Azərbaycanın müdafiə naziri Bolqarıstanda bir sıra görüşlər keçirmişdir

 

 Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Bolqarıstanda rəsmi səfərdə olmuşdur.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Bolqarıstanda Azərbaycan müdafiə nazirinin rəsmi qarşılanma mərasimi keçirilmiş, hər iki ölkənin dövlət himni səsləndirilmişdir.

İki günlük səfər çərçivəsində Azərbaycanın müdafiə naziri bolqarıstanlı həmkarı Anyu Anqelov, bu ölkənin Prezidenti Rosen PlevneliyevBaş naziri Boyko Borisovla görüşmüşdür.

Görüşlərdə Bolqarıstan-Azərbaycan hərbi əlaqələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılmışdır. Həmçinin NATO-nun Çikaqo Sammitində Bolqarıstanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi məsələsi xüsusi qeyd olunmuşdur.

Səfərin ikinci günündə Azərbaycanın müdafiə naziri Bolqarıstanda keçirilən "Hemus-2012" sərgisində də iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 2.