Krans Montana Forumu çərçivəsində
interaktiv sessiyalar keçirilmişdir
İyunun
29-da Bakıda Krans Montana Forumu çərçivəsində
interaktiv sessiyalar keçirilmişdir.
"Uzaq
Şərqi Avropa və enerji: təhlükəsizlik əsas
çağırışdırmı?" mövzusunda
keçirilən birinci sessiyada çıxış edən
Fransanın beynəlxalq terror məsələləri üzrə
mütəxəssisi Jean-Louis Brugviere aparılacaq müzakirənin
əhəmiyyətini vurğulamışdır. O, bu gün
dünyada enerji təhlükəsizliyinin böyük əhəmiyyət
daşıdığını qeyd etmişdir.
Jean-Louis
Brugviere Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həll olunmamasının Cənubi
Qafqazın və Şərqi Avropanın enerji təhlükəsizliyinə
ciddi təhdid olduğunu demişdir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının
hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərov qonaqları salamlamış və
mövzunun əhəmiyyətindən
danışmışdır. Fuad Ələsgərov
bildirmişdir ki, Şərqi Avropada təhlükəsizliyin,
o cümlədən enerji təhlükəsizliyinin təmin
edilməsi məsələlərinə həsr olunan bu sessiya
ayrı-ayrılıqda regionun istənilən dövləti, həmçinin
bütövlükdə Avropa və dünya birliyi
üçün həyati əhəmiyyət kəsb edir.
Prezident Administrasiyasının şöbə müdiri diqqətə
çatdırmışdır ki, ölkəmizdə enerji təhlükəsizliyi
məsələlərinin həlli istiqamətində əsaslı
tədbirlər görülür. Onların həyata
keçirilməsi ümummilli lider Heydər Əliyevin neft
strategiyasının reallaşdırılması sayəsində
mümkün olmuşdur. Fuad Ələsgərov bu gün bu
strategiyanın Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini demişdir.
Monteneqro
Prezidenti Filip Vuyanoviç və digər
çıxış edənlər də mövzu ilə
bağlı fikirlərini bildirmiş, enerji təhlükəsizliyinin
bu gün Avropada böyük əhəmiyyət
daşıdığını bildirmişlər.
Forum çərçivəsində
keçirilən digər sessiya isə "Enerji, təbii
ehtiyatlar, müstəqillik, qarşılıqlı
asılılıq və beynəlxalq məsələlər"
mövzusuna həsr edilmişdir. Sessiyada çıxış
edən İRİS təşkilatının tədqiqat departamentinin professoru
François Bernard Huyghes forumun əhəmiyyətindən
danışmışdır. Qeyd edilmişdir ki, bu gün
çox aktual olan "Enerji, təbii ehtiyatlar, müstəqillik,
qarşılıqlı asılılıq və beynəlxalq
məsələlər" mövzusunda bu sessiyanın
keçirilməsi təqdirəlayiqdir. Bildirilmişdir ki, bu
cür məsələlərdə qarşılıqlı fəaliyyət
göstərilməlidir.
Sənaye
və energetika naziri Natiq Əliyev Azərbaycanın enerji
ehtiyatları ilə zəngin olduğunu diqqətə
çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanda
enerji və təbii ehtiyatlardan səmərəli istifadə
olunur. Nazir bu ehtiyatların qorunması istiqamətində həyata
keçirilən işlər barədə ətraflı məlumat
vermişdir. Azərbaycanın neft tarixindən danışan
N.Əliyev ölkəmizin iştirak etdiyi şaxələndirilmiş
tranzit layihələrindən danışmış və bir
müddət əvvəl Türkiyə Respublikası və Azərbaycan
Respublikası arasında Transanadolu Qaz Boru Kəməri üzrə
Hökumətlərarası Müqavilənin əhəmiyyətini
vurğulamışdır.
Rumıniyanın
keçmiş prezidenti İon İliyesku və digər
çıxış edənlər bütün dünyada
enerji ehtiyatlarından səmərəli istifadənin
vacibliyini diqqətə çatdırmışlar.
"Regional
münaqişənin enerji siyasətinə təsiri"
mövzusunda keçirilən digər sessiyada Krans Montana
Forumunun elmi şurasının professoru Daniel Varner mövzunun əhəmiyyətindən
danışmışdır. Qeyd etmişdir ki, forum çərçivəsində
belə sessiyaların keçirilməsi enerji siyasətinə
öz müsbət təsirini göstərəcəkdir.
Azərbaycan
Respublikası xarici işlər nazirinin müavini Araz Əzimov
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ölkəmizin enerji siyasətinə təsiri
barədə sessiya iştirakçılarına məlumat
vermişdir. Qeyd etmişdir ki, münaqişənin həll
olunmamasına baxmayaraq, Azərbaycan uğurlu enerji siyasəti
həyata keçirərək
dinamik inkişaf edir.
