İki ölkə arasında hərbi əməkdaşlığın
müxtəlif sahələr üzrə daha
da genişləndirilməsi məsələləri
müzakirə edilmişdir
Bakıda səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Xalid Şamim Vayn fevralın 29-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Xalid Şamim Vayn və onu müşayiət edən şəxslər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını, eləcə də Şəhidlər xiyabanını ziyarət etmişlər.
Qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilmiş, hər iki ölkənin dövlət himni səsləndirilmişdir.
Geniştərkibli görüşdə hərbi əməkdaşlıq məsələlərinin müxtəlif sahələr üzrə daha da genişləndirilməsi barədə ətraflı fikir mübadiləsi aparılmış, irəli sürülən konkret təkliflərin reallaşması üçün işçi qrupların fəaliyyətə başlanması qərara alınmışdır.
Görüş zamanı nazir Səfər Əbiyev qonağa regionda hökm sürən gərgin hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlər barədə məlumat vermişdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində Silahlı Qüvvələrimizin üzərinə düşən vəzifələrə toxunan nazir bildirmişdir ki, rəsmi Bakı bölgədə sülhün tərəfdarıdır, ancaq torpaqlarımız işğaldan azad edilməyəcəyi təqdirdə Azərbaycan digər zəruri tədbirləri həyata keçirməkdən çəkinməyəcəkdir.
General Xalid
Şamim Vayn demişdir ki, Pakistan həmişə olduğu
kimi, bu gün də Azərbaycanın yanındadır.
Haqlı mübarizədə Pakistan İslam Respublikası Azərbaycanı bundan sonra da
dəstəkləyəcəkdir.
Azərbaycan.- 2012.- 1 mart.- S. 2.