“Eurovision-2012” mahnı müsabiqəsi Azərbaycanı dünyaya layiqincə tanıtdı
Çağdaş dövrümüzdə hər bir ölkəni dünya nizamı üçün əhəmiyyətli edən meyarlardan biri məhz beynəlxalq imicdir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar da hansısa ölkədə öz tədbirlərini keçirərkən onun imkanları və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. İndiyədək Azərbaycanda beynəlxalq təşkilatların çoxlu sayda siyasi, iqtisadi tədbirləri keçirilib. Eyni fikirləri idman yarışlarına, müxtəlif mövzulu beynəlxalq konfranslara, simpoziumlara da aid etmək olar. Bütün bunlar onu göstərir ki, bütövlükdə Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi bir məkandır. Araşdırsaq görərik ki, işğalçı Ermənistanda indiyədək cəmi bir neçə belə tədbir keçirilib, onlarda da məhdud sayda insan iştirak edib.
Çoxlu sayda siyasi, mədəni, idman və digər səpkili tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız ötən ay növbəti beynəlxalq tədbirə layiqincə ev sahibliyi etməklə dünyanın diqqətini Bakıya cəlb etdi. Bu, bütün Avropanın və dünyanın yaxından izlədiyi "Eurovision-2012" mahnı müsabiqəsi idi. Bu müsabiqə ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Bütövlükdə bu müsabiqə Azərbaycanı beynəlxalq aləmə daha yaxından tanıtdı. Çoxsaylı xalqların, müxtəlif mədəniyyətlərin bir araya gəldiyi bu musiqi yarışmasına Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin beynəlxalq imicinin daha da artmasına mühüm töhfə olmaqla bərabər, sivil dünyanın ayrılmaz hissəsi olan ölkəmizin mütərəqqi bəşəri dəyərlərə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın Avropanın ən populyar mahnı müsabiqəsində iştirakının təşəbbüskarı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır. Məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu layihədə ölkəmizin iştirakına özünün fəal töhfəsini verən əsas qurumdur. Fondun dəstəyi və təşkilatçılığı ölkəmizin bu yarışmada uğurla təmsil olunmasında hər zaman böyük rol oynayıb.
Qeyd edək ki, Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsində iştirakı 2008-ci ildən başlayır. İndiyədək Azərbaycan təmsilçiləri qatıldıqları sayca 5 "Eurovision" yarışmasının hər birini uğurla başa vurublar. 2008-ci ildə 8-ci yeri tutmaqla yarışma iştirakçıları arasında ilk onluqda qərarlaşan Azərbaycan sonrakı illərdə ilk beşliyə düşüb. Ötən il isə Azərbaycan təmsilçiləri birinci yeri tutmaqla "Eurovision"u Azərbaycana gətirdilər. Bu mənada "Eurovision" mahnı yarışmasının bu il Bakıda keçirilməsi ölkəmizin öz halal haqqı idi.
O zaman qarşıda duran ən vacib məsələ müsabiqəyə hazırlıq işlərini yüksək səviyyədə həyata keçirmək idi. Elə buna görə də ötən il - yarışma başa çatandan bir neçə gün sonra - mayın 19-da Prezident İlham Əliyevin imzaladığı "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında" sərəncamına əsasən Azərbaycanın müsabiqədə iştirakının təsəbbüskarı Mehriban Əliyevanın sədrliyi ilə Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsi tərəfindən hazırlıq işləri ən yüksək səviyyədə həyata keçirildi. Eyni zamanda, müsabiqənin keçirildiyi "Baku Crystal Hall"ın tikintisi vaxtında başa çatdırıldı. Beləliklə, son illərdə çoxsaylı siyasi, mədəni, idman və digər səpkili beynəlxalq tədbirlərin keçirildiyi Azərbaycan bütün dünyanın yaxından izlədiyi "Eurovision-2012" mahnı müsabiqəsinə də ev sahibliyini layiqincə etdi.
