Yeni sənəd Avropa Şurasını məruzələrin hazırlanması və təqdimində qaydalara riayət etməyə və obyektiv olmağa səsləyir

 

 Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyasında ən çox mübahisə və diskussiya doğuran məsələlərdən biri almaniyalı deputat K. Ştrasserin Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində təqdim etdiyi iki məruzə olmuşdur. Bu məruzələrdə ortaya qoyulan siyasi məhbus problemi ilə bağlı müzakirələrdə ciddi fikir ayrılığı yaranmış, məruzələr cüzi səs çoxluğu ilə qəbul edilsə də, bu zaman bir sıra pozuntulara yol verilmişdir. Bununla əlaqədar Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov ayrıca sənəd hazırlamışdır.

"Məruzələrin hazırlanması, müzakirəsi və təsdiqində prosedurlara riayətin və məsuliyyətin artırılması zərurəti" adlanan sənəd yazılı bəyannamə şəklində hazırlanmışdır. Sənəddə göstərilir: "Fəaliyyətlərində qanunun aliliyini, demokratik dəyərlərə və insan hüquqlarına hörməti əsas götürən AŞ PA-nın Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində 26 uyun 2012-ci ildə baş vermiş insident yaratdığı arzuolunmaz presedentlə ciddi narahatlıq doğurur. Avropa Şurası tarixində heç vaxt eyni bir şəxsin müəllifi olduğu iki məruzənin  mətnləri komitə üzvlərinə  irəlicədən təqdim olunmadan, bir neçə dəfə ciddi müzakirəsi keçirilmədən, məruzələrin hazırlanması üçün Assambleya tərəfindən müəyyən edilmiş axırıncı müddət başa çatan son anda ortaya çıxarılaraq pressinq altında belə tələsik və qondarma şəkildə təsdiq edilməmişdir.

 Hüquq elmi və praktikasında indiyədək dəqiq parametrləri müəyyənləşdirilməmiş bir problemə ilk dəfə elmi şəkildə əsaslandırılmış cavab verməli olan,  "siyasi məhbus" anlayışının meyarlarını müəyyənləşdirmək vəzifəsi daşıyan məruzə faktiki olaraq heç bir ekspertizadan keçmədən müzakirəyə çıxarılmışdır. Bəsit şəkildə hazırlanmış, həll etməli olduğu vəzifəni yerinə yetirməmiş, qoyulan problemin mahiyyətini açmağa qadir olmayan, "siyasi məhbus" anlayışı ilə əlaqədar  hamının qəbul edə biləcəyi meyarları əks etdirməyən  mətn təqdim edilmişdir. Digər qanun pozuntusu isə ondan ibarətdir ki, Assambleya tərəfindən müzakirə və qəbul edilməmiş məruzənin irəli sürdüyü "siyasi məhbus" anlayışı meyarları irəlicədən konkret ölkəyə tətbiq edilmiş və paralel olaraq digər müstəqil məruzə hazırlanmışdır. Birincisi, həmin meyarlar Assambleya tərəfindən təsdiq edilmədən hüquqi gücə malik deyildir və tətbiq edilə bilməz, ikincisi, universal meyarlar olarsa, onlar hədəf seçilmiş konkret ölkəyə deyil, problemin mövcudluğu ehtimal edilən bütün ölkələrə şamil edilməlidir.

 Ona görə də Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsində müzakirəyə çıxarılmış "Siyasi məhbus anlayışının meyarları" adlı məruzənin təxirə salınmadan müxtəlif aidiyyəti  beynəlxalq təşkilat və qurumlara ekspertizaya göndərilməsini, müvafiq rəylər alındıqdan sonra onun təkrarən komitədə Avropa Şurası praktikasına uyğun olaraq ekspertlərin iştirakı ilə əsaslı şəklidə müzakirə olunmasını təkid edirik. Yalnız bu zəruri mərhələləri keçdikdən sonra məruzə Assambleyada qəbul edilə bilər və təsdiqlənərək hüquqi çəki əldə etmiş meyarlar əsasında konkret ölkələr üzrə araşdırmalar aparılması mümkündür.

Təqdim edilmiş məruzəni natamam, qarşıya qoyulmuş vəzifəni yerinə yetirməmiş olduğu üçün qəbuledilməz sayır, oradakı yayğın prinsiplərin konkret ölkəyə, indiki halda Azərbaycana tətbiqini ikili standartlarla ədalətsiz və qeyri-obyektiv yanaşmanın nəticəsi hesab edirik. Yanlış və təhrif edilmiş faktlarla dolu, bir çox məqamlarında qərəzli xarakter daşıyan, Assambleya tərəfindən təsdiq edilməmiş meyarlara əsaslanan "Azərbaycanda siyasi məhbus məsələsinin izlənilməsi" adlı məruzənin də qəbuledilməz olduğunu bəyan edirik. Avropa Şurasının nüfuzuna zərbə olan belə halların gələcəkdə təkrarlanmaması və komitə katibliklərinin öz işlərinə daha məsuliyyətlə yanaşmaları üçün Assambleyanı qəti və ciddi tədbirlərin görülməsinə çağırırıq".

Sənədə bir sıra ölkələrin deputatları imza atsa da, bəyannamə yeni imzalar üçün açıqdır və həmfikirlərin dairəsini bir qədər də genişləndirmək üçün iş aparılmaqdadır. Ümumiyyətlə, yazılı bəyannamələr Avropa Şurasında qəbul edilmiş qaydalara görə, hər dəfə nəşr ediləndən sonra uzun müddət yenə imzalar üçün açıq qalır. Sənəddə qaldırılan məsələyə həmfikir çıxaraq yeni imza atanlar əlavə edildikcə hər sessiyada bəyannamə ingilis və fransız dillərində təkrarən nəşr edilir və plenar iclasda rəyasət heyəti tərəfindən  yenidən onun haqqında məlumat verilir.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 7.