Önündə Ali Baş
Komandanın getdiyi ümumxalq yürüşündə on
minlərlə insan “Xocalıya ədalət” tələb etdi
Fəzail
İbrahimli: “Bu yürüş xalqla
hakimiyyətin bütövlüyünü ifadə edən məqam
idi”
"Xocalı soyqırımının 20-cı ildönümü ilə bağlı Bakıda və Türkiyədə keçirilən izdihamlı yürüşlər və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqın önündə olması hər kəsdə sarsılmaz bir inam yaratdı ki, əgər işğal olunmuş torpaqlarımız sülh yolu ilə geri qaytarılmasa, bu yürüş Qarabağa dogru istiqamətlənə bilər" - deyən Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Fəzail İbrahimlinin fikrincə, Xocalı soyqırımı bizim hüzn günümüzdür və bu soyqırımı dünya dövlətləri tərəfindən tanınanadək Azərbaycan dövləti bu tarixi missiyanı, Qarabağ problemini həll etmək üçün çox cəsarətli addımlar atmaqda davam edəcək: "Bu faciənin 20-ci ildönümünün belə bir ümumxalq yürüşlə keçirilməsi dünyaya mesaj oldu ki, Azərbaycan xalqı öz torpağını işğaldan azad etmək üçün birdir, ümummilli məsələlərdə həmrəydir və Azərbaycan Prezidenti ətrafında sıx birləşib. Bu yürüş millətin monolitliyini, dövlətin qüdrətini və xalqla hakimiyyətin bütövlüyünü ifadə edən bir məqam idi" - deyə o bildirib.
Azərbaycan.- 2012.- 1 mart.- S. 4.