Xankəndiyə
gedən yol
Uzaq Şərqdən Avropayadək uzanan türk məskənləri tarix boyu yadellilərin hücumlarına hədəf olaraq zaman-zaman talanmış, bu ərazilərin sakinləri kütləvi qırğınlara, deportasiyalara məruz qalmışlar. Zəhmətkeş türk xalqlarının yaşadığı ərazilərdə yaratdıqları maddi rifah və burada hökm sürən əmin-amanlıq şəraiti torpaqlarını daim qonşu ərazilərin işğalı hesabına genişləndirən və öz mövcudluğunu qonşu xalqların qarət edilməsi hesabına sürdürən ölkələrin diqqətini həmişə cəlb etmişdir. Orta əsrlərdən XIX əsrədək qısa fasilələrlə davam edən rus-türk müharibələri dünya tarixinin ən üzücü savaşlarından olmuşdur.
Bu müharıbələrin gedişində yüzilliklər ərzində bu torpaqlarda yaşamış türk toplumlarının maddi və mədəni sərvətləri viran edilmişdir. Buna baxmayaraq insanlar bu amansız hücumları dəf etməyə və hər dəfə növbəti hücumlara qədər həyatı yenidən qurmağa nail ola bilmişlər.
Çoxəsrlik müharibələrin təcrübələri hücumlardan qorunmağın yeni formalarını ortaya çıxardığı kimi, eləcə də işğalın və qarətin də yeni üsullarını yaradırdı. XIX əsrdən başlayaraq "Parçala və hökm sür" siyasətinin "incəliklərini" öyrənən işğalçı dövlətlər hər iki tərəf üçün böyük itkilər gətirən klassik müharibə üsullarını hiylə və təxribat "elementləri" ilə zənginləşdirməklə əks tərəfi zəiflətməyin və daha tez bir zamanda öz təsir dairəsinə gətirə bilməyin yeni yollarını tapdılar. Hiylə və təxribat üsullarını həyata keçirməli olan qüvvələr qismində çıxış edəcək tayfalar isə bu xüsusiyyətləri özlərinin "mənəvi dəyərləri" səviyyəsində qavramış toplumlar ola bilərdi. Belə bir missiyanı torpağı, vətəni və sivil dəyərləri olmayan insanlar qrupu yerinə yetirə bilərdilər. Tarix bu şərəfsiz missiyanı qədim Assuriya ərazisində dağınıq şəkildə yaşayan erməni tayfalarına nəsib etdi. Bunun həyata keçirilməsi isə onların lazımi ərazilərdə kütləvi şəkildə məskunlaşdırılması yolu ilə mümkün idi. Beləliklə, "İmperiyaların köpəyi" rolunu daha uğurla həyata keçirmək üçün onların imperiya ətraflarında yerləşdirilməsi strateji hədəflərə uyğun olduğundan ermənilər XIX əsrdən başlayaraq "nökərçilik etməklə həyatını sürdürən məzlum tayfalar" cildində dünyanın bir çox bölgələrinə, o cümlədən Anadoludan Qafqazadək uzanan böyük bir zolaqda yerləşdirildilər. İnsanpərvər, xeyirxah və zəhmətkeş bir toplumun ərazisinə ac-yalavac, dilənçi vəziyyətində gəlmiş ermənilər yerli türklər - azərbaycanlılar tərəfindən gülərüzlə qarşılanaraq hərtərəfli qayğı ilə əhatə olundular. O zaman məğrur türklər gələcəkdə bu "məzlum" ermənilərin əlindən nələr çəkəcəklərindən hələ xəbərsiz idilər.
Çox keçmədən qurulmuş hiylə öz nəticəsini göstərdi və "məzlumlar" öz daxillərindəki məkrli niyyətləri həyata keçirməyə başladılar. 1836-cı ildə Rusiya çarının İrəvan xanlığı ərazisində yerləşən qədim alban kilsələrinin erməni qriqoryan kilsələrinə çevrilməsinə icazə verən fərmanı ermənilərin türk torpaqlarında bir qədər də möhkəmlənməsini təmin etdi. Bu ərazidə baş verən bütün savaşlarda xəyanət və ikiüzlülük vərdişlərini getdikcə daha da cilalayan və sonrakı dövrlərdə imperiyanın və tarixin ermənilərə ayırdığı namərdlik vəzifəsinin öhdəsindən gəlmək üçün dəridən-qabıqdan çıxan ermənilər vaxtaşırı mükafatlandırılır və getdikcə öz yerlərini daha da möhkəmləndirməyə nail olurdular.