Fələstin
hökumətinin nümayəndəsi Saeb Erakat və digər
çıxış edənlər mövzu ilə
bağlı öz fikirlərini bölüşmüşlər.
Qeyd edilmişdir ki, qloballaşan dünyanın ən
mühüm məsələlərindən olan enerji sahəsi
bütün dövlətlər üçün böyük əhəmiyyət
kəsb edən bir mövzuya çevrilmişdir. Belə ki,
artıq enerji dövlətlərarası münasibətləri
müəyyənləşdirən həlledici amil kimi
çıxış edir.
Bildirilmişdir
ki, müxtəlif regionlarda çoxsaylı münaqişə
ocaqlarının mövcud olması, onların həlli istiqamətində
həyata keçirilən tədbirlər dünya dövlətlərinin
enerji siyasətinə təsirsiz ötüşmür. Belə
münaqişələr beynəlxalq birlik üçün
vacib olan regionlarda baş verdiyi halda bu təsir
özünü daha çox göstərmiş olur.
"Regional nəqliyyat
strategiyasının həyata keçirilməsi"
mövzusunda sessiyada çıxış edən
Macarıstanın keçmiş Baş naziri Peter Medgyessi
sessiyanın əhəmiyyətindən
danışmış, Azərbaycanın coğrafi
mövqeyinin beynəlxalq tranzit dəhlizi üçün
çox əhəmiyyətli olduğunu demişdir.
Azərbaycanın
nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, ölkə iqtisadiyyatının
yüksəlişi fonunda beynəlxalq ticarətin həcminin
artması nəqliyyat sektorunun da inkişafı və
müasirləşdirilməsinə investisiya qoyuluşuna
şərait yaradır. 2011-ci ildə nəqliyyat yol kompleksinə
2,2 milyard ABŞ dolları məbləğində investisiya cəlb
edilmişdir. Son 5 ildə yükdaşımalarının orta
illik artım tempi 6,9 faiz olmuşdur.
Digər
çıxış edənlər də mövzunun əhəmiyyətinə
toxunmuşlar.
"Beynəlxalq
Qaz İttifaqının qazla bağlı qlobal
baxışları: davamlı enerji gələcəyinə
aparan yollar" mövzusunda keçirilən sessiyada da
çıxış edən Krans Montana Forumunun elmi
şurasının professoru Daniel Varner mövzunun əhəmiyyəti
barədə iştirakçılara ətraflı məlumat
vermişdir. O, bu gün davamlı enerji gələcəyinə
gedən yolda qazla bağlı qlobal baxışların
mövcudluğundan danışmışdır.
Beynəlxalq
Qaz İttifaqının baş katibi, Səudiyyə Ərəbistanının
"Aldar Properties" şirkətinin infrastruktur rəhbəri
George Kenich və digər çıxış edənlər
də "Beynəlxalq Qaz İttifaqının qazla
bağlı qlobal baxışları: davamlı enerji gələcəyinə
aparan yollar" mövzusunda sessiyanın keçirilməsini təqdirəlayiq
hesab etmişlər. Bildirilmişdir ki, bu cür məsələlərdə
qarşılıqlı fəaliyyət göstərilməlidir.
"İKT
elektron hökumət, kiber mühafizə və
qloballaşma" mövzusunda keçirilən növbəti
sessiyada çıxış edən İRİS təşkilatının tədqiqat departamentinin professoru
François Bernard Huyghes mövzunun əhəmiyyətindən
danışaraq müasir qloballaşan dünyada
informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə
istifadə olunmasının vacibliyini
vurğulamışdır.
Azərbaycanın
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
informasiya-kommunikasiya texnologiyalarının ölkəmizdə
geniş şəkildə tətbiq edilməsindən və bu
istiqamətdə beynəlxalq təcrübədən istifadə
olunmasından danışmışdır. "Elektron
hökumət" layihəsinin uğurlu icrasından
danışan nazir vətəndaşlar, o cümlədən
dövlət qurumları arasında informasiya mübadiləsinin
elektron şəkildə şəffaf formada həyata
keçirildiyini demişdir.
Estoniyanın
iqtisadiyyat və rabitə naziri Yuhan Parts və digər
çıxış edənlər də qloballaşma
dövründə kiber mühafizə sistemlərinin geniş
şəkildə tətbiqini və dünya ölkələri
arasında informasiya mübadiləsinin müasir texnoloji
yeniliklər əsasında aparılmasının əhəmiyyətini
qeyd etmişlər.
