“Azərbaycan 2020: Gələcəyə
baxış Konsepsiyasında vergi siyasətinin
rolu” mövzusunda
“dəyirmi masa” keçirilmişdir
Vergilər Nazirliyinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzinin 10 illiyinə həsr olunmuş "Azərbaycan 2020: Gələcəyə baxış Konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
AzərTAc xəbər verir ki, Şamaxıda keçirilmiş tədbirdə Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Vergilər və Təhsil nazirliklərinin rəhbər vəzifəli şəxsləri, respublikada fəaliyyət göstərən ali məktəblərin professor-müəllim heyətinin, biznes strukturlarının, ictimai, qeyri-hökumət və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirliyin insan resurslarının inkişafı strategiyasının həyata keçirilməsində mühüm rol oynayan Tədris Mərkəzinin yaradılmasının 10 illik yubileyi ərəfəsində əhəmiyyətli bir sənədin - "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasının "dəyirmi masa" ətrafında müzakirəsinin aktuallığını iştirakçıların diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, son on ildə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmış, azad sahibkarlığa söykənən iqtisadi model bərqərar olmuş, sosial-iqtisadi infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır.
Ə.Məmmədov bildirmişdir ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir dövrdə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, eyni zamanda elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Vergilər Nazirliyi də bu inkişafa daim öz töhfəsini verməyə çalışır. Tədris Mərkəzində həyata keçirilən tədris strategiyasının əsas məqsədi əməkdaşların peşə hazırlığı səviyyəsinin artırılması yolu ilə mövcud vergi və büdcə qanunvericiliklərinə uyğun olaraq vergilərin toplanmasının mümkün qədər yüksək səmərəliliyinə nail olmaqdır.
Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü, professor Akif Musayev "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında vergi siyasətinin rolu" mövzusunda geniş təqdimatla çıxış etmiş, əsas hədəflərdən, bu hədəflərə çatmaq üçün yeridilən vergi siyasətindən, onun həyata keçirilməsi metodları barədə "dəyirmi masa" iştirakçılarına məlumat vermişdir.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr olmuş, KİV nümayəndələrinin
sualları cavablandırılmışdır.
Azərbaycan.- 2012.- 30 iyun.- S. 9.