Türkiyədə
Azərbaycanlı İş Adamları Birliyi fəaliyyətə
başlamışdır
Xəbər verdiyimiz kimi, iyunun 28-də Türkiyədə Azərbaycanlı İş Adamları Birliyinin (AİAB) fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyədə fəaliyyət göstərən AİAB-nin üzvləri İstanbuldakı Heydər Əliyev adına parkda ümummilli liderin abidəsinin önünə əklil qoymuş, xatirəsini böyük ehtiramla yad etmişlər.
Türkiyədə Birliyin fəaliyyətə başlaması ilə əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, sahibkarlar, iş adamları birliklərinin, ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.
İqtisadi inkişaf naziri Ş.Mustafayev tədbir iştirakçılarına ölkəmizin qazandığı uğurlar barədə geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, hazırda Azərbaycan bazar prinsiplərinə əsaslanan və davamlı inkişaf edən, qlobal böhran proseslərinin mənfi fəsadlarına qarşı yüksək dayanıqlı iqtisadiyyata malikdir. Azərbaycan Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olmaqla regionun lider dövlətidir.
Şahin Mustafayev Türkiyədə AİAB-nin fəaliyyətə başlamasının azərbaycanlı iş adamlarının qardaş ölkədəki fəaliyyətini daha da genişləndirəcəyini, əməkdaşlıq üçün yeni imkanlar açacağını vurğulamışdır. Bildirilmişdir ki, Türkiyədə fəaliyyətə başlayan bu birlik Azərbaycanın sürətlə artan iqtisadi qüdrətindən, ölkəmizdə güclü sahibkarlar sinfinin formalaşmasından xəbər verir. Bu uğurların təməlində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində əldə olunmuş möhkəm siyasi və makroiqtisadi sabitlik, iqtisadiyyatın davamlı inkişafı, yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlığın inkişafına güclü dövlət dəstəyi dayanır. Əldə edilmiş nailiyyətlər beynəlxalq təşkilatlar, reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir və müvafiq hesabatlarda ölkəmizin mövqeyi daha da möhkəmlənməklə yanaşı, reytinq səviyyəsi də yüksəlir. Nazir demişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkəmizin maliyyə imkanlarının artmasına və xarici ölkələrə sərmayə yatırmasına əlverişli şərait yaratmışdır. Bu gün Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilmiş, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya Federasiyası, Ukrayna, Balkan regionu və digər ölkələrə irihəcmli investisiyalar qoymuşdur.
Azərbaycan şirkətlərinin xarici ölkələrdəki fəaliyyətində qardaş Türkiyənin xüsusi yeri var. Dövlət başçılarımızın səyi və iradəsi nəticəsində Azərbaycanla Türkiyə arasında siyasi və iqtisadi əlaqələr inkişaf edərək strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş və bu gün tam əminliklə demək olar ki, Azərbaycan-Türkiyə əməkdaşlığı dünyada bir örnəkdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu əməkdaşlığın bariz nümunələridir. Bu günlərdə TransAnadolu təbii qaz boru xətti layihəsi (TANAP layihəsi) üzrə imzalanmış sazişlər əməkdaşlığımızın inkişafında yeni mərhələnin başlanğıcıdır. Bu strateji layihənin bir özəlliyi də ondan ibarətdir ki, burada SOCAR-la BOTAŞ-ın timsalında ancaq Azərbaycan və Türkiyə iştirak edir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsini Azərbaycan və Türkiyə arasında birliyin, əməkdaşlığın və qardaşlığın təzahürü kimi qiymətləndirmişdir.
Nazir Şahin Mustafayev dünyanın 12-ci, Avropanın isə 7-ci böyük iqtisadiyyatına sahib olan Türkiyənin iqtisadi uğurlarının qardaş ölkə kimi Azərbaycanı sevindirdiyini vurğulamışdır. Qeyd edilmişdir ki, Azərbaycanın və Türkiyənin uğurları, iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq, həyata keçirilən transmilli layihələr iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 milyard ABŞ dolları, SOCAR və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 milyard ABŞ dolları təşkil edir, 2018-ci ilədək təkcə SOCAR-ın Türkiyədə investisiyaları 17 milyard ABŞ dolları təşkil edəcəkdir.
Azərbaycan şirkətlərinin Türkiyədə biznes fəaliyyəti ilə yanaşı, sosial layihələrdə də iştirak etdiyini vurğulayan Şahin Mustafayev Qarsda SOCAR tərəfindən inşa olunan və ulu öndər Heydər Əliyevin adını daşıyan texniki-peşə liseyinin buna gözəl nümunə olduğunu qeyd etmişdir.
AİAB-nin rəhbəri Seymur Ağayev çıxışında Birliyin yaradılmasının məqsədi, vəzifə və funksiyaları barədə məlumat vermiş, qurumun Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarının fəaliyyətinin əlaqələndirilməsində, yeni investisiyaların təşviqində əhəmiyyətli olacağını vurğulamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Türkiyənin iqtisadiyyat nazirinin müavini Ahmet Yakıcı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbəri Məmməd Musayev çıxışlarında Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin səmərəli fəaliyyətinin qardaş ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişlənməsində yeni imkanlar yaradacağını qeyd etmişlər.
Sonra Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi
ilə bir sıra təşkilatlar - Azərbaycan
- Türkiyə İş Adamları Birliyi, Türkiyənin Xarici
İqtisadi Əlaqələr Təşkilatı,
Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlığa
dair anlaşma
memorandumları imzalanmışdır.
Azərbaycan.- 2012.- 30 iyun.- S. 8.