Bakının və Həştərxan vilayətinin Nərimanov rayonları arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

 İyunun 29-da Azərbaycanda səfərdə olan Həştərxan vilayəti hökumətinin sədri Konstantin Markelovun başçılıq etdiyi nümayəndə heyəti Bakının Nərimanov Rayon İcra Hakimiyyətində olmuşdur.

AzərTAc xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə keçirilmiş görüşdə 2006-cı ildə qardaşlaşmış Bakının və Həştərxan vilayətinin Nərimanov rayonları arasında inkişaf edən əlaqələrdən danışılmışdır.

Qonaqlara Nərimanov rayonu haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan hökuməti Həştərxan vilayəti ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dövlətimiz tərəfindən Həştərxan şəhərində Rusiya-Azərbaycan dostluq körpüsü, Knyaz Vladimirin heykəli və digər genişmiqyaslı layihələr uğurla həyata keçirilmiş, Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində uşaq şəhərciyi salınmışdır.

Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan K.Markelov qeyd etmişdir ki, xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi üçün böyük işlər görülmüşdür.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Sonda xatirə hədiyyələri təqdim edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 8.