Daşnaksütyun partiyasının yaranması ilə erməni iddialarının artıq ideologiyaya çevrilərək rəsmən təsbit olunması sonradan "faşizm" adlandırılacaq ideologiyanın əsasını yaratmış oldu. O zamana qədər dünya siyasətində mövcud olmamış ən qəddar bir ideologiya ilə silahlanmış ermənilər öz dövlətlərini yaratmaq iddiasına qədər yüksələ bildilər. Bu iddia rus imperiyasının da maraqları ilə üst-üstə düşdüyündən ermənilər daim ekspansionizm və kolonializm siyasəti yürüdən dövlətlərin dəstəyini qazana bildilər.
Osmanlı tarixinin ən gərgin zamanlarında vaxtaşırı öz çirkin və mənfur rolunu icra etməyə başlayan ermənilər lazım gəldikdə yaşadıqları dövlətin əleyhinə çıxış etməklə iç üzünü göstərir və qonaq kimi gəldikləri ərazidə özünütəsdiq planlarını xüsusi qəddarlıqla həyata keçirirdilər. XX əsrin əvvəllərində dünya savaşını uduzmaqda olan türklər vaxtaşırı erməni xəyanətinə də cavab verməli olurdular. Daha sonra rus imperiyasını əvəzləyən bolşeviklər də ermənilərin mənfur xidmətlərindən yararlanmaq imkanını itirmək istəməyərək onların bu ərazilərdə daha da möhkəmləndirilməsi üçün erməni dövlətı qurulmasını tələb etdilər. Göstərdikləri və göstərəcəkləri xidmət müqabilində əvvəlcə çar Rusiyasının və daha sonra dünya xəritəsində yenicə yaranmış sovet imperiyasının hərbi və mənəvi dəstəyini qazanan ermənilər XX əsrdə quduzlaşdı və daha mütəşəkkil şəkildə ətrafındakı türk xalqlarına - azərbaycanlılara qarşı açıq-aşkar müharibəyə qalxdılar. Bölgədə yaranmış siyasi vəziyyətdən yararlanmağa çalışan daşnaklar yaranmaqda olan yeni sovet imperiyasının sifarişlərini yerinə yetirməklə gah Türkiyə, gah da Azərbaycan ərazisində vaxtaşırı kütləvi qırğınlar törədərək on minlərlə günahsız insanın həyatına son qoydular. Beləliklə, tarixi türk torpaqlarında məskunlaşdırılan ermənilər dünya xəritəsində dövlət kimi bərqərar oldular.
Belə düşünmək olardı ki, ermənilər öz şərəfsiz rollarını oynamaqla kifayət qədər mükafatlandırıldılar, dövlət qurdu və yad torpaqda olsa da, inkişaflarının başlanğıcını qoydular. Artıq şəbəkə halında formalaşmış erməni terrorçuları dünyanın bir çox ölkələrində müxtəlif təxribatlar törədir və xüsusən, türk diplomatlarının qətlini həyata keçirirdilər. Məkrli planların icraçısı kimi "şöhrətlənmiş" ermənilər sovet dövründə də öz hiylə və xəyanətlərini davam etdirməklə dünyanın istənilən nöqtəsində, terror və təxribat lazım olan yerlərdə öz fəaliyyətlərini sürürdülər. Və nəhayət, XX əsrin ortalarına yaxın erməni təxribatı və terroru "ermənilik" çərçivəsindən çıxaraq insanlığa təcavüzün qlobal metodu kimi cinayətkar rejimlərin silahına çevrildi. II dünya müharibəsi ərəfəsində alman nasional-sosialistlərinin hakimiyyətə gəlmək üçün erməni dəst-xətti ilə həyata keçirdiyi hiylə və təxribat faşizmin rəsmi dövlət səviyyəsində bərqərar olmasına gətirib çıxardı və bəşəriyyət XX əsrin ən ağır müharibəsinin acılarını hələ də yaşamaqdadır. Lakin qısa bir zamandan sonra almanlar dünya birliyinin köməyi ilə faşizmdən yaxa qurtara bilsələr də, sovetlər birliyinin dağıldığı bir zamanda faşizm başqa bir dövlətin - Ermənistanın timsalında yenidən öz mahiyyətini bərpa etdi və hal-hazırda da rəsmi dövlət səviyyəsində aparılan siyasətin əsasında durur.
Sovet imperiyasının çökməsi ərəfəsində erməni faşizmi yenidən imperiyanın köməyinə gəldi. SSRİ-dən ayrılmanın qarşısını almaq üçün milli dövlətlərin, xüsusilə, Azərbaycanın və Gürcüstanın erməni təxribatı, ərazi iddiaları vasitəsilə müxtəlif problemlərə düçar edilməsi və beləliklə, səksən il ərzində milli dövlətləri mərkəzə bağlayan iplərin imperiyanın əlində saxlanması yolu seçildi. "Erməni kartı"ndan yararlanmaq istəyən M.Qorbaçov özü ermənilərin şantaj toruna düşdü və onların tələbini yerinə yetirməyə məcbur oldu.
