Ziyalı ömrünün səhifələri
"Əsl ziyalı öz yaradıcılıq axtarışlarının "sakitliyinə" qapılıb qalmamalı, fəal ictimai mövqe tutmalı, cəmiyyətin real problemlərinin həllində iştirak etməlidir. Milli düşüncəmizin tarixində, fəlsəfi-ictimai fikrimizdə elm, bilik, ziya-əməl dixotomiyasının necə önəmli yer tutduğunu hamımız yaxşı bilirik və çoxsaylı mülahizələrimizdə bu köklərə arxalanırıq. Ziyalı, əslində, hər hansı partiya mənafelərindən və korporativ maraqlardan kənarda dayanaraq, milli mənafelərin və dövlətçilik maraqlarının keşiyində durmalıdır". Bu sətirlər Milli Məclisin deputatı, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor, tanınmış alim və ictimai xadim Gövhər Baxşəliyevanın "Məqalələr, məruzələr, müsahibələr..." kitabındakı "Ölkəmizdə sabitliyi qorumaq hər bir ziyalının borcudur" adlı müsahibəsindəndir.
Bu kitaba Gövhər Baxşəliyevanın klassik və müasir ərəb ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq və ərəbdilli Azərbaycan ədəbiyyatının müxtəlif məsələlərinə həsr olunmuş məqalələri, bir sıra nüfuzlu beynəlxalq konfranslarda səslənmiş məruzə və çıxışları, mətbuatda dərc olunmuş müsahibələri, müxtəlif əsərlərə yazdığı ön söz və resenziyaları daxil edilmişdir. Kitabı vərəqlədikcə elmini, biliyini, intellektual potensialını xalqının, millətinin və dövlətinin milli mənafeyinə həsr edən ziyalının ömür səhifələri göz önündə canlanır. Bu səhifələrdə dolğun elmi mülahizələr, xalqın mənəviyyatından narahat düşüncələr, respublikanin ictimai-siyasi həyatı ilə bağlı fikirlər də əks olunub, keçmişə və ustadlara ehtiram, milli kimliyimizə zərbə vuranlara və düşmənlərimizə qarşı qəzəb və etiraz, elmin və gəncliyin gələcəyinə ümid də duyulur. Bu səhifələr Gövhər xanımın elmi, ictimai və siyasi fəaliyyətinin çoxsaylı uğurlarını özündə əks etdirir. Bu səhifələrdə alim, ziyalı, millət vəkili, elm təşkilatçısı və nəhayət qadın-ananın - Gövhər xanımın şəxsində vəhdət tapdığının bir daha şahidi oluruq...
Hər bir kitabın dəyəri onun oxucu qarşısında dediyi yeni söz, məchul bir aləmə açdığı işıqlı pəncərə ilə ölçülür. Çünki məhz həmin nəşr vasitəsilə, o, şahidi olmadığı hadisələr, görmədiyi şəxslər, duymadığı hiss və münasibətlər haqqında nə qədər zəngin məlumatlar alır... Bu mənada Gövhər xanımın "Məqalələr, məruzələr, müsahibələr..." kitabı kimliyindən və tutduğu vəzifədən asılı olmayaraq onu vərəqləyən hər kəsin marağına münasib aydın, inandırıcı və dolğun cavablar verir.
Gövhər xanım ilk növbədə şərqşünas alimdir, klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, ədəbi əlaqələr və mənbəşünaslıq üzrə mütəxəssisdir. Gövhər xanım "AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 2010-2015-ci illərdə Elmin İnkişafı Strategiyası" adlı məqaləsində qeyd edir ki, "əsrlər boyu Azərbaycan ədəbiyyatı və bütövlükdə filologiya elmi müştərək ərəb-müsəlman mədəniyyətinin bir qolu kimi inkişaf etdiyindən, Azərbaycan-ərəb, Azərbaycan-fars və Azərbaycan-türk filoloji əlaqələrinin və genetik yaxınlığının çoxsaylı təzahürləri üzə çıxır ki, onları da müfəssəl surətdə öyrənmək filoloq-şərqşünasların üzərinə düşür. Səylərimizi müsəlman aləmində elmin və mədəniyyətin inkişafında müstəsna rolu olmuş, ərəb və fars dillərində yazmış azərbaycanlı alim və ədiblərin zəngin mənəvi irsinin araşdırılmasına və onları xalqa tanıtmağa yönəltməliyik".
