Beynəlxalq Olimpiya Günü və Milli Olimpiya Komitəsinin
yaradılmasının 20 illiyinə həsr olunmuş
tədbir keçirilmişdir
İyunun 29-da Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) 20 illik yubileyi və Beynəlxalq Olimpiya Gününün qeyd olunmasına dair iclas keçirilmişdir.
İclasda çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın Olimpiya oyunlarında qazandıqları uğurlardan danışmış və ölkəmizdə həmişə Olimpiya hərəkatının inkişafda olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, MOK yarandığı gündən ölkəmizdə Beynəlxalq Olimpiya Günü qeyd olunur. Xüsusilə, 1997-ci ildə MOK-a yeni prezident seçildikdən sonra bu bayram günü ilə bağlı tədbirlər daha təntənəli şəkildə keçirilməyə başlamışdır.
Çingiz Hüseynzadə qeyd etmişdir ki, hər il ölkəmizdə Beynəlxalq Olimpiya Günü münasibətilə qaçış keçirilir. Natiq budəfəki tədbirin "İdman ili" çərçivəsində daha möhtəşəm təşkil edildiyini söyləmişdir. Bildirmişdir ki, bir neçə gündən sonra London Yay Olimpiya Oyunlarına start veriləcəkdir. Azərbaycan bu mötəbər yarışa 53 lisenziya qazanmışdır. Cari ildə digər əlamətdar hadisə isə MOK-un yaradılmasının 20 illiyinin tamam olmasıdır.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış, paytaxt və regionlarda istifadəyə verilən Olimpiya idman komplekslərinin respublikamızda Olimpiya hərəkatının inkişafına stimul verdiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, qarşıdakı illərdə daha 10 idman infrastrukturunun istifadəyə verilməsi planlaşdırılır. Bu komplekslərin istifadəyə verilməsi ölkəmizdə idmanın kütləviliyinin artırılmasına, gənclərimizin asudə vaxtlarının səmərəli təşkilinə və zərərli vərdişlərdən uzaq olmalarına təkan verəcəkdir. 2012-ci ilin ölkəmizdə "İdman ili" elan olunması Azərbaycanda idman ilə məşğul olanların üzərinə çox böyük məsuliyyət qoydu.
MOK-un vitse-prezidenti Xəzər İsayev bildirmişdir ki, bu gün ölkəmizdə Olimpiya hərəkatı çox böyük sürətlə inkişaf edir. Belə bir dinamik inkişafın nəticəsidir ki, Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biri kimi beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ulu öndər Heydər Əliyev idmana, Olimpiya hərəkatına dövlət səviyyəsində göstərilən qayğını həmişə xüsusi nəzarətdə saxlamış, idmanı dövlət siyasətinin mühüm qollarından biri kimi ayıraraq, ümummilli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirmişdir.
Sonra MOK-un idarə müdiri Cəmaləddin Rəhimov və idman idarəsinin məsul işçisi Vaqif Əliyev qədim Olimpiya oyunlarının tarixi, müasir Olimpiya oyunlarının formalaşması, ölkəmizdə Olimpiya hərəkatının inkişafı, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.
Sonda iyunun 24-də Bakıda keçirilmiş Beynəlxalq Olimpiya Günü və Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş Olimpiya qaçış gününün iştirakçılarına diplomlar və hədiyyələr təqdim olunmuşdur.
Artıq 64 ildir ki, Beynəlxalq Olimpiya Günü bütün dünyada qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunmuşdur. Məhz 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə dair konqresdə on iki ölkənin nümayəndələrinin iştirakı ilə məşhur fransız öz tarixi məruzəsini etmişdir. Məruzədə o, konqresin iştirakçılarını işləyib hazırladığı Olimpiya oyunlarının təşkilati əsasları ilə tanış etmişdir.
Sonra konqres
müasir tarixdə ilk
Olimpiadanın keçirilməsi barədə qərar qəbul
etmişdir. Bu Olimpiada 1896-cı ildə Afinada
keçirilmişdir. Həmin idman bayramında on üç ölkənin 311 atleti
Olimpiya proqramının on
üç növü
üzrə medallar uğrunda
mübarizə aparmışdır. İndi
dörd ildən bir planetin ən güclü
atletlərinin yarışları keçirilir.
Azərbaycan.- 2012.- 30 iyun.- S. 11.