ABŞ Dövlət Departamentinin Azərbaycan üzrə hesabatı açıqlanmışdır

 

 AzərTAc xəbər verir ki, ABŞ Dövlət Departamenti narkotiklərin yayılmasına və çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair növbəti illik hesabatını açıqlamışdır.

Hesabatın Azərbaycan üzrə bölməsində vurğulanır ki, son on ildə ölkədə sürətli iqtisadi inkişaf gedir və lazımi iqtisadi islahatlar həyata keçirilmişdir. Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə xüsusi önəm verilirbu istiqamətdə enerji sektorunda mühüm işlər görülür.

Bundan əlavə, hesabatda qeyd olunur ki, Azərbaycan hökuməti narkotiklərin qanunsuz dövriyyəsi nəticəsində maliyyə sektorundakı cinayətlərə qarşı fasiləsiz tədbirlər görür. Həmçinin Azərbaycan hökuməti çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Keçən il Azərbaycan maliyyə monitorinq xidmətini möhkəmləndirməklə bu istiqamətdə beynəlxalq standartlara uyğun yeni qanunvericilik həyata keçirir.

Azərbaycan çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) və əlaqədar regional qurumun üzvüdür.

 

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 2.