Təqdim olunan kitabda öz əksini tapmış məqalə və məruzələr onu deməyə əsas verir ki, Gövhər xanım bu fikirlərin əməli nəticəsi kimi yalnız bir tədqiqat sahəsi ilə məşğul olmaqla kifayətlənməmiş, ərəb və Azərbaycan ədəbiyyatının müxtəlif məsələlərinə aid məqalələr qələmə almışdır. O, Azərbaycan ədəbiyyatının Nizami, Nəsimi, Füzuli kimi dühalarının yaradıcılıq dünyasına üz tutmuş, bu korifeylərin poeziya kəhkəşanını incələyərək ərəb qaynaqları və mənbələrinin izlərini aşkarlamış, Füzulinin məhəbbət konsepsiyasında qədim ərəb şeirinin ideya-məzmun və bədii-estetik xüsusiyyətlərini aydınlaşdırmış, Nəsiminin ərəb dilindəki söz ustalığını dəyərləndirmişdir. Və bütün bu elmi qənaətlər kitabda nəşr olunmuş "Xəmsə müəllifi və ərəb mənbələri", "Leyli və Məcnun" və "Kitab əl-Əğani", "Bir daha Füzulinin məhəbbət konsepsiyası haqqında", "Nizaminin bir ərəb mənbəyi haqqında", "Əbülfərəc əl-İsfahaninin "Nəğmələr kitabı və klassik irsimiz", "Nəsiminin ərəbcə qəzəllərinin ideya-məzmun və bədii-estetik xüsusiyyətləri", "Leyli və Məcnun mövzusunun yaranma və işlənmə tarixindən" kimi məqalə və məruzələrdə öz əksini tapmışdır.
"Məqalələr, məruzələr, müsahibələr..." kitabına daxil edilmiş "Abd as-Salam Alğ-Udjeyli - vidnıy predstavitelğ sovremennoy siriyskoy realistiçeskoy literaturı", "Arabskaə literatura", "Pogtiçeskie osobennosti arabskoy literaturı VIII-IX vv." kimi məqalələr Gövhər xanımın klassik və müasir ərəb ədəbiyyatı tarixi, ərəb ədəbiyyatının nəzəri problemləri istiqamətində araşdırmalarının nəticələri kimi dəyərlidir.
Professorun gərgin zəhmət, zəngin fakt və mötəbər mənbələrə əsaslanaraq qələmə aldığı "Azərbaycanda Mövlana irsinin tədqiqi tarixindən", "Əhməd Zəki Vəlidi Toqanın həyat və elmi yaradıcılığı", "Milli ruhun təntənəsi", "Mühacir şair Almas İldırımın yaradıcılığında "dəniz", "İslam memarlıq abidələri ümumbəşəri maddi-mənəvi dəyərlər kontekstində", "Orta əsrlər ərəb mənbələrində Naxçıvan haqqında məlumatlar", "Osmanlı dönemi arap şiirinde osmanlı tarihinin yansısı" kimi məqalə və məruzələri onun yüksək erudisiya və geniş maraq dairəsinə, rabitəli məntiqinə və əsl mütəxəssis kimi şərqşünaslıq elminin müxtəlif sahələrinə həssas yanaşma səriştəsinə dəlalət edir.
