Avropa İttifaqı hər şeyi öz adı ilə
çağırmalı və Azərbaycan ərazisinin Ermənistan
tərəfindən işğal olunduğunu bəyan etməlidir
Avropa İttifaqı (Aİ) həqiqəti bəyan etməlidir. Həqiqət isə ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş, suverenliyini pozmuşdur.
Bu sözləri iyunun 2-də keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
E.Abdullayev Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun Yerevandakı bəyanatına cavab olaraq demişdir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına və inteqrasiyasına böyük maneə olduğunu çox gözəl bilir və münaqişənin həll olunması üçün rəsmi Bakı siyasi iradə nümayiş etdirir. Təəssüf ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutmaqda davam edir, müstəqil xarici siyasət yürütməkdə çətinlik çəkir və problemin aradan qaldırılmasına imkan vermir.
F.Lefort Ermənistana səfəri çərçivəsində Yerevan Dövlət Universitetinin tələbə və professor-müəllim heyəti qarşısında çıxış edərkən demişdir ki, Dağlıq Qarabağ probleminin həlli münaqişədə olan tərəflərdən siyasi cəsarət nümayiş etdirmələrini tələb edir və bu münaqişə regionun inkişafını məhdudlaşdırır.
Azərbaycan dövləti münaqişənin həll olunması üçün vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu təklif olunmuş Madrid prinsipləri əsasında danışıqları davam etdirib problemin həllinə nail olmağa çalışır. Lakin Ermənistan danışıqlar prosesində tutduğu qeyri-konstruktiv mövqeyindən əl çəkməyərək münaqişənin nizamlanmasını uzadır.
Madrid prinsiplərində isə qeyd olunur ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır və azərbaycanlı məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Aİ öz növbəsində mötəbər beynəlxalq təşkilat kimi bu prinsiplərin həyata keçməsinə cəhd göstərsə, əsl siyasi cəsarət nümayiş etdirmiş olar. Aİ hər şeyi öz adı ilə çağırmalı və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu bəyan etməlidir.
AzərTAc
Azərbaycan.- 2012.- 3 iyun.- S. 2.