Mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı və göstərdikləri elektron xidmətlərlə bağlı hesabat təqdim olunmuşdur

 

İyunun 29-da Multimedia Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanda "Açıq hökumət" təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə "Açıq hökumət" tərəfdaşlığının əsas prinsipləri olan dövlət qurumlarının informasiya açıqlığı, şəffaflıq və "elektron hökumət" quruculuğu sahəsində mövcud vəziyyətlə bağlı müzakirələr aparılmışdır.

Mərkəzin direktoru Osman Gündüz bildirmişdir ki, Açıq Hökumət Tərəfdaşlığı (AHT) şəffaflığın artırılması, vətəndaşların iştirakının gücləndirilməsi, korrupsiya ilə mübarizə və daha yaxşı idarəçilik üçün yeni texnologiyalardan istifadə üzrə hökumətin konkret öhdəliklərinə zəmanət verən çoxtərəfli təşəbbüsdür. Azərbaycan

AHT-yə 2011-ci ildə qoşulmuşdur. Hazırda konkret öhdəliklər üzrə Milli Fəaliyyət Planı hazırlanır.

Osman Gündüz dövlət orqanlarının rəsmi internet resurslarının monitorinqinin nəticələri barədə danışmışdır. O bildirmişdir ki, əvvəlki illərlə müqayisədə xeyli sayda dövlət qurumlarının informasiya açıqlığı vəziyyəti müsbət istiqamətdə inkişaf etmişdir. Elektron xidmətlərin sayı və keyfiyyəti əhəmiyyətli dərəcədə artmış və bu tendensiya davam etməkdədir. Qurumlarda xidmət və informasiya-kommunikasiya texnologiyaları sektorunun inteqrasiyası sürətlənmişdir.

Qeyd olunmuşdur ki, dövlət orqanlarında elektron informasiya istehsalı prosesinin çevik və səmərəli mexanizmləri hazırlanmalıdır. Qanunvericilikdə nəzərdə tutulduğu qaydada yalnız keyfiyyətli informasiyaların saytda yerləşdirilməsinə diqqət yetirilməlidir.

Toplantıda mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı və göstərdikləri elektron xidmətlərlə bağlı  son 5 ay ərzində aparılan monitorinqlərin yekunu haqqında hesabat təqdim edilmişdir. Dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti reytinq cədvəli ictimaiyyətə təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 30 iyun.- S. 9.