Gövhər Baxşəliyeva "Azərbaycan şərqşünaslıq elmində tarixən yaranmış elmi ənənələrin və məktəblərin qorunmasını və davamlılığını təmin etməyi, bu məqsədlə böyük şərqşünas alimlərin elmi irsini davamlı tədqiq və nəşr etməyi, gənc nəsilləri maarifləndirmək üçün bu alimlərin adına mütəmadi elmi tədbirlər (konfranslar, simpoziumlar, seminarlar) təşkil etməyi" ("Müstəqil Azərbaycanda şərqşünaslıq elminin inkişaf perspektivləri" məqaləsindən) vacib hesab edir. Bu mənada professorun "Azərbaycan şərqşünaslıq elminin akademik Həmid Araslı mərhələsi", "Şərəfli ömür" (professor Rüstəm Əliyevə həsr olunub), "Görkəmli şərqşünas, parlaq şəxsiyyət" (professor Əkrəm Cəfər haqqında), "Ölümsüzlüyə qovuşan ömür" (akademik Ziya Bünyadova həsr olunub), "Görkəmli şərqşünas - alim, professor Aida İmanquliyevanın Azərbaycan şərqşünaslıq elminin inkişafında rolu" məqalə və məruzələri xüsusi maraq kəsb edir. Gövhər xanımın alim-vətəndaş qələmindən çıxmış bu məqalə və məruzələrində Azərbaycan şərqşünaslıq elminin inkişafında əvəzolunmaz xidmətləri olmuş alimlərə böyük ehtiram və minnətdarlıq duyğuları əks olunmuşdur. Bu məqamda Gövhər xanım Baxşəliyevanın Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, ümummilli lider Heydər Əliyevin sədaqətli məsləkdaşı və silahdaşı akademik Ramiz Mehdiyevin 70 illik yubileyinə həsr olunmuş "Ramiz Mehdiyev - 70" məqaləsini xüsusi qeyd etmək lazımdır. Akademik Ramiz Mehdiyev şəxsiyyətini "nəzəriyyə ilə təcrübənin üzvi şəkildə bir-birini tamamladığını sübuta yetirən parlaq misal, tutarlı örnək" kimi dəyərləndirən Gövhər xanım qısa yazısında akademikin elm və dövlət idarəetmə sahəsindəki böyük xidmətlərini və uğurlarını yüksək qiymətləndirmiş və Ramiz Mehdiyevin böyük idarəçilik təcrübəsinin, elmi səriştəsi və tükənməz enerjisinin çox-çox illər xalqımıza, müstəqil Azərbaycanımızın çiçəklənməsi və tərəqqisinə xidmət edəcəyinə inandığını ifadə etmişdir.
Gövhər Baxşəliyeva elmi fəaliyyətlə yanaşı, aktiv ictimai-siyasi fəaliyyətlə də məşğuldur. O, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutuna rəhbərlik edir və elm təşkilatçısı kimi də xeyli işlər görür. "Məqalələr, məruzələr, müsahibələr..." kitabına daxil edilmiş yazıların bir qismi məhz professorun bu sahədəki fəaliyyətindən bəhs edir, onun şərqşünaslıq elminin vəzifələri və strategiyası, Şərqşünaslıq İnstitutunun nailiyyətləri və inkişaf mərhələləri haqqında fikir və mülahizələrini ehtiva edir. Gövhər xanım "Elmdə islahatlar günün tələbidir" adlı məqaləsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ölkə mətbuatında dərc olunmuş "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı geniş məqaləsinə münasibətini bildirərək, bu mövzu ətrafında olduqca maraqlı mülahizələrini irəli sürür. O yazır: "Fundamental elmin ictimai şüurun düzgün istiqamətdə təkamülündə müstəsna rolunu gözəl bilən ümummilli liderimiz Heydər Əliyev məhz buna görə hakimiyyətə qayıtdıqdan və ölkədə ictimai-siyasi sabitlik yaratdıqdan sonra əsas elmi məbədimiz ətrafında söz-söhbətlərə son qoydu, ardınca öz tarixi fərmanı ilə AMEA-nın strukturunu müəyyənləşdirdi. