Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası müzakirə olunmuşdur

 

Fevralın 29-da "Avropa" hotelində Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üzvləri Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşmüşlər.

AzərTAc xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı 2011-ci il 29 noyabr tarixli sərəncamından irəli gələn vəzifələr, eləcə də ölkəmizin sənaye və energetika kompleksində görülən işlər və perspektivlər müzakirə olunmuşdur.

CEİBC-in prezidenti və baş icraçı direktoru Telman Əliyev rəhbərlik etdiyi qurumun yaradılması və fəaliyyəti barədə məlumat vermişdir.

Sonra çıxış edən sənaye və energetika naziri keçən əsrin sonlarında tənəzzül dövrünü yaşayan ölkə iqtisadiyyatının ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində yenidən dirçəlməyə başladığını bildirmişdir. Bərpa olunmuş dövlət müstəqilliyimizin dayanıqlığı təmin edilmiş, ölkə daxilində siyasi sabitliyə nail olunmuş, makroiqtisadi tarazlığın yaradılması istiqamətində təsirli tədbirlər görülmüş, sosial məsələlərin həllinə başlanılmışdır. Azərbaycanın karbohidrogen ehtiyatlarının ölkənin və xalqın maraqlarına sərf olunmasının əsası da məhz bu dövrdə, "Əsrin müqaviləsi"nin imzalanması ilə qoyulmuş, eyni zamanda, düşünülmüş genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə başlanmışdır.

Hazırda Prezident İlham Əliyev ulu öndərin siyasi xəttini uğurla davam etdirərək respublikada genişmiqyaslı islahatları daha da dərinləşdirmiş, nəticədə sürətli inkişafın əldə olunmasına şərait yaranmışdır. Eyni zamanda, ölkəmizdə sənaye və energetika kompleksinə xarici investisiyanın cəlb edilməsi də iqtisadiyyatımızın dirçəlməsində mühüm rol oynamışdır. Aparılan uğurlu daxili və xarici siyasətin iqtisadi inkişafımızla uzlaşdırılması nəticəsində isə ölkəmizin beynəlxalq aləmdə nüfuzu daha da artmışdır.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını respublikamızın yeni əsrdə yeni inkişaf mərhələsinə qədəm qoyması kimi dəyərləndirən sənaye və energetika naziri belə görüşlərin keçirilməsini yüksək qiymətləndirərək, CEİBC üzvlərinin də bu konsepsiyanın hazırlanmasında fikir və təkliflərini dinləməyə hazır olduğunu bildirmişdir.

Çıxışlarda Azərbaycanın müstəqillik illərində qazandığı uğurlar və yeni inkişaf konsepsiyasından irəli gələn vəzifələrin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, klub üzvlərini maraqlandıran suallar cavablandırılmış və təkliflər irəli sürülmüşdür.

Görüşdə sənaye və energetika naziri N.Əliyevə, həmçinin bir sıra xarici ölkələrin səfirlərinə CEİBC-in sertifikatları təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 3.