Azərbaycanın
Baş naziri Pakistanın Birləşmiş Qərargah Rəisləri
Komitəsinin sədri ilə görüşmüşdür
Azərbaycanın Baş naziri Artur Rasizadə fevralın 29-da Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Xalid Şamim Vaynın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycanın Baş naziri ölkəmizin Pakistanla əlaqələrə böyük dəyər verdiyini, əməkdaşlığın bütün istiqamətlərdə inkişafında maraqlı olduğunu diqqətə çatdırdı. Siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən Artur Rasizadə iqtisadi əlaqələrin də yüksəldilməsinin vacibliyini dedi. Baş nazir bu səfərin hər iki ölkənin hərbi potensialına töhfə verəcəyini vurğuladı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən Artur Rasizadə ölkəmizin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, bunun üçün səylərini artırdığını söylədi. Bildirildi ki, danışıqlar nəticəsiz qaldığına görə münaqişənin digər yollarla həlli də istisna edilmir.
General Xalid Şamim Vayn Pakistanın və pakistanlıların Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiklərini, iqtisadi sahədə də qarşılıqlı əməkdaşlığa önəm verdiyini dedi. Qonaq bildirdi ki, Pakistan Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyir, yol verilən ədalətsizliyə qarşı çıxır. Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan daim Azərbaycanın yanındadır.
AzərTAc
Azərbaycan.- 2012.- 1 mart.- S. 1.