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev elmdə islahatlar, elmin inkişaf strategiyası, Elmin İnkişafı Fondunun yaradılması ilə bağlı sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi istiqamətində mühüm addımlar atdı". Gövhər xanım bütövlükdə Azərbaycan elminin potensialına dərindən bələd olan alim kimi elmi islahatların başlıca məqsədinin mövcud potensialdan daha düzgün istifadədən ibarət olduğunu xüsusi vurğulayır. Professor diqqəti ictimai və humanitar sahələrdə çalışan alimlərin cəmiyyətlə əlaqələri məsələsinə yönəldərək bildirir ki, "qloballaşma erası və informasiya cəmiyyəti alimin öz hücrəsinə qapılıb qalmamasını, cəmiyyət üzvlərinin açıq dialoqa köklənməsini, vətəndaşların intellektual tələblərinin ödənilməsinə maksimum səy göstərilməsini tələb edir". Daha sonra alim konkret olaraq rəhbərlik etdiyi Şərqşünaslıq İnstitutunun fəaliyyətindən, qarşıda duran vəzifələrdən, institutda aparılan elmi-tədqiqat işlərinin istiqamətlərindən bəhs edərək qeyd edir ki, "institutun ayrı-ayrı şöbələrində aparılan tədqiqat işlərinin hər biri müasir dünyada gedən qlobal proseslərin mahiyyətinin anlaşılmasında, problemlərin köklərinin üzə çıxmasında və dövlətimizin strateji maraqlarına xidmət edən xarici siyasət kursunun müəyyənləşməsində xüsusi önəm daşıyır". Professor "Şərqşünaslığın aktual problemləri tədqiq olunur", "AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 2010-2015-ci illərdə elmin inkişafı strategiyası", "Şərqşünaslıq elmi müstəqil Azərbaycanın milli və dövlət maraqlarına xidmət edir", "Müstəqillik illərində AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun fəaliyyəti haqqında", "Müstəqil Azərbaycanda şərqşünaslıq elminin inikşaf perspektivləri", "Azerbaycan Şarkiyat Enstitüsünde türkoloji çalışmalar (2005-2011)" və s. adlı məqalə və məruzələrində, respublikanın "Azərbaycan", "525-ci qəzet", "Şərq", "İki sahil", "Kaspi", "Dünya-press" və s. qəzetlərinə verdiyi müsahibələrində bu aktual və vacib məsələyə bir daha toxunur, Azərbaycan elminin problemləri və onun həlli yollarını araşdırır, elmin inkişafına dair maraqlı faktlar önə çəkir, elm adamlarının durumuna həssas münasibət göstərərək mövcud elmi mühit və potensialı qorumaq üçün "həyəcan təbili" səsləndirir, elmin təşkili və idarə olunmasına dair dəyərli təklif və mülahizələr irəli sürür: "İslahatlar zamanı xüsusi diqqət Elmlər Akademiyasının fəaliyyətində çevikliyin təmin olunmasına yetirilməlidir. Bu sahədə kök salmış bürokratik metodlardan imtina edilməli, elmi fəaliyyətin təşkili və maliyyələşdirilməsində daha müasir və mütərəqqi formalardan istifadəyə üstünlük verilməlidir... Hörmətli Prezident cənab İlham Əliyevin dəfələrlə vurğuladığı və hazırda müstəqil ölkəmiz qarşısında duran ən ümdə vəzifə "iqtisadi kapitalı insan kapitalına" çevirmək işində məhz Milli Elmlər Akademiyasının böyük elmi potensialı həlledici rol oynayacaq" ("Azərbaycan" qəzetində dərc olunmuş "Gələcəyə qoyulan sərmayə" adlı müsahibədən).
