Xocalı
hayqırtısı
Bütün türk dünyası "Xocalıya ədalət"
istəyir
Silsilə şəklini almış faciələrimizin ən ağrılı-acılısı Xocalı soyqırımıdır. 20 il öncə qonşu torpaqlarına göz dikmiş qəddar, vəhşi daşnakların törətdiyi vandalizm siyasətinin bənzəri olmayan nəticəsi idi ki, Xocalı adlı qədim, ulu insan məskəni yer üzündən silindi. Bir gecənin qurbanlarına çevrilmiş xocalılıların diri-diri tonqallara atılması, sinələrinə dağ basılması, nəinki əsir və girov aparılanların, hətta qəddarcasına qətlə yetirilənlərin meyitlərinin təhqir edilməsi barədə ötən müddət ərzində fəryad qoparılsa da, dünyanı, əslində isə bəşəriyyəti məhv və ya xilas etməyə gücü yetərli olanların bu haqsızlığa göz yumması, ən azı, bağışlanılmazdı.
Azərbaycanın müstəqillik tarixinin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının tanıdılması istiqamətində son vaxtlar aparılan ideoloji təbliğat, diplomatik hücum kampaniyası, nəhayət, öz nəticəsini göstərməkdədir. İyirmi illik yaranın sağalması üçün - o torpaqların əsarətdən xilası naminə dövlət və xalqın birliyinin ən vacib amillərdən biri olduğu təsdiqini tapmaqdadır. Dövlət başçısı cənab İlham Əliyev istər xarici ölkələrdə, beynəlxalq tədbirlərdə, istərsə də respublikanın ayrı-ayrı regionlarına səfərləri çərçivəsində keçirdiyi bütün görüşlərdə son iki əsrdə azərbaycanlıların başına açılan müsibətlər, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi barədə dəfələrlə məlumat verib, bu ədalətsizliyin hələ də davam etdirilməsindən narahatlığını bildirib. Azərbaycan dövlətinin və xalqının apardığı mübarizə isə ədalətə söykəndiyindən, forma və məzmunca ən optimal və qəbul olunan variantdır. Dünya xalqları "Xocalıya ədalət" kampaniyasında iştirak edir və erməni vandallarının 20 il öncə Xocalıda törətdiklərini lənətləyirsə, demək, zaman haqqa və ədalətə yol açır.
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından ötən 21 illik tarixdə paytaxt Bakı ilk dəfə 20 Yanvar hadisələrində yaşamışdı belə izdihamlı yürüşü. O zaman Şəhidlər xiyabanına üz tutan xalq kədər və hüzn içərisində, matəm libaslı, "şənbə gecəsi"nin cəlladlarına nifrət baxışlı idi. Onda azadlıq aşiqlərinin dəfnində göz yaşları axıdılırdısa, müstəqilliyə aparan yolun başlanğıcında olduğumuzdan, içimizdə bir qürur, əyilməzlik, torpağa, Vətənə qurban getməyin şərəfli hissini duyurduq!
26 fevral 1992-ci il - 26 fevral
2012-ci il!
20 illik bir dövrün
qanla yazılan tarixi! Xocalının yer üzündən silinməsindən ötən
20 il! Xocalıda
dünyaya gələ
bilməyən, doğulmayan,
anasının bətnindəcə
qətlə yetirilənlərin
20 yaşı!
...O gün də Bakı təlatümdə
idi. Bakı xalqımızın və dövlətimizin birliyini nümyiş etdirdiyindən, düşmən
üçün göz
dağına çevrilmişdi.
Azadlıq meydanı insan
axınına darlıq
edirdi. Belə möhtəşəm birlik
qarşısında kimsə
duruş gətirə
bilməzdi!
Budəfəki ümumxalq yürüşü
Şəhidlər xiyabanına
deyil, 20 il öncə Xocalıda qətlə yetirilənlərin
şərəfinə Bakının Xətai rayonu ərazisində ucaldılmış möhtəşəm
Ana abidəsini ziyarətə
yönəlmişdi. Kimlər yox
idi burada, məktəblilərdən tutmuş
ziyalılaradək. Hamını
birləşdirən bir
amal idi: "Xocalıya ədalət"!
Bu ad altında başlanan
kampaniyanın zirvə
nöqtəsi də demək olardı ümumxalq yürüşünə!
