Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Serbiya Olimpiya Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 29-da Serbiya Olimpiya Komitəsinin sədri, "AnaVlade Divats Fondu"nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunda qonaqları salamlayan birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini demişdir. Heydər Əliyev Fondunun prezidenti iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etmiş, bu səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirmişdir.

Heydər Əliyev Fondunun prezidenti "AnaVlade Divats Fondu"nun Azərbaycan Prezidenti İlham Əliyevə "Balkanların ləyaqətli dostu" beynəlxalq mükafatını təqdim etməsini xatırlatmışdır.

Birinci xanım Mehriban Əliyeva vurğulamışdır ki, Heydər Əliyev Fondu ilə "AnaVlade Divats Fondu"nun əməkdaşlığı qeyri-dövlət qurumları arasında əlaqələr baxımından vacibdir. "AnaVlade Divats Fondu"nun humanitar sahədə, məcburi köçkünlərə, çətinliklərdən əziyyət çəkən insanlara kömək etdiyi barədə məlumatlı olduğunu deyən Mehriban xanım Əliyeva hər iki fondun eyni məqsədlərə xidmət etdiyini, eyni prioritetlərinin olduğunu vurğulamışdır.

Əməkdaşlığın perspektivləri barədə danışan birinci xanım Mehriban Əliyeva qeyd etmişdir ki, Heydər Əliyev Fondu tərəfindən artıq Serbiyada layihələr həyata keçirilir. Bu ölkədə kilsə və məscid bərpa olunur. Gələcəkdə müxtəlif sahələrdə, o cümlədən idman, təhsil və digər istiqamətlərdə layihələrin reallaşdırılması nəzərdə tutulur.

Mehriban xanım Əliyeva Serbiya Olimpiya Komitəsinin sədri, "AnaVlade Divats Fondu"nun təsisçisi Vlade Divatsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirmişdir.

Görüşə görə minnətdarlığını bildirən Vlade Divats demişdir ki, ölkəmizə səfərinin əsas məqsədi Prezident İlham Əliyevə mükafatı təqdim etmək və Azərbaycan xalqı ilə daha yaxından tanış olmaqdır. Qonaq vurğulamışdır ki, Prezident İlham Əliyevin fəaliyyəti xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir.

Heydər Əliyev Fondunun fəaliyyəti ilə artıq tanış olduqlarını bildirən Vlade Divats qeyd etmişdir ki, Fondun çoxşaxəli fəaliyyəti onları bu qurum ilə geniş əməkdaşlıq qurmağa sövq edir.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 2.