Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

 

"Ukrayna" mehmanxanasının  konfrans salonunda Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş irimiqyaslı tədbir keçirilmişdir. Tədbir Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) tərəfindən təşkil edilmişdir.

Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Tədbiri açan Azərbaycanın RF-dəki səfiri Polad Bülbüloğlu 20 il əvvəlki tarixə qısa ekskurs edərək bildirmişdir ki, bütöv bir şəhərin amansızcasına yer üzündən silinməsinin qanlı tarixi xalqımızın qəlbində daim yaşayacaqdır. O, "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım  Əliyevaya, habelə xalqımızı dəstəkləyən hər kəsə minnətdarlığını bildirmişdir.

Sonra Avropa kinematoqrafçılarının birgə istehsalı olan, "Dinc Qafqaz" beynəlxalq layihəsi çərçivəsində çəkilmiş və Xocalı qətliamının tarixinə həsr edilmiş sənədli filmin siqnal variantının təqdimatı olmuşdur.

Filmin baş prodüseri, litvalı kinematoqrafçı Andrius Brokas və jurnalist, filmin qəhrəmanı Riçardas Lopaytis Xocalı soyqırımı haqqında sənədli ekran əsəri yaradılması ideyasından söz açaraq bildirmişlər ki, film R.Lopaytisin gündəliklərində və şahid ifadələrində əksini tapmış real hadisələr əsasında çəkilmişdir.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun katibi Elşad İsgəndərov "Xocalıya ədalət" beynəlxalq kampaniyasının ideya müəllifi Leyla xanım Əliyevanın adından müraciətlə çıxış etmişdir. O, fəal vətəndaş mövqeyinə görə Leyla Əliyevaya minnətdarlığını bildirərək qeyd etmişdir ki, onun təşəbbüsü ilə yaradılmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası fəaliyyət göstərdiyi 3 il ərzində böyük iş görmüşdür. E.İsgəndərov 50-dən çox ölkəni əhatə edən hərəkatın irimiqyaslı fəaliyyətindən ətraflı söz açaraq bildirmişdir ki, bütün dünyada artıq bir milyondan çox insan bu faciənin soyqırımı aktı kimi tanınması çağırışı altında öz imzasını qoymuşdur. O, xocalılılar haqqında filmin beynəlmiləl yaradıcı kollektivinə və xalqımızın ağrı-acısına biganə olmayan hər kəsə xüsusi təşəkkür etmişdir. E.İsgəndərov vurğulamışdır ki, bu istiqamətdə iş davam etdiriləcəkdir və bəşəriyyətə qarşı cinayətə mənəvi-hüquqi qiymət verilməsi tələbi ilə Azərbaycanın ədalətli mövqeyinin dünya birliyinə çatdırılması coğrafiyası genişlənəcəkdir.

Sonda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək, dövlətimizin Xocalıda insanların milli və etnik əlamətə görə məhv edilməsi faktının soyqırımı kimi tanınmasına yönəldilmiş siyasətindən söz açmışdır. Səfir xüsusi vurğulamışdır ki, dünya gec də olsa tədricən anlamağa başlayır ki, məhz azərbaycanlılar öz qonşularının işğalçı siyasətinin qurbanlarıdırlar. O, Xocalı soyqırımının bəzi ölkələrin parlamentlərində müzakirə olunaraq pisləndiyini xatırlatmışdır. P.Bülbüloğlu demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin açıq, dəqiq ölçülüb-biçilmiş xarici siyasəti və vətəndaş təsisatlarının nizamlı fəaliyyəti sayəsində ölkəmiz dünyada özünün etibarlı işgüzar tərəfdaş imicini ardıcıl surətdə gücləndirir. Səfir demişdir: "Xarici ölkələrdə erməni təcavüzkarlarının bəşəriyyət əleyhinə cinayətləri haqqında doğru-dürüst informasiyanın yayılması Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və "Xocalıya ədalət" beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla xanım Əliyevanın fəaliyyətinin prioritet xəttidir". Səfir diqqəti faciənin 20-ci ildönümü günü Prezident İlham Əliyevin başçılıq etdiyi ümumxalq yürüşünə cəlb edərək bildirmişdir ki, yürüş ümumxalq hüznünün, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanın vətəndaş cəmiyyətinin öz iradəsini ifadə etməsinin kulminasiyası olmuşdur.

Səfirin qondarma "erməni soyqırımı"nın kriminallaşdırılması barədə qanunun ləğv edilməsinə dair Fransa Konstitusiya Şurasının 28 fevral tarixli qərarı haqqında məlumatı alqışlarla qarşılanmışdır.

Tədbir iştirakçıları rəsmi mərasimdən sonra Azərbaycan məktəblilərinin "Müharibə uşaqları" mövzusunda əl işlərindən ibarət sərgi ilə tanış olmuşlar.

RAGT-nin təmsilçiləri günahsız soyqırımı qurbanlarının rəmzi olan qara şarları səmaya buraxmışlar.

Tədbirdə Türkiyənin Rusiyadakı səfiri, İranın RF-dəki səfirliyinin nümayəndələri, Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin təmsilçiləri və azərbaycanlı gənclər iştirak etmişlər.

 

 

 Asya HACIZADƏ

 

Azərbaycan.- 2012.- 1 mart.- S. 5.