Yürüşçülərin arasında elm-mədəniyyət, incəsənət xadimləri, siyasətçilər və sıravi vətəndaşlar, tələbələr və müəllimlər, Bakıda təhsil alan türk qardaşlarımızla yanaşı, əcnəbi xalqların nümayəndələri də vardı. O gün Türk və Azərbaycan bayraqlarının qoşalaşması ulu öndər Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" müdrik kəlamını bir daha xatırladırdı insanlara. Bu, ilk növbədə onu göstərirdi ki, artıq bizim güclü dövlətimiz var. Məhz bu dövlət xalqın bütün təbəqələrini öz ətrafında birləşdirib.
Səsində, nəfəsində Qarabağ fəryadı yaşayan müğənnilər, xalq artistləri də bu sıradan geridə qalmadılar. Xalq artisti Arif Babayev sinəsi paralanmış Xocalının fəryadını özü ilə gətirmişdi bura: "Xocalıya ədalət" kampaniyası çərçivəsində keçirilən bu tədbir xalqımızın zaman-zaman başına ermənilər tərəfindən gətirilən faciələr və soyqırımını dünyaya tanıtmaq məqsədi daşıyır. Bu, həm də ermənilərə və onların havadarlarına bir ismarıcdır ki, artıq Azərbaycan 20 il əvvəlki kimi zəif, müstəqilliyini yenicə qazanan, ordusu olmayan, meydanda tək qalan dövlət deyil. Qoy yaxşı baxsınlar xalqımızın bu birliyinə və mütəşəkkilliyinə! Dövlətimiz güclü, ordumuz qudrətli, xalqımız inamlıdır! Bizi işğal altında qalan torpaqlara aparan da məhz siyasətlə yanaşı, gücümüz və birliyimiz olacaq! Mən qəti əminəm ki, dünya artıq ermənilərin iç üzünü görür. Bu, dövlətimizin məqsədyönlü xarici siyasətinin, Heydər Əliyev Fondunun və onun Rusiya nümayəndəliyinin, həmçinin dünyada formalaşmış diaspor təşkilatlarının fəaliyyətinin, orada bir araya gələn soydaşlarımızın vətənpərvərlik duyğularının bəhrəsidir. Xocalı soyqırımı təkcə azəri türklərinə qarşı yönəldilmiş bir terror aksiyası deyildi, o, bəşəri fəlakətin nümunəsi olaraq lənətlənməlidir! Qoy haqq-ədalət zəfər çalsın! Xocalını yer üzündən silən ermənilər və onların havadarları dünyanı aldada bilməzlər. Bu gün dünya bizimlədir! Mən xalqımızın bu birliyini və yekdilliyini görüb həm kövrəlir, həm də qürurlanıram!"
"Xocalı təkcə yaralı ünvan deyil, o, daşı-daş üstə qalmayan Azərbaycan evidir. Bu evin yenidən tikilməsinə ciddi ehtiyac var".
Bu fikirlərin müəllifi Qarabağda dünyaya göz açan, səsinin qanadları ilə hər gecə yuxularında o müqəddəs yurda pərvazlanan xalq artisti Nəzakət Teymurovadır. Səsində, avazında Qarabağ yanğısını daşıyan xanəndəmiz bu dəfə qəhərdən boğulmadı: "Talanan yurdumuzun fəryadını dünya xalqlarına çatdırmaq üçün hər birimiz əlimizdən gələni etməliyik. Bütün xarici ölkələrə səfərlərimizdə biz mədəniyyət və incəsənət işçiləri çalışmışıq ki, nəinki Xocalı, Qaradağlı, Bağanis Ayrım, Ağdaban, digər neçə-neçə odlara qalanan, yağmalanan, söndürülən ocaqlarımız haqqında orada məlumat verək. Ermənilərin "maskalanmış" sifətlərini açmaq üçün əlimizdən gələni etməyə çalışmışıq. Amma siyasi mübarizənin öz gücü var. Bu gün təkcə qardaş Türkiyədə deyil, dünyada "Xocalıya ədalət" istənilirsə, demək, haqqa, Qarabağımıza qovuşmağımıza az qalıb. Demək, Qarabağımıza, işğal altında qalan, haraylı-haylı ellərimizin talanan yurd-yuvasına dönməsinə qəti inam yaranır. Bəli, bugünkü möhtəşəmlik düşmənə qətiyyətimizi göstərir. Qoy düşmənlər bilsinlər ki, bizim səsimiz artıq dünyanın o başından gəlir. Erməni yalanları ifşa edilir. Ermənilər təkcə xocalılıları deyil, bəşəriyyəti bu qırğınla, soyqırımı ilə hədələyir. Onun qarşısını almaq, dayandırmaq, dünyanı, bütün xalqları bu dəhşətli vandalizmdən xilas etmək deməkdir. Bu gün hər birimiz Xocalıdanıq, Ağdamdan, Laçın və Şuşadanıq...".