Gövhər Baxşəliyeva aktiv ictimai-siyasi fəaliyyətlə məşğul olan bir şərqşünas alim kimi haqlı olaraq müstəqil Azərbaycanın xarici siyasətində Şərq amilinin böyük rol oynadığını düzgün qiymətləndirir. Ölkəmizin Şərq siyasətində qazandığı uğurları, əldə etdiyi nailiyyətləri, çoxtərəfli əlaqələri ətraflı təhlil edərək bunun ümummilli lider Heydər Əliyevin Şərq ölkələrinə dair xarici siyasəti ilə sıx bağlı olduğunu qeyd edir. Alim "Heydər Əliyevin Şərq siyasəti", "İslam ölkələrini Azərbaycanın strateji tərəfdaşına çevirən lider" adlı məqalələrində Heydər Əliyevin Şərq və Qərb arasındakı strateji mövqeyimizdən yararlandığını və xarici siyasətdə Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışdığını xüsusi qeyd edir. "Heydər Əliyevin xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusilə Türkiyə, İran və s. ölkələrlə münasibətlərdə mahir davranış, incəlik həmişə duyulurdu" deyən professor düzgün ölçülmüş və tarazlaşdırılmış siyasi xəttin nəticəsində ölkəmizin həm İslam Konfransı Təşkilatı çərçivəsində böyük müvəffəqiyyətlər qazandığını, həm İsraillə sabit və konstruktiv əməkdaşlıq etdiyini, həm də əksər ərəb dövlətləri ilə gözəl dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu xüsusi vurğulayır.
Gövhər Baxşəliyeva xalqın öndə gedən, cəmiyyətin inkişafına öz töhfəsini verən, "təmənnasız öz xalqına, insanlara xidmət edən" ziyalılardandır. Bu gün cəmiyyətin üzləşdiyi mənəvi böhran və təbəddülatlara laqeyd qala bilməyən alim öz narahatlığını qələmə aldığı məqalələrdə, verdiyi müsahibələrdə dilə gətirmiş, cəmiyyəti aydınlatmağa çalışmışdır. "Azərbaycanda İslam faktoru", "Müasir İslamın əsas ideya cərəyanları", "Azərbaycan xalqının İslam mədəniyyətinə verdiyi töhfələr heç də başqalarınkından az deyil", "Azərbaycanda islamofobiyadan söhbət gedə bilməz" kimi məqalələrdə alim İslam dininin humanist prinsiplərini, insanlığa yönəlmiş yüksək mənəvi ideyaların ümumbəşəri, əxlaqi və sosial ədalət dəyərlərini açıqlamış, İslam dinindən Azərbaycanda öz siyasi, iqtisadi mövqelərini möhkəmləndirmək məqsədi ilə istifadə etməyə çalışan xarici qüvvələrin iddialarının əsassızlığını sübuta yetirmişdir. Bu məqamda professorun "Keçmişi qaytarmağın uğursuz cəhdləri" məqaləsini, "525-ci qəzet"də dərc olunmuş "Hicab məsələsinə yanaşmada dövlətin mövqeyini haqlı hesab edirəm" adlı müsahibəsini xüsusi qeyd etmək lazımdır. Gövhər xanım hicab və qadın azadlığı məsələsinə ilk növbədə bir mütəxəssis kimi yanaşmış, qadınların örtünməsini tarixi müstəvidə təhlil edərək onun əxlaqi, fəlsəfi, sosial, iqtisadi səbəblərini açıqlamağa çalışmışdır. Alim birmənalı şəkildə bildirir ki, "qadınların bədənini, başını və üzünü örtməsi bəşər cəmiyyətinin inkişafının müəyyən mərhələsində meydana gələn mədəni-ictimai hadisədir və onun tətbiqi din amili ilə bağlı olmaya bilər". Gövhər xanım çarşabdan imtina edən Azərbaycan qadınını bu gün Şərqdə ən inkişaf etmiş, ən öndə gedən qadın adlandırır və bildirir ki, bu bizim, xüsusilə Azərbaycan türk qadınlarının nailiyyətidir və bu nailiyyətimizin dəyərini bilməli, qiymətləndirməliyik". Professorun bütün bu qənaət və mülahizələri əsrin əvvəllərində qadın azadlığı uğrunda mübarizə aparan Mirzə Cəlilin və digər demokrat- maarifçi yazıçıların düşüncələri ilə həmahəng səslənir!