"Bərpa
olunan enerji və enerji təhlükəsizliyi"
mövzusunda sessiyada çıxış edən Civitetis Beynəlxalq
Şirkətinin rəhbəri Jan Morter dünyada gündən-günə
enerji resurslarına olan tələbatın
artdığını bildirmişdir.
Vurğulanmışdır ki, bu baxımdan bərpa olunan
enerjilər xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan
Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa
Olunan Enerji Mənbələri üzrə Dövlət
Agentliyinin direktoru Akim Bədəlov ölkəmizdə bu sahəyə
göstərilən dövlət qayğısından
danışmışdır. Bildirilmişdir ki, alternativ və
bərpa olunan enerji mənbələrindən istifadəyə
dair müvafiq dövlət proqramları uğurla icra edilir. O
qeyd etmişdir ki, artıq Azərbaycanda alternativ enerjidən
istifadə ilə yanaşı, bu sahədə tətbiq edilən
avadanlığın istehsalı üçün də müəssisələr
yaradılmışdır.
Nigeriyanın
layihələr üzrə dövlət katibi Amadou Sisse və
digər çıxış edənlər hazırda beynəlxalq
aləmdə alternativ və bərpa olunan enerjiyə
böyük ehtiyacın olduğunu və bu istiqamətdə
dünya ölkələrinin sıx əməkdaşlığının
vacibliyini vurğulamışlar.
"Turizm
və beynəlxalq əməkdaşlığın
sivilizasiyalararası dialoqa təsiri" mövzusunda
keçirilən sessiyada çıxış edən
Dünya Turizm Təşkilatının baş direktoru
Françesko Frangali mövzu ilə bağlı fikirlərini
bölüşmüşdür. Qeyd etmişdir ki, son illərdə
dünyanın müxtəlif xalqlarını bir araya gətirmək,
sivilizasiyalararası dialoqu inkişaf etdirmək və bu yolla
beynəlxalq əməkdaşlığa töhfə vermək
istiqamətində bir çox mühüm tədbirlər həyata
keçirilir.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev vurğulamışdır ki, Azərbaycan turizmin
inkişafında mühüm nailiyyətlər əldə
etmişdir. Nazir bildirmişdir ki, ölkəmiz ev sahibliyi
etdiyi humanitar və mədəni tədbirlərlə beynəlxalq
aləmdə müxtəlif mədəniyyətlərin
qovuşduğu məkan statusunu qazanmışdır.
Mədəniyyətlərarası
dialoqun genişləndirilməsində turizmin özünəməxsus
rolu vardır. Bu sahələr bir-biri ilə
qarşılıqlı surətdə əlaqəlidir. Tədbirdə
həmçinin aqroturizmin inkişaf etdirilməsinin vacibliyi
qeyd edilmişdir. Vurğulanmışdır ki, turizmin bu
istiqaməti müxtəlif ənənələrə malik
xalqların həyat tərzini öyrənməyə, yeni
insanlar tanımağa daha əlverişli şərait
yaradır. Azərbaycanda qeyri-neft sektorunun vacib hissəsinə
çevrilən turizm sənayesi çox böyük sürətlə
inkişaf etməkdədir.
Ə.Qarayev
ölkəmizin bölgələrində də turizmin
inkişafı ilə bağlı layihələrin həyata
keçirildiyini diqqətə çatdırmışdır.
O qeyd etmişdir ki, Azərbaycanda xarici turistləri cəlb edəcək
zəngin potensial mövcuddur.
İSESCO-nun
baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və
digər çıxış edənlər də mövzu ilə
bağlı fikirlərini səsləndirmişlər.
"İslam
Əməkdaşlıq Təşkilatına üzv ölkələr
üçün enerji çağırışları və
perspektivləri" mövzusunda keçirilən sessiyada
çıxış edən islam ölkələri üzrə
statistika və iqtisadiyyat, sosial tədqiqatlar rəhbəri
Savaş Alpay mövzu ilə bağlı fikirlərini
bölüşmüş, İslam Əməkdaşlıq Təşkilatı
barədə iştirakçıları məlumatlandırmışdır.
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə
neft və qaz sahəsində həyata keçirilən iri
layihələr barədə məlumat vermiş və
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin
əhəmiyyətini vurğulamışdır. Nazir
bildirmişdir ki, Azərbaycanda son illər neft-qaz sahəsində
əldə olunan gəlirlər qeyri-neft sektorunun və digər
sahələrin inkişafına sərf olunur. O, hazırda
ölkəmizdə turizm sahəsində də bir sıra layihələrin
həyata keçirildiyini diqqətə
çatdırmışdır.
Sessiyalar
mövzular ətrafında faydalı dialoqlarla başa
çatmışdır.
AzərTAc
Azərbaycan.- 2012.- 30 iyun.- S. 7.