GUAM-ın 2013-cü il üçün büdcə layihəsi razılaşdırılmışdır

 

 Demokratiyaİqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) Katibliyindən AzərTAc-a bildirmişlər ki, qurumun Kiyevdəki iqamətgahında  GUAM dövlətlərinin maliyyə ekspertlərinin görüşü olmuşdur.

İki günlük  iclasda Azərbaycan  Xarici İşlər Nazirliyinin (XİN)  Valyuta-Maliyyə idarəsinin rəisi Nazim Əliyev, Gürcüstanın xarici siyasət idarəsinin Daxili Audit Xidməti rəisinin müavini T.Kiladze, Ukrayna XİN-in Maliyyə-İnzibati məsələlər və kargüzarlıq  departamenti direktorunun müavini İ.Yaroş, habelə Moldova Respublikasının Kiyevdəki səfirliyinin  müşaviri V.Sarançuk iştirak etmişlər. Tərəflər GUAM-ın 2013-cü il üçün büdcə layihəsinin  dövlətdaxili razılaşdırılması məqsədi ilə onu  qurumun üzvü olan  ölkələrə göndərmək üçün  gözdən keçirmiş və təshih etmişlər.

Görüş çərçivəsində  GUAM ölkələrinin maliyyə  ekspertləri qurumun maliyyə əsasnamələrinin və qaydalarının yeni redaksiyası üzərində işi davam etdirmişlər.

 

 

Zeynal AĞAZADƏ

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 2.