ABŞ Konqresi Azərbaycan üzrə işçi qrupunun həmsədrləri Respublika Günü münasibətilə bəyanatlar vermişlər

 

Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, ABŞ Konqresinin üzvləri, Azərbaycan üzrə işçi qrupunun həmsədrləri Bill Şuster və Dən Boren 28 may - Respublika Günü münasibətilə bəyanatlar vermişlər.

Bəyanatlarda Azərbaycan və ABŞ arasında möhkəm tərəfdaşlığın əhəmiyyəti vurğulanmış, habelə Azərbaycanın qlobal enerji təhlükəsizliyinə və beynəlxalq terrorizmlə mübarizəyə ciddi töhfə verdiyi qeyd edilmişdir. Konqres üzvləri Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Limanı layihələrinin əhəmiyyətini xüsusi qeyd etmişlər.

Eyni zamanda, konqresmenlər bəyanatlarında Azərbaycanın dünyəvi və tolerant müsəlman ölkəsi olaraq çox uğurlu bir inkişaf  modeli seçdiyini bildirmişlər.

 

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 2.