xanımı İda Odinqa ölkəsində qadınlara daha geniş səlahiyyətlərin verilməsi, onların seçkilərdə təmsil olunması ilə bağlı tədbirlərin görüldüyünü dedi.
Gürcüstan Universitetinin Qəyyumlar Şurasının sədri Giuli Alasania ölkəsində gender problemləri sahəsində qəbul olunmuş qanunlardan danışdı. O, qadınların parlamentdə təmsil edilməsi baxımından ölkəsinin zəngin təcrübəyə malik olduğunu vurğuladı.
İtaliyanın Mediterraneo Fondunun təsisçisi və sədri Mişel Kapasso bu forumda aparılan müzakirələr nəticəsində səmərəli irəliləyişlərə nail olunacağına əminliyini bildirdi.
Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadınların hüquqlarının reallaşdırılması üçün geniş imkanların açıldığını, mühüm qanunların qəbul edildiyini diqqətə çatdırdı. Bu sahədə Azərbaycanın birinci xanımının rolunu xüsusilə qeyd edən H.Hüseynova Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə gender bərabərliyinin təmin olunması, məişət zorakılığının aradan qaldırılması haqqında qanunların qəbul edildiyini diqqətə çatdırdı.
Finlandiyanın Beynəlxalq Qadınlar Şurasının sədri xanım Laura Finne-Elonen rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, bu qurum qadınlarla bağlı önəmli məsələləri nüfuzlu beynəlxalq təşkilatların qarşısında qaldırmaqla həmin problemlərin həll olunmasına mühüm töhfə verir. O, qadınların hüquqlarının qorunması sahəsində Azərbaycanın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi.
Digər qonaqlar da çıxışlarında dünyada qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin olunması sahəsində ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkdilər. Bu cür ciddi problemlərin aradan qaldırılmasında müxtəlif ölkələrin birinci xanımlarının üzərinə böyük vəzifələrin düşdüyünü dedilər. Qeyd olundu ki, cəmiyyətin müxtəlif sahələrində qadınların rolunun gücləndirilməsi, onların öz fəaliyyətləri ilə bu prosesdə iştirakının təmin olunması indi qarşıda duran ən vacib məsələlərdəndir. Bildirildi ki, bütün bu amillərin həyata keçməsi üçün qadınlara daha çox səlahiyyətlərin verilməsi vacibdir və ən əsası da qadın hüquqlarının qorunması sahəsində beynəlxalq və yerli qanunvericiliyin möhkəmləndirilməsi əsas məqsədlərdən biri kimi qəbul edilməlidir. Bundan əlavə, Minilliyin İnkişaf Məqsədlərinə nail olunmasında qadınların rolu gücləndirilməli, bu sahədə prioritetlər müəyyənləşdirilərkən onların da təcrübəsindən istifadə edilməlidir.
Plenar iclasa yekun vuran İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri belə gözəl tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını çatdırdı.
AzərTAc
Azərbaycan.- 2012.- 30 iyun.- S. 5.