Bu gün Gövhər xanım Azərbaycan Respublikası Milli Məclisinin Elm və təhsil məsələləri üzrə daimi komitəsinin üzvüdür, Azərbaycan Respublikası Milli Məclisinin İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqında nümayəndə heyətinin rəhbəridir. Deputat Gövhər Baxşəliyeva bir ziyalı və alim kimi onu düşündürən, narahat edən məsələ və problemləri ali kürsüdən - millət vəkili kürsüsündən səsləndirmək imkanına malikdir. "Məqalələr, məruzələr, müsahibələr..." kitabına daxil edilmiş məqalə və çıxışların bir qismi məhz Gövhər xanımın millət vəkili kimi fəaliyyətinin təzahürüdür. Bu mənada onun "İKT Parlament İttifaqı Azərbaycanın haqq işinə həmişə dəstək verib", "Amnistiya mərhəmət və humanizmin təzahürüdür", "Children in armed conflict", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları" kimi məqalələri və bir sıra beynəlxalq konfranslarda etdiyi məruzələri, müxtəlif mətbu orqanlarda nəşr olunmuş "İslam Konfransı Təşkilatı Ermənistanın təcavüzkarlıq mövqeyini pisləyir", "Test üsulunu ləğv etmək olmaz", "Yekcins dünya mədəniyyətindən danışmağa dəyməz", "Ortaq türk dilinin əsasında Azərbaycan dilinin dayanmasını istərdim", "Ailə-məişət münasibətlərində tərbiyəvi üsullara üstünlük verilməlidir", "Türk respublikalarının terrorizmə qarşı vahid mübarizə təşkilatını yaratmaq mümkündürmü?" və s. kimi müsahibələrini xüsusi qeyd etmək lazımdır. Bütün bu materiallarla dərindən tanışlıq onu deməyə əsas verir ki, Gövhər xanımın rəhbərliyi ilə parlament nümayəndə heyətimiz İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının sessiya və konfranslarında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, Xocalı soyqırımını insanlığa qarşı cinayət adlandıran bir sıra qətnamələrin qəbuluna nail olmuşdur. Eyni zamanda, millət vəkili bir sıra nüfuzlu beynəlxalq konfranslarda çıxış edərək dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzü nəticəsində azərbaycanlı uşaqların və gənclərin terrora məruz qaldığına, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunması məsələsinə, Azərbaycanda dini tolerantlığın hökm sürməsinə, Azərbaycan qadınlarının cəmiyyətin inkişafındakı mühüm roluna və Azərbaycan Respublikasının dövlət qadın siyasətinə və s. məsələlərə yönəltmişdir. Bütün bu yazılarda hadisə və problemlərə aydın ziyalı baxışı, cəmiyyətin təlim-tərbiyəsində mühüm rol oynayan qadın mövqeyi ön plandadır.
"Məqalələr, məruzələr, müsahibələr..." kitabında Gövhər xanımın Azərbaycanda təbliğini zəruri saydığı bədii tərcümə əsərlərinə, eyni zamanda şərqşünaslıq elminin müxtəlif problemlərinə həsr olunmuş kitablara yazdığı ön söz, müqəddimə, rəy və resenziyalar da nəşr olunmuşdur. Bu fakt professorun şərqşünas kadrların hazırlanması, elmi potensialın möhkəmləndirilməsi, yeni tədqiqat sahələrinin inkişafı məsələlərinə diqqət və qayğısının təzahürü kimi qiymətləndirilməlidir.
Beləliklə, haqqında fikir bildirilən ikicildlik onun müəllifinin gərgin elmi axtarış və araşdırmalarının, aktiv ictimai-siyasi fəaliyyətinin bəhrəsi kimi dəyərli və qiymətlidir.
Nizami CƏFƏROV,
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri, AMEA-nın
müxbir üzvü, Azərbaycanda
Atatürk Mərkəzinin direktoru
Azərbaycan.- 2012.- 3 iyun.- S. 6.