O gün dünya Xocalı idi

 

 20 ildir ki, hər fevral ayını kədərlə, hüznlə qarşılayırıq. Bu illər ərzində gördüklərimizin, başımıza gələnlərin, çəkdiyimiz müsibətlərin əzabı yenidən çökürdü üzümüzə, səsimiz içimizə sinirdi. Qisasını hələ də almadığımız qanın intiqamı göynədirdi bizi. Səsimizi heç kəsin duymadığını düşündükcə də dünyada tamam təkləndiyimizi zənn edirdik.

Qəribədir, 1988-ci ildən bəri düçar olduğumuz faciələrin çoxu soyuq fevral ayında baş verib - ilk şəhidlərimizdən başlamış Qaradağlı faciəsinə, Dağlıq Qarabağın ətraf kəndlərinin işğalına və sonda Xocalı soyqırımınadək bir çoxu bu ayda baş verib. 1992-ci il fevralın 25-26-da isə düşmən yırtıcı quzğun kimi töküldü üstümüzə, yağmaladı yurdumuzu, susdurdu körpələrimizi, qocalarımızı, insanlarımızı, kirli əllərini qanımıza batırdı. O vaxtdan bəri Azərbaycan dövləti dünyaya çağırışlar edir, Xocalı soyqırımını anlamasına və qəbul etməsinə səsləyir. Bəzən özümüzü qınayırıq ki, güclü təbliğ və təşviq olunmuruq, faciəmizi dünyaya çatdıra bilmirik. Bütün deyilənlər həqiqətdir. Amma bir həqiqət də var - biz anladırıq, ən azından anlatmağa çalışırıq. Nə edək? Anlamaq istəmirlər bizi. Azərbaycan torpaqlarının işğalı, Xocalı faciəsi mövzu olunca anlaqsız olur dünya. Düşmən də törətdiyi əməllərə görə cəza almadıqca azğınlaşır, cinayətlərini ört-basdır etmək və haqlı görünmək üçün əks-təbliğat aparır. Elə buradaca bir fikri söyləmək yerinə düşər ki, təbliğatın özü bir savaş imiş, özü də necə güclü?! Münaqişənin başladığı ilk dövrlərdən işğalçı Ermənistan Azərbaycanı həm də informasiya, təbliğat blokadasına almışdı. Həqiqət dünya ictimaiyyətinə çatdırılmır, ya da elə çatdırılırdı ki, xaricdəkilər "əzabkeş erməni xalqı"nın çəkdiyi "müsibətlərə" göz yaşı tökür, onlara yardım göstərirdilər. Hətta Azərbaycan əleyhinə o qədər güclü kampaniya aparıldı ki, ABŞ "Azadlığa dəstək Aktı"nda Azərbaycanın əleyhinə 907 nömrəli düzəliş etdi və həmin düzəliş indi də qüvvədədir.

Nəhayət, bu gedişata "dur" deməyin zamanı çatdı. 2012-ci il fevralın 26-nı bir başqa cür qarşıladıq. Qışın oğlan çağı olmasına baxmayaraq "Azadlıq"da, "Taksim"də günəş havanı yaxşıca isitmişdi. O sabah Bakıdan İstanbula, Orta Asiyadan Balkanlara qədər türk dünyası sabahın bağrını hayqırtıları ilə yardı: "Xocalıya ədalət!", "Bir millət, iki dövlət!", "Azərbaycan-Türkiyə". Bu dəfə dünyanı zəhmət çəkib bizi dinləməyə məcbur edə bilmişdik, deyəsən. İnsanlar Bakıda kütləvi şəkildə Xocalı soyqırımı abidəsinə doğru hərəkət edirdi. Həmin sabah İstanbulun "Taksim" meydanında, Şimali Kiprin küçələrində, dünyanın türklər və azərbaycanlıların yaşadığı bütün nöqtələrində insanlar Azərbaycan və Türkiyə bayraqlarını başlarının üstünə qaldıraraq meydanlara doğru hərəkət etdilər. Məqsədləri  dünyanı doğrunu görməyə və qəbul etməyə, göz qabağında olan Xocalı faciəsini tanımağa çağırmaq idi. Ürəklər Azərbaycanla döyünürdü o sabah. Fevralın 26-da dünyanın hər yerindən "Xocalıya ədalət!" sədaları eşidildi. Xocalıda törədilənlər haqqında ölkələrin mətbuatları yazdı, televeziyaları göstərdi. Bəyan edildi ki, Azərbaycanın 20 faiz torpağı Ermənistan dövləti tərəfindən işğal olunub, burada minlərlə günahsız insan, körpə uşaq milli mənsubiyyətinə görə qətl edilib. Hər kəs meydanlara ürəyində Xocalı ağrısı, Qarabağ ağrısı aparırdı, "Xocalıya ədalət!", "Qarabağ türk torpağıdır, türkün olacaq!", "Rədd olsun erməni faşizmi!", "Xocalını unutma!" şüarları səsləyirdi. Tələb edilirdi ki. Xocalıda günahsız insanların qanını axıdan cəlladlar cəzalandırılsın, bəsdir, cəzasızlığa, haqsızlığa göz yummaq!

