Pakistan-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir

 

Mir Can Camali: Pakistan Azərbaycana hərbi sahədə istənilən dəstəyi göstərməyə hazırdır

 

"Xocalı soyqırımının tanınması ilə bağlı Pakistan Azərbaycanı beynəlxalq təşkilatlarda dəstəkləməyə hazırdır. Biz BMT Təhlükəsizlik Şurasında da Azərbaycana dəstək verəcəyik". Bu fikirləri dünən Milli Məclisdə keçirilən mətbuat konfansında Pakistan İslam Respublikası Senatının sədr müavini Mir Can Camali söyləyib. Senatın sədr müavini bildirib ki, keçirdikləri bütün rəsmi görüşlərdə Pakistan İslam Respublikasının mövqeyini bir daha diqqətə çatdırıblar. Bu mövqe ondan ibarətdir ki, Azərbaycan torpaqları işğaldan azad edilənə qədər Pakistanın Ermənistana münasibəti dəyişməyəcək. "Azərbaycanla Pakistan qardaş ölkələrdir. Əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Müxtəlif sahələr üzrə əməkdaşlğımız mövcuddur və bunun üçün hər iki dövlət tərəfindən hüquqi baza yaradılıb" - deyən Mir Can Camali qeyd edib ki, hər bir ölkənin inkişaf etməsi üçün güclü rəhbəri olmalıdır.  Azərbaycanın bunda bəxti gətirib: "Əgər dünyanın bəzi liderləri Azərbaycan Prezidenti İlham Əliyev kimi düşünsəydi, dünya siyasi cəhətdən çox inkişaf edərdi. Sizin güclü və iradəli Prezidentiniz var və buna görə Azərbaycan inkişaf etmiş ölkələr sırasındadır".

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzuladıqlarını bildirən Mir Can Camali deyib ki, Pakistan Senatının qəbul etdiyi qətnamədə Xocalı soyqırımının günahkarlarının cəzalandırılması tələbi də əksini tapıb.

Sonra qonaq müsəlman ölkələri arasında olan qarşılıqlı münasibətlərə də toxunub. Onun sözlərinə görə, müsəlman ölkələri zəngin təbii resurslara malikdir və bu ölkələrin hərbi blokunu yaratmaq barədə düşünmək olar.

Pakistan Senatının Xarici əlaqələr komitəsinin sədri Səlim Seyfullah Xan isə Azərbaycan iş adamlarını Pakistanda sərmayə qoymağa çağırıb: "Azərbaycanlı iş adamları Pakistanda elektrik enerjisi istehsalı sahəsinə sərmayə qoya bilərlər". O qeyd edib ki, Pakistanda böyük müdafiə sənayesi var: "Pakistanda döyüş təyyarələri, tanklar istehsal edən müəssisələr var. Lakin bu müəssisələrdə maliyyə problemi mövcuddur. Azərbaycanla bu sahədə əməkdaşlıq edə bilərik".

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 2.