Azərbaycan mədəniyyəti
ABŞ-ın ən böyük folklor festivalında ürəkləri
fəth edir
Vaşinqtonda Birləşmiş Ştatların ən böyük mədəniyyət festivalı olan "Smitsonian Folklife Festival"ın təntənəli açılış mərasimi keçirilmişdir.
1967-ci ildə təsis edilmiş bu irimiqyaslı folklor bayramı hər il 1 milyona yaxın Vaşinqton sakinini və şəhərin qonaqlarını cəlb edir. Festivalın nadir formatı vardır. Burada yerli və beynəlxalq mədəniyyətlərlə bağlı sərgilər ABŞ paytaxtının mərkəzi Milli Meydanında Vaşinqton abidəsi ilə Kapitoli arasında quraşdırılan ağ çadırlarda nümayiş etdirilir və beləliklə, iki həftə davam edən festival bütünlüklə açıq havada keçir.
Festivalın təntənəli açılış mərasimində çıxış edən Smitsonian İnstitutunun katibi Ueyn Klou vurğulamışdır ki, Folklife festivalına bu il "beynəlxalq dad" gətirən yeganə mədəniyyət Azərbaycana məxsusdur. O, festivalla tərəfdaşlığına və "Azərbaycan mətbəxi çadırı"nın təşkilinə görə ABŞ-ın Qarabağ Fonduna minnətdarlığını bildirmiş, açılış mərasimində iştirak edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanovu salamlamışdır.
"Smithsonian Folklife Festival" səhər saat 11-dən axşam saat 17-dək mədəniyyətsevərlərin üzünə açıqdır. Lakin "Azərbaycan mətbəxi çadırı"nda işləyənlər festivalın ilk dəqiqələrindən hər günün sonunadək dincəlməyə macal tapmırlar. Çünki çadırda təklif edilən kabab, dolma, çoban salatı və digər ləziz yeməkləri dadmaq üçün gələn amerikalıların uzun növbəsinin ardı-arası kəsilmir.
"Mən, hələ də 2002-ci ildə festivalda Azərbaycanın İpək Yolu mədəniyyətlərindən biri kimi təmsil olunmasını xatırlayıram"- deyən Smitsonian İnstitutunun tarix, incəsənət və mədəniyyət üzrə katib müavini Riçard Kurin bu dəfə mətbəximizin də təmsil olunmasından məmnunluğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, həyat yoldaşım hələ festivalın açılışından əvvəl mütləq birlikdə gəlib "Azərbaycan mətbəxi çadırı"na baş çəkməyi məndən xahiş etmişdi. O vurğulamışdır ki, insanlar başqa mədəniyyətləri onların yeməklərini dadandan sonra daha yaxşı anlayır, daha tez qəbul edirlər. Festivalda, həmçinin muğam musiqisi konsertləri də veriləcəkdir. Musiqi və mətbəx bizim folklor festivalına insanları cəlb edən ən başlıca cəhətdir. Əminəm ki, bu, hamı üçün unudulmaz bir təcrübə olacaqdır.
Gün ərzində "Azərbaycan mətbəxi çadırı" ətrafında daha tez-tez görünən ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru Diana Koen Altmandır. Əsl azərbaycanlı qonaqpərvərliyi ilə o, gələnləri salamlayır, aldıqları yeməkləri bəyənib - bəyənmədiklərini soruşur, "Tərxun" və "Düşes" sərinləşdirici içkiləri barədə nə düşündükləri ilə maraqlanır. O deyir: "Azərbaycanın adını belə irimiqyaslı mədəniyyət festivalında görmək sevincini təsvir etmək mümkün deyil. Bir çox amerikalılar Azərbaycanın adını belə çətinliklə tələffüz edirlər. Festivalın sonunda isə bir milyona yaxın insan nəinki Azərbaycanı tanıyacaq, onun mətbəxinin ləziz nümunələrindən dadacaq, həm də onun musiqisinə qulaq asacaq və Azərbaycanı milli-mədəni dialoqun bir hissəsinə çevirəcəklər. "Smitsonian Folklife Festival"ın açdığı imkanlar olduqca genişdir. Burada nümayiş edilən materiallar, sərgilər və s. daha sonra Amerikanın nüfuzlu mədəniyyət üzrə tədqiqat institutlarının işinə yol tapacaqdır. Şadam ki, Qarabağ Fondu olaraq bu imkandan istifadə edə bildik."
Diana Altmanla müsahibəmizdən sonra məni Çikaqodan gələn üç rəfiqə səsləyir. Onlardan biri - Lia Kestl soruşur: "Bağışlayın, siz azərbaycanlısınız? Biz, heç vaxt azərbaycanlılara rast gəlməmişik. Nə maraqlıdır. Vaşinqtona məhz buna görə gəlmişik - çünki hər Folklife festivalına gəlişimizdə indiyədək eşitmədiklərimiz, görmədiklərimiz barədə öyrənirik. Bu dəfə festivalın proqramına baxan kimi qərara gəldik ki, "Azərbaycan mətbəxi çadırı"nda dayanıb içi ətlə doldurulmuş kələm yarpaqlarının dadına baxaq. Çox ləzzətlidir."
Festivalın proqramı saat 17-də bitsə də, Milli Meydandakı ən böyük çadır 400 nəfərə yaxın tamaşaçı ilə doludur. Onlar saat 18-də keçiriləcək xüsusi Azərbaycan muğam musiqisi konsertini dinləmək üçün burada qalmışlar.
Tanınmış kamança ustası İmamyar Həsənov və zərb alətlərində Pejham Axavass muğam parçalarını ifa edirlər. Okeanın o biri tayında yaşayan xalqın həzin musiqisi amerikalıların ürəklərinə yol tapir: onlar ifaçıları alqışlayır, bəzilərinin gözləri yaşarır.
Beynəlxalq Musiqi Assosiasiyasının icraçı direktoru Brayan Silverdən konsert barədə şərh istəyirik. O deyir: "Məgər bu ayaqüstü alqışlar amerikalıların muğam haqqında düşündüklərini kifayət qədər aydın göstərmir? Səhnədəki ifaçıların biri-biri ilə musiqi ünsiyyəti, onların nümayiş etdirdikləri peşəkar texnika, insanı tamam başqa dünyaya aparan bu musiqi festivalın tamaşaçılarının yadında hələ uzun müddət qalacaqdır."
"Smitsonian
Folklife Festival" iyulun 8-dək davam edəcəkdir.
Şəfəq
AKİFQIZI
Azərbaycan.- 2012.- 30 iyun.- S. 8.