Mançesterdə
Xocalı soyqırımı ilə bağlı
yürüş keçirilib
Böyük Britaniyanın Mançester şəhərində Xocalı faciəsinin 20-ci ildönümü münasibətilə etiraz aksiyası keçirilmişdir. Aksiya Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Mançester-Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunmuşdur.
Mançesterdə təhsil alan azərbaycanlı
tələbələr tərəfindən qurulmuş
Mançester-Azərbaycan Cəmiyyəti artıq 2 ildir ki, Azərbaycanın
tanıdılması üçün müxtəlif tədbirlər
keçirir. Bu il də istisna olmayıb və Xocalı faciəsinin
20-ci ildönümü ilə əlaqədar aksiya
keçirilib. Aksiyada azərbaycanlı tələbələrlə
yanaşı, türkiyəli və qazaxıstanlı tələbələr
də fəal iştirak ediblər. Aksiya Mançester Universitetinin əsas binasının
yaxınlığındakı meydanda (University Place)
başlayıb. Tədbir iştirakçıları
"Xocalıya Ədalət - Qarabağa Azadlıq!",
"Erməni aqressiyasına son!", "Bir daha
soyqırımlar yaşanmasın!", "Daha uşaqlar
öldürülməsin!" kimi şüarlar səsləndiriblər.
Azərbaycanlı tələbələr əvvəlcədən
Mançester-Azərbaycan Cəmiyyəti tərəfindən
Xocalı faciəsi haqqında hazırlanmış
broşürləri universitetin müəllim və tələbə
heyətinə təqdim edərək, onlara Xocalı və
Qarabağ münaqişəsi haqqında ətraflı məlumat
veriblər.
Daha sonra
aksiya iştirakçıları Mançester Universitetindən
şəhər mərkəzinə, oradan da Mançester
şəhərinin bələdiyyə binasının
önündəki meydana yürüş ediblər.
Yürüş boyunca ətrafdakı insanlara Xocalı faciəsi
haqqında broşürlər paylanılıb və
yürüşün məqsədi haqqında məlumat verilib.
Bələdiyyə binasının önünə Xocalı
faciəsini əks etdirən plakatlar və qərənfillər
düzülüb. Aksiyanın sonunda Xocalı faciəsi və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında məlumatları özündə
cəmləşdirən bukletlər Mançester şəhərinin
meri Richard Leese-ə təqdim
olunması üçün bələdiyyə təmsilçisinə
verilib.
Kənan
FİRDOVSİOĞLU
Azərbaycan.- 2012.- 1 mart.- S. 5.