Fransanın
Konstitusiya Şurası demokratik ənənələrə
sadiq qalaraq Senatın səhvini düzəltmişdir
Fransanın Konstitusiya Şurası demokratik ənənələrə sadiq qalaraq Fransa Senatının səhvini düzəltmişdir. Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanunu ləğv etmişdir.
AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir.
Ə.Əhmədov bildirmişdir ki, Fransanın Konstitusiya Şurası prezidentin yox, Fransa ictimaiyyətinin fikrini nəzərə alaraq ölkənin demokratiya tarixinə ləkə vurulmasına imkan verməmişdir. Qədim dövlətçilik ənənələrinə malik olan bir ölkənin maraqları prezidentin şəxsi iddialarına qurban verilmədi və verilə də bilməzdi. Çünki bu tarixin ən böyük ədalətsizliyi olardı. Eyni zamanda, Fransanın dünyadakı nüfuzuna olduqca ağır zərbə vurardı. Qanunun ləğv edilməsində Türkiyə və Azərbaycan cəmiyyətlərinin eyni mövqedən çıxış edərək, birlik nümayiş etdirmələrinin də az rolu olmamışdır. Hər iki ölkədə cəmiyyətin müxtəlif təbəqələrinə aid insanlar səslərini ucaldaraq Fransa Senatına öz etirazlarını bildirmişlər. İstər Türkiyədə, istərsə də Azərbaycanda kütləvi aksiyalar keçirilərək Fransa Senatından ədalət tələb olunurdu.
"Birlik həmişə qələbənin əldə
olunmasına stimul yaradır" - deyən Əli Əhmədov
vurğulamışdır ki, Türkiyə və Azərbaycanın
dostluğu və birliyi gələcəkdə daha
böyük uğurların qazanılması üçün
zəminin əsasını hazırlamışdır. Hər
iki ölkənin gücünün artması dünyada
Bakı və Ankaranın siyasi nüfuzlarını da
artırır. Fransanın Konstitusiya Şurası bütün
bunları nəzərə almışdır. Konstitusiya
Şurası yalnız hüquqi deyil, məsələyə həm
də siyasi baxımdan yanaşaraq çox düzgün qərar
qəbul etmişdir.
Azərbaycan.- 2012.- 1 mart.- S. 3.