Mayın 10-da Bakıda Heydər Əliyev Mərkəzinin açılışı, ulu öndərin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasimdəki çıxışı zamanı Mehriban xanım Əliyeva demişdir: "Heydər Əliyev Fondu "Eurovision-2012"nin rəsmi tərəfdaşı olaraq bu müsabiqənin ölkəmizdə ən yüksək səviyyədə keçirilməsi üçün bütün səylərini göstərir. Artıq bir neçə gündən sonra şəhərimiz müsabiqənin iştirakçılarını və qonaqlarını salamlayacaqdır. Onların əksəriyyəti üçün, yəqin ki, bu, ölkəmizlə ilk tanışlıq olacaqdır. Mən çox istərdim və ümidvaram ki, şəhərimizə gələn hər bir qonaq Bakının gözəlliyinə, qədim Bakının müasir simasına, Bakının təkrarolunmaz ab-havasına vurulsun və ən əsası isə insanlarımızın, Azərbaycan xalqının qonaqpərvərliyini hiss etsin. Mən əminəm ki, Bakıda "Eurovision-2012" unudulmaz bir bayrama çevriləcəkdir".
Bəli, artıq tarixə özünün layiqli möhürünü vuran "Eurovision-2012" mahnı müsabiqəsi Mehriban xanım Əliyevanın fikirlərini əyani şəkildə təsdiq etdi. Bu yarışmanın yüksək səviyyədə təşkil olunması və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə növbəti töhfə və dəstək oldu. Həmin günlərdə bütün dünya Azərbaycandan danışdı, Bakıdan yazdı. Paytaxtımıza gələn xarici vətəndaşlar, turistlər Azərbaycandakı inkişafı öz gözləri ilə gördülər, ölkəmizi daha yaxından tanımaq imkanı əldə etdilər. Bakının qonağı olacaq əcnəbilər təkcə bu mahnı müsabiqəsinin deyil, həmçinin zəngin tarixi izlərin yaşadığı Bakının gözəlliyinin, müxtəlif mədəniyyətlərə məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrimizin və azərbaycanlıların səmimi qonaqpərvərliyinin şahidi oldular. Bu mənada "Eurovision-2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi Azərbaycanın inkişafını və turizm potensialını beynəlxalq miqyasda daha yaxından tanımaq baxımından böyük hadisəyə çevrildi.
Digər tərəfdən, Azərbaycan bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməklə bir daha sübut etdi ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir. Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanın təbliğinə və imicinin daha da yüksəlməsinə xidmət edən bu möhtəşəm tədbirin Bakıda keçirilməsinə qısqanclıqla yanaşanlar da tapıldı. Erməni lobbisi, İranın bəzi dairələri və daxilimizdə antiazərbaycançı şəbəkəyə xidmət edən bəzi insanlar "Eurovision-2012" mahnı müsabiqəsini siyasiləşdirməyə və bundan çıxış edərək Azərbaycanın uğurlarına kölgə salmağa cəhd göstərdilər. Hətta Avropa Parlamenti də antiazərbaycançı dairələrin təsiri ilə təcili toplaşaraq Azərbaycana dair qərəzli, iftira və böhtanla dolu qətnamə qəbul etdi.
Azərbaycanı düşmən gözü ilə görənlərin, müstəqilliyimizi, inkişafımızı və uğurlarımızı görmək istəməyənlərin keçirdiyi "narahatlıq" bizim üçün yenilik deyil. Zaman-zaman antiazərbaycançı şəbəkə respublikamızın uğurlarına kölgə salmaq üçün saysız-hesabsız cəhdlər göstərib. Lakin heç bir məkrli təbliğat, təzyiq və təhdid Azərbaycanı öz inkişaf yolundan döndərə bilməz. Prezident İlham Əliyevin dediyi kimi: "Bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaqdır. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki mən bu kürsüdəyəm, heç vaxt olmayacaqdır. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!"
Rəşad
CƏFƏRLİ
Azərbaycan.- 2012.- 3 iyun.- S. 6.