DSMF elektron xidmətlərin əhatə dairəsini genişləndirib

 

 Dövlət Sosial Müdafiə Fondunda (DSMF) sığortaolunan və pensiyaçılara elektron xidmətlərin göstərilməsi məsələləri ilə bağlı "dəyirmi masa" keçirilib. DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, fondun sədri Səlim Müslümov bildirib ki, qurum vətəndaşlara göstərilən elektron xidmətlərin əhatə dairəsini genişləndirib: "Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq elektron xidmətlərin təşkili məqsədilə DSMF-nin rəsmi internet səhifəsində (http://www.sspf.gov.az/eservices və http://www.dsmf.gov.az/eservices) interaktiv və informativ xidmətlərdən ibarət elektron xidmətlər bölməsi yaradılıb və elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətlərin adı, bu xidmətlərin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron forması yerləşdirilib, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsi təmin edilib".

DSMF sədri qeyd edib ki, interaktiv xidmətlər bölməsi məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması, sığortaedənin və sığortaolunanın uçotuna dair e-müraciət, məcburi dövlət sosial sığortası hesabına verilən müavinətlər üzrə haqq-hesab cədvəllərinin təqdim olunması, məcburi dövlət sosial sığortası üzrə səyyar yoxlamanın keçirilməsi haqqında qərarın, bildirişlərin, xəbərdarlıqların və tələbnamənin göndərilməsi, sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi, pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün e-müraciət, pensiyaçı tərəfindən məlumatların əldə edilməsi, bank və ya digər kredit təşkilatı üçün e-xidmətləri əhatə edir. Bu xidmətlər həm də pensiya kalkulyatoru, elektron poçt sistemi altbölmələrindən, informativ xidmətlər bölməsi isə mərkəzi çağrı sistemi, sığortaedənlər üçün proqram təminatları (B1, B2, B3, sığortaolunanların 01.01.2006-cı il tarixinə olan sosial sığorta stajları barədə məlumatın toplanması üçün proqram təminatları), sual-cavab, elektron sənəd mübadiləsi haqqında müqavilə altbölmələrindən ibarət təşkil olunub.

Tədbirdə bildirilib ki, "məcburi dövlət sosial sığortası üzrə hesabatların və məlumatların təqdim olunması" altbölməsi sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada mübadiləsini nəzərdə tutur. Hesabatları elektron formada təqdim etmiş sığortaedənlərə təsdiqetmə bildirişinin elektron formada çatdırılması təmin edilir. Hesabatların elektron formada təqdim olunması ilə bağlı 31 may 2012-ci il tarixinə fonda 6205 sığortaedən elektron ərizə ilə müraciət edərək qeydiyyatdan keçmiş, həmin sığortaedənlər unikal kod, parol və şifrə ilə təmin edilmişdir.

"Məktub yazmaq" altbölməsi vasitəsilə istənilən vətəndaş sığorta-pensiya sisteminə dair onu maraqlandıran məsələ ilə bağlı elektron məktub göndərə bilər.

"Pensiyaçı tərəfindən məlumatların əldə edilməsi" altbölməsi vasitəsilə hər bir sığortaolunan sosial sığorta stajı və məcburi dövlət sosial sığortasına cəlb edilən əməkhaqqı barədə müvafiq məlumatları daxil etməklə pensiya kalkulyatoru vasitəsilə pensiyaçının məbləği barədə məlumat almaq imkanı əldə edir.

"Elektron poçt sistemi" altbölməsi vasitəsilə sənədlərin elektron dövriyyəsi təmin edilir. "Mərkəzi çağırış sistemi" altbölməsində ictimaiyyətlə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən sualların operativ şəkildə cavablandırılması və fondun aparatının məsul əməkdaşları ilə birbaşa canlı bağlantının qurulması məqsədilə yaradılmış "190" nömrəli telefon məlumat xidməti barədə məlumatlar yerləşdirilmişdir.

"Sual-cavab" altbölməsində istifadəçi onu maraqlandıran məlumatları tapmaqla bərabər, bu bölməyə öz sualını ünvanlaya bilər. Hər bir sual müvafiq şöbələr tərəfindən operativ qaydada araşdırılaraq cavablandırılır.

DSMF tərəfindən göstərilən elektron xidmətlərin elektron xidmətlər reyestrində qeydə alınması məqsədilə xidmətlər üzrə inzibati reqlamentlər hazırlanmış və təsdiq olunmuşdur. Elektron xidmətlərin göstərilməsində iştirak edən əməkdaşların elektron imza ilə təmin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondu ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi arasında müqavilə imzalanmış və fondun əməkdaşlarının elektron imza ilə təmin olunması həyata keçirilmişdir.

Dövlət Xəzinədarlıq Agentliyinin "Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi"ndən (KÖMİS) istifadə edən yerli orqanları üzrə xırda ödənişləri həyata keçirən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər şığortaedənlərin ödənişlərinin real vaxt rejimində qəbulu məqsədi ilə Mərkəzi Bank və Dövlət Sosial Müdafiə Fondu arasında "AzDataKom" şəbəkəsi üzərində rabitə kanalı qurulmuş, lazımi texniki avadanlıq və lisenziyalı əməliyyat sistemi ilə təchiz edilmişdir. Fondun müvafiq orqanları üzrə uçot məlumat bazası KÖMİS-ə inteqrasiya edilmişdir.

Tədbir iştirakşılarının nəzərinə çatdırılıb ki, görülən tədbirlər çərçivəsində DSMF növbəti elektron xidmətin tətbiqinə başlayıb. Belə ki, "Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi" xidmətini nəzərdə tutan müasir məlumatlandırma sistemi hazırlanaraq fondun rəsmi internet informasiya ehtiyatında olmaqla yanaşı, "Elektron Hökumət" Dövlət İnformasiya Sistemi (EHDİS) portalında da yerləşdirilib. Bu xidmət vasitəsilə sığortaolunanlar DSMF tərəfindən  açılmış fərdi şəxsi hesablarında əks olunan pensiya kapitalı  barədə məlumatları əldə edə bilərlər. Sığortaolunanların özlərinin pensiya kapitalına nəzarət etmək imkanını əldə etməsi sistemdə şəffaflığın daha da artmasına gətirib çıxaracaqdır. Bu proses həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır.

Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mütəxəssisləri  də çıxış ediblər. "Elektron Hökumət" layihəsinin rəhbəri Məmməd Atakişiyev, "Elektron imza" layihəsinin rəhbəri Nadir Rəsulov DSMF tərəfindən göstərilən elektron xidmətləri yüksək dəyərləndiriblər.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 9.