Azərbaycan Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələrini təşkil etmişdir

 

Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən "Mübahisələrin dinc yolla həlli, münaqişələrin qarşısının alınması və həlli: vasitəçilik, hüquqi həll və ədalət" mövzusunda BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi müzakirələri (Arria Formulası görüşü) təşkil edilmişdir.

Nümayəndəlikdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Təhlükəsizlik Şurasının üzvü olan dövlətlərlə yanaşı, BMT-nin digər üzv dövlətləri, BMT Katibliyi, beynəlxalq hökumət təşkilatları, vətəndaş cəmiyyəti və elmi dairələrin 120-dən artıq nümayəndəsi iştirak etmişdir.

Müzakirələrdə əsas natiqlər qismində Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov və Böyük Britaniyanın Kembric Universitetinin professoru Malkolm Şou çıxış etmişlər.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev tədbirin əhəmiyyətindən danışaraq bildirmişdir ki, əsas məqsəd BMT Təhlükəsizlik Şurasının üzvləri və digər iştirakçılar arasında mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması kimi vacib məsələləri müzakirə etmək və davamlı, beynəlxalq hüquqa əsaslanan sülh və barışın təşviq edilməsində vasitəçiliyin, hüquqa və ədalətə əsaslanan həllin rolunu işıqlandırmaqdır.

M.Şou beynəlxalq mübahisələrin həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin beynəlxalq hüquqi əsasları və həll mexanizmləri ilə bağlı nəzəri məruzə ilə çıxış etmişdir.

A.Əzimov da münaqişəli vəziyyətlər, xüsusilə Ermənistan və Azərbaycan arasında münaqişə kontekstində aparılan vasitəçilik səylərindən danışmış, onun müxtəlif aspektləri, habelə uğurlu vasitəçiliyin əsas faktorları barədə fikirlərini bölüşmüşdür.

Müzakirələrdə səslənən fikirlərin ana xəttini vasitəçilik səylərinin boşluqda cərəyan edən proses olmaması, mövcud vəziyyətin qorunub saxlanılmasına yönəlməməsi və mütləq şəkildə beynəlxalq hüququn normalarını və prinsiplərini rəhbər tutmasının vacibliyi təşkil etmişdir.

Daha sonra çıxış edən BMT Təhlükəsizlik Şurasının bir sıra üzvləri və digər dövlətlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələri beynəlxalq mübahisə və münaqişələrin qarşısının alınması və həll edilməsində vasitəçilik səylərinin vacibliyindən, bu prosesdə BMT və regional təşkilatların rolundan, ayrı-ayrı dövlətlər tərəfindən irəli sürülmüş müxtəlif təşəbbüslərdən danışmışlar.

Müzakirələrdə ötən il iyunun 22-də BMT Baş Məclisinin qəbul etdiyi "Mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin rolunun gücləndirilməsi"nə dair 65/283 saylı qətnamənin qəbul edilməsinin, mübahisələrin dinc vasitələrlə həllinin, münaqişələrin qarşısının alınması və həllində vasitəçilik səylərinin təşviq edilməsinin, mövcud gələcək vasitəçilik mexanizmləri üçün faydalı qaydalar təmin edilməsinin əhəmiyyəti qeyd edilmişdir.

Çıxışlarda Azərbaycan tərəfindən bu cür əhəmiyyətli mövzu üzrə müzakirələrin təşkil edilməsi dəyərli təşəbbüs kimi qiymətləndirilmişdir.

Tədbirdə iştirak edən Ermənistanın BMT yanında daimi nümayəndəsi müzakirələrin mövzusu və ruhuna zidd tərzdə çıxış edərək, natiqlərin səsləndirdikləri fikirləri təhrif etməyə cəhd etmişdir. O, xüsusilə A.Əzimovun istinad etdiyi münaqişənin Ermənistan ilə Azərbaycan arasında baş vermədiyini bildirmiş və ölkəmizi bu münaqişənin həlli üzrə vasitəçilik səylərini heçə endirməkdə günahlandırmışdır.

A.Əzimov isə cavab olaraq bildirmişdir ki, sözügedən münaqişənin məhz Ermənistan ilə Azərbaycan arasında baş verdiyinə dəlalət edən çoxlu sayda sübutlar mövcuddur. Onlardan ikisini qeyd etmək kifayətdir. Birincisi, Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan vətəndaşları xidmət edir və ələ keçirilən bu ölkənin əsgərlərinin sənədləri faktı təsdiq edir. İkincisi, münaqişənin həlli üzrə danışıqlarda münaqişə tərəfi kimi məhz Ermənistan Respublikasının dövlət başçısı iştirak edir.

Ermənistan nümayəndəsinin qeyd etdiyi digər məqama münasibət bildirən A.Əzimov demişdir ki, Ermənistan 2011-ci ildə BMT Baş Məclisinin qəbul etdiyi "Mübahisələrin sülh yolu ilə həlli, münaqişələrin qarşısının alınması və həllində vasitəçiliyin rolunun gücləndirilməsi"nə dair qətnamə üzrə konsensusa qoşulmayan yeganə dövlət olmuşdur. Belə olan halda isə bu dövlətin nümayəndəsinin vasitəçilik səylərinin əhəmiyyətindən söz açması təəccüb doğurur.

 

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 2.