İnanılacaq kimi görünmürdü, elə bil dünya çevrilib Xocalı olmuşdu. Hər ölkədən "Hamımız qarabağlıyıq, hamımız Xocalıdanıq" sədaları eşidilirdi. Azərbaycanın üçrəngli və Türkiyənin ulduzlu, hilallı al bayraqları sanki baharı da vaxtından tez gətirmişdi Yer üzünə.

Biz Xocalı soyqırımı abidəsinə doğru sükutla irəliləyirdik, içimizdə daşıdıqlarımızdan, nələr çəkdiyimizdən bir biz xəbərdar idik, bir də Allahımız. Üsyanlarımızı, etirazlarımızı əllərimizdə daşıdığımız plakatlara yazmışdıq. İçimiz yanırdı... kaş o zaman biz bu şəkildə xocalılıların yanında olaydıq, onların amansız yağı qarşısında təklənməsinə imkan verməyəydik, anaların qucağında körpələrin başlarının kəsilməsinin qarşısını alaydıq, kaş o zaman qocaların, qadınların ürəklərinə süngü yeridilməsinə, başlarının dərisinin soyulmasına mane olaydıq.

Belə olsaydıq, Xocalı bircə gecədə Yer üzündən silinməzdi, adı Xatın, Liditse, Sonqmi ilə qoşa çəkilməzdi...

Fevralın 26-da Bakıda və İstanbulda, eləcə də Şimali Kipr və başqa türk torpaqlarında keçirilən yürüşlər türk dünyasının birliyini, onun öz şəhidlərinin xatirəsinə ehtiramını, işğal altındakı torpaqların azad olunması və ölkənin ərazi bütövlüyünün bərpası üçün əlindən gələni etməyə hazır olduğunun göstəricisi, həm də dünyaya bir mesaj idi. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər  tarixdə bənzəri olmayan bir şəkil aldı. Ürəyimizdən keçirdi ki, "Taksim"də olaq, səs-səsə verib "Azərbaycan-Türkiyə" nəğmələrini oxuyaq, o anı birgə yaşayaq. Bir də bu həmrəylik təkcə Xocalının anılması ilə bağlı yadda qalmadı. Bu yürüş böyük türk dünyasının birliyini və güclü olduğunu dünyaya car çəkdi.

Biz bütövləşirik, bərabərləşirik, güclənirik, əlbir hərəkət edirik. Bundan sonrakı tariximizi də belə yazacağıq. Türkiyə ilə Azərbaycanın sevinci də, kədəri də ortaqdır, kimsə bu bütövlüyə, bu böyük sevgiyə kölgə sala bilməz.  Meydanda tez-tez "Bir millət, iki dövlət" şüarının səslənməsi ulu öndər  Heydər Əliyevin bir millətin övladları olaraq bizlərə sevinci də, kədəri də birgə yaşamağı nəsihət etdiyini bir daha xatırlatdı. İnanırıq ki, "Azadlıq"dan və "Taksim"dən dünyaya yayılan səsimiz qulaqlara çatacaq, bəşəriyyət daşı ətəyindən töküb bundan sonra haqqın və ədalətin yanında olacaq, Xocalı soyqırımını, işğal olunmuş Azərbaycan torpaqlarını, sivil haqqı tapdanmış insanların durumunu gündəmə gətirəcək. Ölkə parlamentləri qondarma soyqırımılara deyil, göz qarşısında olan əsl insan faciəsinə qiymət verəcəklər.

 

 

 Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 4.