Yarım milyona yaxın azərbaycanlı əhalini Ermənistandan qovaraq onları ata-baba torpaqlarında yaşamaqdan məhrum edən qondarma erməni dövləti Dağlıq Qarabağın da işğalını həyata keçirməklə kifayətlənmədi. Sovet dövrü də bitdi. Erməni məkri isə bitmək və tükənmək bilmədi. Sovet imperiyasını yeni imperiya ilə əvəzləmək arzusunda olan qüvvələrin dəstəyi ilə azğınlaşmış erməni silahlıları Dağlıq Qarabağ ətrafında yerləşən daha 7 rayonu işğal edə bildilər.
200 il ərzində davam edən, kütləvi deportasiya və qətllərlə müşayiət olunan təzyiq və təhdidlərin sonuncu - ən qanlı faciəsi Xocalı oldu. Yeddi mindən çox əhalisi olan bir şəhər əvvəldən hazırlanmış və kənar qüvvələr tərəfindən dəstəklənən əməliyyat nəticəsində bir gecə ərzində Yer üzündən silindi. Dünyanın genosid tarixində Xatın, Srebrennitsa adlarının sırasına yeni bir ad əlavə olundu - Xocalı. Bu qanlı faciəni törətməklə ermənilər öz tarixinə, gələcək nəsillərinin tarixinə daha bir şərəfsiz səhifə yazmış oldular. Bu şərəfsizliyi qətliama rəhbərlik edən cinayətkar Serj Sarkisyan tarixdə görünməmiş həyasızlıqla "...Azərbaycanlıların o zamana qədər ermənilərin dinc əhalini güllələyə biləcəyinə inanmaması və nəhayət, bu stereotipin qırılması" kimi dəyərləndirdi. Namərd bizi yaxşı tanıyırmış. Dədə Qorqud öyüdləri, Nizami Gəncəvi nəsihətləri işığında əsrlər boyu sülh, ədalət və xeyirxahlıq ruhunda yaşayıb-yaratmış xoşniyyətli bir xalqın övladları XXI əsrin astanasında belə misilsiz bir insan vəhşiliyini heç kimdən gözləyə bilməzdi.
Bütün bu acıları yaşayan
Azərbaycan xalqı sarsılmadı, əyilmədi. Bu gün bizi
Xocalı soyqırımı faciəsindən 20 il ayırır. Tarix üçün bir göz qırpımı qədər ani olan bu
20 ildə sızıldayan yaralar hələ
də sağala bilmir.
...26 fevral sabahında insanlar bir məşəl altına toplaşıb Xocalı faciəsinin daşlaşmış xatirəsinə doğru yürüdülər. İzdihamın önündə xalqın inkişaf mübarizəsinə rəhbərlik edən cəsur və qətiyyətli oğlu - İlham Əliyev addımlayırdı!
Bu addımların səsi bütün dünyada eşidildi!
Moskvada, Nyu-Yorkda,
Parisdə, Pekində - dünyanın hər yerində!
Əzəli türk torpağında - Rəvanqulu xanın doğma yurdu İrəvanda da bu addımlar eşidildi. Bundan vahiməyə düşən erməni qatillər də öz addımını atacaq, yenə öz havadarlarının yanına qaçıb məkrli planlar hazırlamağa başlayacaqlar. Beləcə, mənəviyyatla mənəviyyatsızlıq, insanlıqla vəhşilik, ləyaqətlə ləyaqətsizlik, mərdliklə namərdlik yan-yana addımlayır.
Lakin Azərbaycanın addımları daha inamlı və daha qətiyyətlidir!
Çünki bu addımlar haqq işi uğrunda atılan
addımlardır. "Haqq isə nazilər,
amma üzülməz" demişlər.
Bu gün
on minlərlə insan
Azadlıq meydanından
"Ana Harayı"na
yürüdü. Sabah isə
öz liderinin - Baş Sərkərdəsinin
arxasında düzlənmiş
milyonların ata-baba torpaqlarına Möhtəşəm
Qayıdışı var. Bu addımların sədası
bir gün Şuşada, Laçında,
erməni faşistlərinin
20 il əvvəl qanına qəltan etdiyi Xocalıda eşidiləcək. Üçrəngli bayrağımız Xankəndidə
dalğalanana qədər
Xocalı şəhidlərinin
ruhu sakit olmayacaq.
Millətimizin haqq işi uğrunda 26 fevral ümumxalq yürüşü
Azərbaycan xalqının
ana torpağına - Qarabağ xanının doğma kəndinə - Xankəndiyə gedən yolun başlanğıcıdır!
Yolumuz uğurlu olsun!
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Azərbaycan.- 2012.- 1 mart.- S. 4.