Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması yolları müzakirə olunub

 

İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Qusarda "Aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması: nailiyyətlər və perspektivlər" mövzusunda konfrans keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, Quba-Xaçmaz regionu üzrə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən nazirliyin şöbə müdiri Zaur Qasımov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və digər dövlət proqramlarının uğurlu icrası nəticəsində qeyri-neft sektorunun inkişafı daha da sürətlənir, ölkə iqtisadiyyatına investisiya qoyuluşu artır, sahibkarlıq fəaliyyəti genişlənir. Aqrar sektorda düşünülmüş strategiyanın reallaşdırılması, müasir texnika və texnologiyaların tətbiqi əsasında intensiv metodlardan istifadənin stimullaşdırılması və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi bu sahənin rəqabət qabiliyyətinin artırılmasına, məhsul istehsalının genişləndirilməsinə imkan yaradır. Hazırda ölkəmiz bir çox kənd təsərrüfatı və əsas ərzaq məhsulları ilə özünü yerli istehsal hesabına təmin edirxarici ölkələrə məhsul ixrac edir.

Z.Qasımov həmçinin aqrar-sənaye kompleksinin rəqabət qabiliyyətinin artırılması istiqamətində kənd təsərrüfatı məhsullarının istehsalı və emalının beynəlxalq standartlara uyğun təşkilinin və qabaqcıl təcrübənin tətbiq olunmasının xüsusi əhəmiyyətini diqqətə çatdırıb.

Nazirliyin digər məsul əməkdaşları isə ölkədə regionların investisiya potensialının artdığını bildirib, sahibkarlığın inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirildiyini, nəticədə sahibkarlıq fəaliyyətinin genişləndiyini, dövlət proqramlarının uğurla icra olunduğunu, regionlarda infrastruktur, sosial-mədəni, istehsalemal obyektlərinin yaradıldığını vurğulayıblar.

Tədbirdə çıxış edənlər kənd təsərrüfatı məhsullarının istehsalında rəqabətqabiliyyətliyin artırılması, yerli məhsulların potensial ixrac bazarları və bu bazarlara çıxış imkanları barədə də məlumat verib, kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracında GSP+ proqramının əhəmiyyəti və sahibkarların maarifləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

 

 

Azərbaycan.- 2012.- 3 iyun.- S. 4.