Pakistan haqlı mövqeyimizi müdafiə edir

 

"Pakistan İslam Respublikası Ermənistanı bir dövlət kimi tanımır, onunla heç bir münasibəti yoxdur və Dağlıq Qarbağ münaqişəsi ilə bağlı tutduğu mövqedən geri çəkilməyəcək".

Bu fikirləri dünən Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun iclasında Pakistan Senatının sədr müavini Mir Can Camali söyləyib. İclasda çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əliağa Hüseynov bildirib ki, hər iki ölkə arasında ikitərəfli münasibətlər mövcuddurbundan sonra əlaqələr daha da genişlənəcək. Ə.Hüseynov qeyd etdi ki, Pakistan İslam Respublikası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana lazımi dəstək göstərir və bu ölkənin parlamenti Xocalı faciəsini soyqırımı kimi tanıyıb.

Azərbaycanda özlərini vətənlərindəki kimi hiss etdiklərini deyən Mir Can Camali isə bildirib ki, Pakistan daim Azərbaycanin yanındadır: "Çünki Azərbaycan Kəşmir münaqişəsində Pakistanı daim dəstəkləyib və lazım olanda öz köməyini əsirgəməyib. Biz də Azərbaycanın haqlı mövqeyini müdafiə edirik".

Görüşdə çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov isə qeyd edib ki, hər iki ölkə arasında dostluq, qardaşlıq münasibətləri daha da genişlənəcək.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 2.