İzdiham arasında tanış üzlər, məlhəm sözlülər az deyil. Sanki o gün hamı bir olmuşdu: nəfəslər də, səslər də, həvəslər də eyni idi. Bu birlik içərisində müxtəliflik aramağa dəyməzdi: nə siyasi mənsubiyyət hiss olunurdu, nə milli, nə də etnik. Hamı Azərbaycan vətəndaşı idi. Sanki Qarabağa bir əzəmətli yürüş başlanırdı! Önündə də Ali Baş Komandan irəliləyirdi. Bundan vahimələnən daşnaklar yəqin ki, o gün də Avropanın ayrı-ayrı dövlətlərində "erməni soyqırımı"nın saxtalığının üzə çıxacağından qorxurdular. Şah Xətainin adını daşıyan rayonun ərazisindəki Xocalı şəhidlərinin ruhuna ucaldılmış soyqırımı abidəsi o gün sanki bir boy da ucalmışdı, amma qocalmamışdı o ana. Bağrına basdığı şəhid balasına ağı demirdi xocalılı ana! Qəddini də əyməmişdi. Baxışlarında düşmənə nifrət düyünlənmişdi! Qisasa çağırırdı bütün yer üzünün əşrəfi sayılan insanlığı...
Daha bir yanıqlı, həzin, muğam, segah üstünə köhlənmiş səs sahibinin də qəlbi dolu idi. Hayqırmaq, səsini dünya azərbaycanlılarının, Türkiyənin İstanbul şəhərindəki "Taksim" meydanındakı qardaşlarımızın səsinə qatmaq istəyirdi. Bu, xalq artisti Mənsum İbrahimov idi. Bu dəfə o, təkcə torpaq, yurd itirmiş kimi danışmadı, dünyanın sənət adamlarından biri olaraq, bu gecikmiş haqqın bərpasını istədi: "...Bu amansız cinayətin üstünü ört-basdır etməyə çalışan erməni lobbisi ifşa olunmalıdır. Onlar Qarabağdan perik saldıqları insanların fəryadlarını unutmamalıdırlar! Qəzəb, kin, nifrət birləşəndə onun qarşısında dayanmaq qeyri-mümkündür. Xocalı təkcə qanayan yaramız deyil. Sanki zorla susdurulan, nəfəsi kəsilən anadır! 1992-ci ilin müdhiş 25 fevral gecəsi erməni vandallarının əlindən xilas olmaq üçün öz ciyərparasını sinəsinə basaraq məhv etməyə çalışan anadır Xocalı. Başı dumanlı Şuşadır. Hər beş nəfərindən biri şəhid olmuş Xocalı sakininin qisası qiyamətə qala bilməz! Bu gün hər birimiz sıravi vətəndaşıq... 20 illik bir ağrını, acını dünyaya təqdim etmək üçün Azərbaycan xalqının və dövlətinin birliyini görmək hər birimiz üçün qürurdur. Bu, təkcə milli həmrəylik, vətəndaşlıq borcundan irəli gəlmir. İşğal altında qalan ana torpağımızın hər daşı, qayasının azad edilməsi üçün daha bir addım atıldı".
O gün küçə boyu düzülmüş gənclərin əllərində tutduğu plakatlar da diqqətdən yayınmadı. Şəhid olmuş 613 nəfərdən artıq xocalılının şəkilləri sanki cansız plakat deyildi. Onların ruhları da çox güman ki, burada, abidənin ətrafında dolaşırdı. Axı, yurdu dağıdılan, yuvası talan edilənlərin ruhları da perik düşür o yerlərdən. Amma o plakatdakı şəkillərin baxışlarından təkcə məsumluq duyulmurdu, "Qarabağ bizimdir, bizim olacaq!", "Xocalıya ədalət" hayqırtısından Vətənə məhəbbət, düşmənə nifrət yağırdı.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2012.- 1 mart.- S. 5.