Dünyanın
nüfuzlu ali təhsil ocaqlarından olan Kembric Universitetində
“Azərbaycan günü”
İngiltərədə
fəaliyyət göstərən Odlar Yurdu Təşkilatının
və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin
dəstəyi ilə dünyanın nüfuzlu ali təhsil
ocaqlarından biri kimi tanınan Kembric Universitetində ilk dəfə
olaraq "Azərbaycan günü" adlı konfrans
keçirilmişdir.
Odlar
Yurdu Təşkilatından AzərTAc-a bildirmişlər ki,
100-ə yaxın alimin qatıldığı konfransın əsas
məqsədi Böyük Britaniyanın nüfuzlu universitetinin
mühazirəçilərini, araşdırma mərkəzlərinin
alimlərini Azərbaycan mədəniyyəti və tarixi,
ölkəmizin iqtisadi imkanları ilə tanış etməkdən
ibarət olmuşdur.
Bu məqsədlə
tədbirə məruzəçi qismində həm Azərbaycandan,
həm də Avropanın tanınmış ali təhsil müəssisələrindən
araşdırmaçı-mütəxəssislər dəvət
edilmişlər.
Odlar Yurdu Təşkilatının sədri İlham Nağıyev bildirmişdir ki, Avropada müntəzəm olaraq, Azərbaycan haqqında məlumatların artırılması xarakterli təbliğat tədbirləri reallaşdırılır. Belə tədbirlərin bundan sonra da təkcə Kembric Universitetində deyil, İngiltərənin digər ali məktəblərində, araşdırma mərkəzlərində də keçirilməsi planlaşdırılır. "Biz Azərbaycanla bağlı təbliğati işlərə reklam, PR xarakterli deyil, məhz araşdırma, elmi cəhətdən yanaşmaq istəyirik" deyə, - təşkilatın rəhbəri vurğulamışdır.
Konfransda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov diqqətə çatdırmışdır ki, bu ölkədə təhsil alan tələbələrə mütəmadi olaraq ölkəmiz haqqında məlumatların verilməsi vacibdir. Bu tədbir də Azərbaycan haqqında düzgün məlumatların bütün dünyaya yayılmasına təkandır. Kembric Universitetində keçirilən elmi konfranslar, burdakı mühazirələr kitab halına salınır və tələbələrə dərs vəsaiti kimi tövsiyə edilir.
Konfransda Avropa universitetlərinin alimləri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Neft Fondunun nümayəndələri Azərbaycan iqtisadiyyatının yenidən qurulması, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəsmisi milli mədəniyyətimiz, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Azərbaycanın xarici siyasətinin xüsusiyyətləri barədə mühazirələrlə çıxış etmişlər.
Tədbir çərçivəsində xanəndə
Raziyə Sultanovanın muğamlardan ibarət yeni diskinin təqdimatı
keçirilmişdir.
Azərbaycan.- 2012.- 30 iyun.- S. 10.