Azərbaycan ilə Cəbəllütariq arasında əmək, sosial müdafiə və məşğulluq sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

 Azərbaycanda səfərdə olan Cəbəllütariqin müəssisələr, təlimlər və məşğulluq naziri Coy Bossano iyunun 29-da əmək və əhalinin sosial müdafiəsi naziri  Füzuli Ələkbərov ilə görüşmüşdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşün məqsədi Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, qazanılan nailiyyətlər barədə məlumatlar əldə etmək, hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan məsələlərin və gələcək əməkdaşlığın müzakirəsi olmuşdur.

F.Ələkbərov ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün, düşünülmüş, məqsədyönlü siyasəti nəticəsində müstəqil respublikamızın sürətli inkişaf dinamikasına malik olduğunu vurğulamış, ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan tarixi nailiyyətlər barədə ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyi ilə seçilən, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya malik olan ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da daim inkişaf edir. Ölkədə iqtisadi tərəqqidən irəli gələn imkanlar ilk növbədə, insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə yönəldilir. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, son 8 ildə bir milyondan çox yeni yeri yaradılmış, işsizlik səviyyəsi 5,6 faizə enmiş, yoxsulluq səviyyəsi 49 faizdən 7,6 faizə qədər azalmışdır.

Görüşdə Coy Bossano rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat vermiş, Azərbaycanda neftqeyri-neft sektoru, həmçinin əmək, sosial müdafiə və məşğulluq sahələrində son illərdə görülən işləri, əldə olunan nailiyyətləri yüksək qiymətləndirmişdir.

 

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 7.