Azərbaycan MDB
iştirakçıları olan dövlətlərin
antiterror mərkəzləri rəhbərlərinin
müşavirəsində iştirak etmişdir
MDB üzvü olan dövlətlərin antiterror mərkəzi Moskvada Müstəqil Dövlətlər Birliyinin antiterror mərkəzləri rəhbərlərinin müşavirəsini keçirmişdir. "MDB təhlükəsizlik orqanlarının, xüsusi xidmətlərinin və hüquq-mühafizə orqanlarının Avrasiya təhlükəsizliyinin təmin edilməsində rolu və yeri" mövzusunda müşavirədə MDB üzvü olan dövlətlərin təhlükəsizlik orqanlarının və xüsusi xidmətlərinin nümayəndə heyətləri, beynəlxalq və regional təşkilatların nümayəndələri və beynəlxalq ekspertlər iştirak etmişlər. Azərbaycan Respublikası bu müşavirədə Milli Təhlükəsizlik Nazirliyinin nümayəndələri səviyyəsində təmsil olunmuşdur.
MDB üzvü olan dövlətlərin antiterror mərkəzinin rəhbəri, polis general-polkovniki Andrey Novikov məruzə ilə çıxış etmişdir.
Müşavirədə Avrasiya təhlükəsizliyinin vəziyyəti və perspektivləri, iqtisadi və siyasi inteqrasiya proseslərinin MDB üzvü olan dövlətlərin antiterror baxımından müdafiə olunmasının keyfiyyətinə təsiri problemləri, MDB məkanında hərbi təhlükəsizlik məsələləri müzakirə mövzusu olmuşdur. Müşavirədə ekspertlər müasir terrorizmə, "ərəb inqilabları"nın gedişində terrorizmin keyfiyyətcə dəyişməsinə (modifikasiyasına), habelə MDB iştirakçısı olan dövlətlərin müştərək Avrasiya məkanında yeni təhdid və təhlükələr yaranması proseslərinə qiymət verməyə çalışmışlar.
Asya HACIZADƏ
Azərbaycan.- 2012.- 1 mart.- S. 1; 3.