Müasir mərhələdə Azərbaycan-Rusiya
əməkdaşlığına həsr edilmiş
mətbuat konfransı keçirilmişdir
İyunun 29-da "Novosti" beynəlxalq mətbuat mərkəzində Rusiyanın Siyasi Konyunktur Mərkəzinin baş direktoru Sergey Mixeyevin və Xəzər Əməkdaşlığı İnstitutunun baş direktoru və Postsovet məkanında ictimai-siyasi proseslərin öyrənilməsi üzrə informasiya-təhlil mərkəzinin direktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dekan müavini, "Şimal-Cənub" politoloji mərkəzinin direktoru Aleksey Vlasovun mətbuat konfransı keçirilmişdir. AzərTAc xəbər verir ki, mətbuat konfransı "Rusiya-Azərbaycan dialoqu - 2012" üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun yekunlarına, müasir mərhələdə Azərbaycan-Rusiya əməkdaşlığı məsələlərinə və regionda vəziyyətə həsr edilmişdir.
Sergey Mixeyev qeyd etmişdir ki, Rusiya-Azərbaycan regionlararası forumu kifayət qədər uğurlu keçmiş, müxtəlif sahələrdə əməkdaşlığa dair bir neçə saziş imzalanmış, bir sıra maraqlı məsələlər müzakirə edilmişdir. Əvvəlki forumların təcrübəsi göstərir ki, bu tədbirlərin hər birində əməkdaşlığın aktual problemlərinin müzakirə edilməsi ilə yanaşı, qarşılıqlı faydalı sazişlər bağlanır.
Forumda Azərbaycan və Rusiyanın Xəzərdə qarşılıqlı fəaliyyəti məsələləri də müzakirə edilmişdir.
S.Mixeyevin sözlərinə görə, müzakirələrin məqsədi ölkələrimizlə manipulyasiya edilməsinə imkan verməyən mənafelər balansı tapmaqdan, təkcə neft və qaz problemlərindən ibarət olmayan inkişaf taktikası yaradılmasından ibarətdir. Neft-qaz gəlirlərinin Xəzərdə infrastrukturun və innovasiyalı sahələrin inkişafına sərmayə yatırılması vacibdir. Bakıda Xəzər Əməkdaşlıq İnstitutunun filialı açılmışdır, Qazaxıstanda da belə bir filial vardır, İranla bu mövzuda danışıqlar aparılır. Rusiyalı politoloqun fikrincə, bu institutun filiallarının fəaliyyəti Xəzəryanı ölkələrin ekspertləri arasında dialoqu stimullaşdıracaqdır.
Aleksey Vlasov qeyd etmişdir ki, dünənki forum çərçivəsində rusiyalı və azərbaycanlı ekspertlər qrupu tərəfindən hazırlanmış "Avrasiya modernləşmə layihəsinin formalaşması şəraitində Rusiya ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi əlaqələrin perspektivləri" mövzusunda məruzə təqdim edilmişdir.
A.Vlasov bildirmişdir ki, Bakı Avrasiya Gömrük İttifaqı çərçivəsində etibarlı tərəfdaş ola bilər. Azərbaycanın xarici siyasətində çoxvektorluluq uğurlu konsepsiyadır. Bu format qarşılıqlı fəaliyyətin səmərəli variantını müəyyən etməyə imkan verir. Politoloq demişdir: "Bu gün Avropada inteqrasiyadan məyusluq əhvalı genişlənir. Lakin heç kəs Bakını seçim qarşısında qoymur, əksinə, Bakı Avropa ilə Asiya arasında körpü ola bilər".
Avrasiya İttifaqı vahid siyasi, iqtisadi,
hərbi, gömrük, humanitar
və mədəni məkana malik olan dövlətlərin konfederativ
ittifaqının layihəsidir. Belə bir
ittifaqın Rusiya, Qazaxıstan, Belarus və MDB-nin müvafiq sahəvi inteqrasiya
strukturları bazasında
yaradılması nəzərdə tutulur.
Azərbaycan.- 2012.- 30 iyun.- S. 5.